“Qızılca xəstəliyinə ciddi yanaşılmalıdır”.
Bunu “Report”a açıqlamasında pediatr Günay Rəsulova deyib.
Son günlər ölkədə qızılcaya yoluxma sayında artımla bağlı danışan pediatr qeyd edib ki, qızılca daha çox uşaqlar arasında görünən infeksion xəstəlikdir. Bu xəstəliyə yoluxan və onu ağır keçirən uşaqların, demək olar ki, hamısı sırf bu xəstəliyə görə peyvənddən kənarda qalanlardır.
“İmmuniteti güclü olan uşaqlar bu xəstəliyə qalib gələ bilir. Əks halda, xroniki xəstəliyi, allergik problemləri olan və hər hansı bir immundefisit problemi yaşayan, anadangəlmə ürək qüsuru, böyrək xəstəliyindən əziyyət çəkən uşaqlar bu xəstəliklərə görə yüksək riskli uşaqlardır. Qızılca elə bir infeksion xəstəlikdir ki, bu xəstəliyə yoluxub sağalsa belə, illər sonra həmin xəstəliyi keçirmiş uşaqda ağır nevroloji xəstəlik yarana bilər. Odur ki, bu xəstəliyə ciddi yanaşılmalıdır və tək yolu peyvənddir", - pediatr bildirib.
Onun sözlərinə görə, bu xəstəliyə yoluxma hallarında ağır pnevmoniya yarana bilir: “Bəzən ailələr deyirlər ki, həkimlər xəstəni sağalda bilmədi. Halbuki tibb dünyası bu xəstəliyi sağalda bilmir. Biz bu xəstəliyə yoluxan şəxsləri itirə bilərik. Qızılcaya yoluxan şəxslərdə ağırlaşmalar zamanı ciyərlərdə pnevmoniya yaranır, otit, beyin toxumasının zədələnməsi ilə uşaq tələf ola bilir. Odur ki, hələ gec deyil. Nə qədər ki, bu xəstəlik ölkəmizdə yayılmayıbsa, peyvənddən kənarda qalan uşaqlar varsa, valideynlər aparıb dövlət poliklinikalarında uşaqlarına peyvənd vurdursunlar".
Həkim əlavə edib ki, qızılcanın müalicəsi yoxdur. Peyvənd ən önəmli çıxış yoludur: "Peyvəndləmə Səhiyyə Nazirliyi tərəfindən 2022-ci ildə yenilənmiş peyvənd təqvimi ilə aparılır. Adətən peyvənd təqvimi 12 aydır, amma epidemiya və ya təmas olan vaxtı riskli period varsa, 9-12 ay arası da uşağa peyvənd vurula bilər. Daha erkən peyvənd vurma zərurəti yaranıbsa belə, mütləq 1 yaşda ikinci doza vurulmalıdır. İkinci doza isə adətən 4-6 yaş arası olur. Qızılca peyvəndi ikinci doz vurulduqdan sonra yüksək qoruculuğa malik olur. Əgər uşağa qızılcaya qarşı bir doza peyvənd vurulubsa, ikinci doza da vurulmalıdır. Bundan başqa, məktəbdə və ya sinifdə bir uşaqda qızılca xəstəliyi varsa, digər sinif yoldaşları əgər peyvəndsizdirsə, yaxın üç gün ərzində mütləq peyvənd olunmalıdır. Bu zaman ətrafdakılar xəstəliyə yoluxsa belə, onlar bunu yüngül keçirəcəklər. Qızılca xəstəliyinin müalicəsində sadəcə yüksək miqdarda vitamin A-dan istifadə edilir. Təəssüflər olsun ki, bu xəstəliyin xüsusi bir müalicəsi yoxdur".
Pediatr bu xəstəlikdən qorunmağın yollarını peyvənddən əlavə, gigiyenik qaydalara riayət etməkdə görür: “Qapalı və insanların sıx olduğu yerlərə mümkün qədər uşaqlar aparılmasın. Valideynlər mütləq bağçaya, məktəbə gedən uşaqların peyvənd təqviminin tam olub-olmamasını yoxlasınlar. Uşağın sağlam qidalanması, immuniteti düşürən zərərli qida alışqanlıqları varsa, tərgidilməlidir. Uşağın günlük qidalanma rejiminə fikir verilməli, giyiyenik qaydalar aşılanmalıdır”.
Böyüklərin qızılcaya yoluxmasına gəlincə, G.Rəsulova qeyd edib ki, onlar da uşaqlar kimi bu xəstəliyin eyni simptomlarını daşıyır: “Ağırlaşmalar pnevmoniya və insafalitlə ola bilər. Yaşlı şəxslər, immun sistemi zəif olan insanlar bu xəstəliyə yoluxarsa, onlar bunu daha ağır keçirə bilərlər. Böyüklərdə peyvəndin effektivliyi ketdikcə azaldığına görə xəstəlikdən qorunmaq üçün təkrar peyvənd olunmanın faydası var”.