Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.
Shafaqadogru.com “Qafqazinfo”ya isdinadən məlumatına görə, iş üzrə ittiham olunanlardan dörd nəfərin işi eyni icraatdadır.
Bunlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov, eyni idarənin zabiti Vüsal Əlizadədir.
Bakı Hərbi Məkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən bu dəfəki iclasda Maliyyə və Büdcə İdarəsinin Nəzarət-Təftiş Şöbəsinin sabiq müdiri polkovnik Rəfail Xələfov ifadə verib.
R.Xələfov özü də ayrıca icraata götürülmüş istintaqı davam edən digər cinayət işi üzrə ittiham olunur.
Xələfov deyib ki, işlədiyi müddətdə rəhbərlik tərəfindən ümumi “qayda” olub, o, da digərləri kimi həmin qayda üzrə işləyib. Onun sözlərinə görə, hərbi-hissələrdə aparılan təftiş zamanı külli miqdarda pullar mənimsənilib. Bundan əlavə çatışmayan ödənişlərlə bağlı hərbi hissələrdən pul yığılıb.
R.Xələfov ifadəsinin davamında mənimsəmə faktları ilə bağlı danışıb:
“Dövlət pul ayırırdı, bizim maliyyə idarəsi də bölgü aparırdı. Tutaq ki, bir hərbi-hissəyə 10 min ayrılırdısa, onun 2 mini Maliyyə idarəsinin rəisinə verilirdi. Məsələn, N saylı hərbi-hissədə 1 milyon 700 min manat mənimsəmə olmuşdu. Bundan əlavə 3 aya təkcə Təlim-Tədris Mərkəzində 470 min manat mənimsəmə ortaya çıxmışdı. Həmçinin, yadımdadır ki, çatışmayan ödənişlərə görə hərbi hissələrdən 600 min manat yığılmışdı”.
Şüşə qəfəsdə əyləşən 4 nəfər müttəhim isə Xələfovun dediklərini qəbul etmirlər. Onlar bütün məsələlərin Nizami Məmmədova bağlanılmasına etiraz edirlər. Məsələn, təqsirləndirilən Cəlal Kazımov deyir ki, onlara bütün göstərişləri Məmmədov deyil, həm də Xələfov verib.
Prosesə ayrılmış vaxtın demək olar əksər hissəsi isə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə ilə polkovnik Xələfov arasında sorğu-sualla davam edib.
Xələfov vəkilin bir neçə sualına “xatırlamıram”, “mənə aidiyyatı yoxdur”, “bu suala cavab vermirəm” kimi cavablar verib.
Müdafiəçi məhkəmənin diqqətinə çatdırıb ki, müvəkkilinə böyük məbləğdə ittiham verilib, onun da bir çox hissəsi Rafael Xələfovun epizodu ilə bağlıdır. Buna görə də sualları cavablanmalıdır.
Vəkili maraqlandıran məsələlərdən biri, Maliyyə və Büdcə İdarəsinin Nizami Məmmədovdan əvvəl də eyni qayda ilə işləyib-işləməməsi ilə bağlı olub. Vəkil bunu ona görə, maraqlanır ki, iş üzrə ifadə verən şahidlər ifadələrində N.Məmmədovdan əvvəl də eyni qaydalar olduğunu deyiblər.
“Əvvəllər də var idi, amma Nizami Məmmədov gələndən sonra biraz dəyişdi”,- Xələfov cavabında deyib.
“İttihamda yazır ki, sizin dövrdə 143 min manat yeyinti olub. Nə deyə bilərsiz bu barədə?”,- vəkil Mirmehdizadə soruşub.
Xələfov 143 milyon yeyinti olmasının inandırıcı olmadığını deyib.
Vəkil Mirmehdizadə Xələfovun digər təqsirləndirilən şəxslərlə üzləşməsi epizoduna toxunub. Müdafiəçinin dediyinə görə, üzləşmələr zamanı bəzi ziddiyyətli məqamlar ortaya çıxıb.
Bu vaxt polkovnik təmkinini pozaraq yeyintidə əli olan bəzi şəxslərin kənarda qalmasına eyham vurub:
“Təkcə Nizami ilə mən yemişəm? Hamı qorxusundan çəkilib durub qıraqda. Hələ gəlib at kimi üzümə dururlar.“
Vəkil Mirmehdizadənin sorğu-sual əsnasında deyib ki, Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi Rəşad Məlikzadə ifadəsində bildirib ki, Rəfail Xələfova özü üçün “Range Rover” markalı avtomobil alması üçün o pul verib. Xələfov bunun yalan olduğunu, R.Məlikzadənin ilkin istintaq vaxtı nə gəldi danışdığını deyib.
Müdafiə tərəfi ifadə verən şəxslə bağlı digər epizodlarda da ziddiyətli məqamlar olduğunu , buna görə əvvəlki ifadənin elanına ehtiyac yarandığını deyiblər.
Həmin ziddiyətli məqamlardan biri təqsirləndirilən Cəlal Kazımovla bağlıdır. Lakin Xələfov Kazımovla bağlı ümumiyətlə danışmaq istəmədiyini deyib. Kazımovun “sən kimsən ki, mənim haqqımda danışasan” deməsi isə onlar arasında sözlü mübahisə yaradıb:
“Deyirsən ki, guya Nizami Məmmədovun otağında olmamısan. Sən birbaşa baş qərargah rəisinin (general-polkovnik Nəcməddin Sadıkov-red) otağına girib-çıxan adam idin”,- R.Xələfov belə deyib.
Sonda prosesə sədrlik edən hakim Xələfovdan işlədiyi dövrdə qoyulan “qaydalardan” baş qərargah rəisinin xəbəri olub-olmadığını soruşub. Qarşı tərəf hakimin sualına qısa olaraq “bu barədə nə isə deyəmmərəm” cavabını verib.
Növbəti iclas R.Xələfovun istintaqa verdiyi ifadənin elan edilməsi ilə davam edəcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.
Sail Ağasəlim