Şəfəqə Doğru » Manşet » "Putinin qızları müharibəyə işləyir" - jurnalist araşdırması

"Putinin qızları müharibəyə işləyir" - jurnalist araşdırması

"Putinin qızları müharibəyə işləyir" - jurnalist araşdırması

"Putinin qızının da səhmdarı olduğu "Qeoskan" şirkətinin məhsulu hərbi və ya ikili təyinatlı mallar və xidmətlərin istehsalı zəncirinə inteqrasiya edilib..." "Putinin böyük qızının səhmdarı olduğu özəl klinikada Ukraynada yaralanan muzdlular müalicə və reabilitasiya keçir..." "İnnopraktika" brendi kimi tanınan və Rusiya prezidentinin qızı Katerina Tixonovanın başçılıq etdiyi "Milli İntellektual İnkişaf" (Mİİ) Fondu noyabrın ortalarında dronlar istehsalında öz payını alıb. Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın müstəqil "Vyorstka" nəşri məlumat verib. Məlumatı "currenttime.tv" nəşri yayıb. Söhbət Rusiyada mülki aviasiya pilotsuz uçuş aparatlarının ən böyük istehsalçısı olan "Qeoskan" şirkəti, habelə məlumatların fotoqrammetrik işlənməsi üçün proqram təminatında payından gedir. Noyabrın 16-dan şirkətin 10 faizi "Milli İntellektual İnkişaf" Fonduna məxsusdur. 2023-cü il iyulun əvvəlində Ukrayna "Qeoskan" şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu, onunla bağlı olub ki, "şirkətin məhsulu hərbi və/və ya ikili təyinatlı mallar və xidmətlərin istehsalı zəncirinə inteqrasiya edilib". Bu, Başqırdıstan hökumətinin rəhbəri Andrey Nəzərovun "Qeoksan-Ufa" şirkəti tərəfindən Ukraynada müharibə üçün pilotsuz uçuş aparatlarının yaradılmasını anons edildikdən sonra baş verib, nəşr qeyd edib. Avqust ayında Putin Rusiyada "Kub" və "Lanset" pilotsuz uçuş aparatlarının istehsalını artırmağı tələb edib. "Zərbəsi güclüdür, istənilən, o cümlədən xaricidə istehsal olunan texnika nəinki yanır, həm də döyüş dəstləri partlayır", - o, vurğulayıb. Katerina Tixonova "Milli İntellektual İnkişaf" Fondunun baş direktoru və Moskva Dövlət Universiteti Mürəkkəb Sistemlərin Riyazi Tədqiqatlar İstitutunun direktor müavinidir. "Vajnıye istorii" ("Mühüm tarixçələr") və "Şpiqel" jurnalının araşdırmalarının nəticələrinə görə, 2017-ci ildə Tixonova Rusiyanın balet artisti İqor Zelenskidən (Ukrayna prezidenti Vladimir Zelenski ilə eyni soyadlı) qızı dünyaya gəlib. İqor Zelenski 2016-cı ilin sentyabrından 2022-ci ilin aprelinədək Münhendə yerli opera və balet teatrının balet truppasının direktoru vəzifəsində işləyib. Bu ilin əvvəlində "Azadlıq Radiosu"nun jurnalistləri müəyyən edib ki, Putinin böyük qızı Mariya Vorontsova Ukraynada hərbi əməliyyatlara kömək edir. Belə ki, Sankt-Peterburqda cəbhədə yaralanan muzdluların müalicə və reabilitasiya keçdiyi "Mənim tibb mərkəzim" özəl klinika "Nomeko" şirkətinə məxsusdur, Mariya Vorontsova onun səhmdarıdır. Putinin hər iki qızı Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya, Avstraliya, Kanada və ABŞ-ın sanksiyaları altındadır.