Məlum olduğu kimi, hələ 2014-cü ildən Rusiya ordusunun hədəfində olan, 2022-ci ilin fevralından etibarən isə daim hücumlara məruz qalan Donetsk vilayətindəki kiçik Avdeyevka yaşayış məntəqəsi hələ də təslim olmayıb.
Baxmayaraq ki, son iki ayda Rusiya bu istiqamətdə yüzlərlə hərbi texnika və on minlərlə canlı qüvvə itirib, digər istiqamətlərdəki hərbi qüvvələrini buraya yönəldərək, saysız-hesabsız hücumlar təşkil edib. Artıq bu istiqamətdə Rusiya ordusunun verdiyi itkilər o həddə çatıb ki, Rusiyada əhali arasında bununla bağlı ciddi etirazlar baş qaldırmağa başlayıb.
Shafaqadogru.com xəbər verir ki, Rusiyanın tanınmış “Vajnıye istorii” nəşrinin yazdığına görə 100-dən artıq rusiyalı əsgər anası və hərbçilərin digər yaxınları Vladimir Putinə məktub ünvanlayıblar.
Məktubda deyilir ki, onların Avdeyevka ətrafında döyüşən övladlarına və yaxınlarına Putinin dekabrın 14-də keçiriləcək birbaşa mətbuat konfransına qədər nə yolla olursa-olsun Avdeyevkanı almaq tapşırığı verilib və buna görə də komandirlər onları əsl mənada “ət maşınına” atırlar. Yazıda qeyd olunur ki, hətta rusiyalı komandirlər yaralı əsgərləri döyüşə ataraq, onlara “səngərlərdə sağalmağı” əmr edir.
Məktub müəlliflərinin qeyd etdiyi kimi, səfərbər olunanlar 10 aydan artıqdır ki, Avdeyevkanın 700 metrliyində cəbhə xəttində səngərlərdə yaşayır və daim atəş altındadırlar.
Döyüşçülərin yaxınlarının verdiyi məlumata görə, noyabrda hücumun aktiv mərhələsi başlayandan sonra komandanlıq orta dərəcəli xəsarət almış hərbi qulluqçuların hücum bölmələrinə göndərilməsi barədə əmr verib: "Onlar tələsirlər, nə qədər ki ukraynalılar öz aralarında mübahisdə edirlər, Putinin birbaşa mətbuat konfransına və Yeni il bayramına qədər nəticə əldə etmək lazımdır. Hamı deyir ki, Avdeyevka götürüləcək və daha sonra danışıqlar başlayacaq".
Digər vacib istiqamətlərdən qoşunların Avdeyevkaya gətirilməsi və hətta Baxmutdan da dəfələrlə kiçik olan bu yaşayış məntəqəsi uğrunda kütləvi itkilər verilməsi, buna baxmayaraq, hücumların davam etdirilməsi bu iddiaları təsdiqləyir. Belə görünür ki, doğrudan da Putinə ənəvi böyük mətbuat konfransı və Yeni il bayramı öncəsi hətta Avdeyevka səviyyəsində olsa belə, kiçik “qələbə” lazımdır. Bunun üçün nə qədər rusiyalının ölməsi və şikəst olması isə əhəmiyyətli deyil. Oxşar mənzərə ilə Rusiya işğalı başlayandan sonra dəfələrlə rastlaşmışıq. Avdeyevkanın işğal edilməsindən(əgər mümkün olsa) sonra danışıqların başlanacağına dair deyilənlər isə kifayət qədər mübahisəli görünür...