Şəfəqə Doğru » Manşet » Böyük müharibə qapıda - Azərbaycanı gözləyən təhdidlər

Böyük müharibə qapıda - Azərbaycanı gözləyən təhdidlər

Böyük müharibə qapıda - Azərbaycanı gözləyən təhdidlər

Siyasi şərhçi: “2024-cü il bəzi əcnəbi ekspertlər tərəfindən də yeni münaqişələr, müharibələr ili kimi göstərilir”

ABŞ prezidenti Co Baydenin administrasiyası Yaxın Şərq münaqişəsinin genişlənərək bütün Yaxın Şərq regionuna yayılacağı təqdirdə cavab tədbirləri hazırlayır. 

Bu barədə “Politico” nəşri özünün məlumatlı mənbələrinə istinadən yazıb. Bildirilir ki, son günlər İraq, Livan və İranda baş verən toqquşmalar nəticəsində münaqişənin genişlənmə ehtimalı artır. Mənbələrin dediyinə görə, bu, ABŞ administrasiyasının rəsmilərini münaqişənin rəsmi olaraq Qəzza zolağının hüdudlarından çox-çox kənara yayıldığına inandırıb.

Qeyd olunur ki, hazırda ABŞ ordusu Qırmızı dənizdə ticarət gəmilərinə dəfələrlə hücum edən Yəmən husilərinə cavab tədbirləri planı hazırlayır. Kəşfiyyat rəsmiləri öz növbəsində İraq və Suriyada ABŞ qüvvələrinə qarşı gələcəkdə mümkün hücumları proqnozlaşdırmağa və qarşısını almağa, həmçinin husilərin gələcək hücumları üçün mümkün hədəfləri müəyyənləşdirməyə çalışırlar. Mənbələr həmçinin bildiriblər ki, ABŞ aylardır pərdə arxasında Tehranı öz proksi qüvvələrinin hücumlarını dayandırmağa inandırmağa çağırıb, lakin husilərin hücumlarını dayandıracağına dair hələ heç bir əlamət yoxdur. “Politico” habelə vurğulayır ki, genişlənən Yaxın Şərq münaqişəsi təkcə regional təhlükəsizliyi yox, prezident Baydenin yenidən seçilmək şansını da təhdid edir. Nəşrin qənaətincə, məhz 2024-cü ildəki prezident seçkisində seçicilər xarici siyasətin əsas məsələsi - Amerikanın xarici münaqişələrdə iştirak etməli olub-olmaması barədə öz sözünü deyə bilərlər. Belə çıxır ki, bölgədə böyük müharibə yaxınlaşır? Azərbaycana bunun yaxın-uzaq təsirləri hansı şəkildə ola bilər?

Azər Badamov: "Onların çıxışını təmin etmək üçün dəhliz də açılır"

Azər Badamov

Deputat Azər Badamov hesab edir ki, bu müharibələr bütün ölkələrə mənfi təsir edir: “Dünyada baş verən müharibələrin ssenarisi ABŞ-da cızılır. ABŞ dəstək adı ilə ölkələrə girir və münaqişələri qızışdırır. O cümlədən Ukraynada davam edən müharibənin belə uzun çəkməsi də ABŞ-ın maraqlarından irəli gəlir. Amma ABŞ bu müharibədə Rusiyanın belə ciddi müqavimət göstərə biləcəyini nəzərə almamışdı və ona görə bu gün Ukraynaya dəstəyinin davam etdirilməsində çətinlik yaşayır. O cümlədən İsrail-HƏMAS müharibəsinin ssenarisi də ABŞ tərəfindən cızılıb. Artıq 10 minlərlə günahsız fələstinli bu müharibənin qurbanına çevrilib. Bu müharibənin də nə vaxt başa çatacağı məlum deyil. Belə ki, müharibənin miqyası günü-gündən genişlənməkdədir. ABŞ-ın İraq və Suriyadakı hərbi bazaları mütəmadi olaraq dron hücumlarına məruz qalır. Dünya ticarətində əsas rol oynayan logistik marşrutun keçdiyi Qırmızı dənizdə də hər gün gəmilərin hücuma məruz qaldığını görürük. Artıq müharibə ABŞ-ın nəzarətindən çıxmağa başlayıb və üçüncü dünya müharibəsi astanasına gəlib çıxıb. Belə davam edərsə, müharibəyə qatılacaq dövlətlərin sayının artacağını təxmin edirəm. 

Bayden administrasiyası ABŞ-ın başlatdığı müharibələrdə düçar olduğu uğursuzluqların çətinliyini yaşayır. Qarşıdan isə ABŞ-da prezident seçkiləri gəlir. Baydenin yenidən seçilib-seçilməyəcəyi sual doğuracaq. Çünki seçicilər seçkidə öz namizədini seçməklə ABŞ-ın başlatdığı  müharibələrin davam etdirilib-etdirilməməsinə öz münasibətlərini bildirəcəklər. Dünya müharibələrdən yorulub. Yer kürəsi də müharibələrə dözə bilmir. Ona görə də çox sürətlə iqlim dəyişiklikləri baş verir. Təbiət insana qarşı dayanmağa başlayıb. Müharibələrin əhatə dairəsinin daha da böyüyəcəyi təqdirdə bəşəriyyət böyük faciələrlə qarşılaşacaq. O cümlədən Azərbaycan da dünyanın bir parçasıdır. Dünyada baş verənlər ölkəmizə də təsirsiz ötüşmür. Düzdür, hökumət ölkə iqtisadiyyatına xaricdən gələn mənfi təsirləri azaltmaq üçün tədbirlər görür. Amma bütün təsirləri neytrallaşdırmaq mümkün olmur və  təsirsiz ötüşmür. Ona görə də dünya birliyi bəşəriyyəti qorumaq üçün həmrəylik nümayiş etdirməli və müharibələrin dayandırılması üçün səfərbər olunmalıdır. Əks halda, bu müharibələrdən bütün ölkələr əziyyət çəkəcək".

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bir sıra müharibələrin anonsunu verdi: “2024-cü il bəzi əcnəbi ekspertlər tərəfindən də yeni münaqişələr, müharibələr ili kimi göstərilir. Dünyanın müxtəlif coğrafi nöqtələrində yeni gərginlik ocaqları yarana bilər. Bu, Afrika və ya Uzaq Şərqdə ola bilər. Tayvan ABŞ-Çin qarşıdurmasının nöqtəsi ola bilər. Necə ki, Ukrayna ABŞ-Rusiya qarşıdurmasının meydanına çevrildi. Yeni yaranan ocaqlardan biri Zəngəzurda ola bilər. Bir çox türkiyəli və bəzi avropalı, amerikalı ekspertlərin fikrincə, əgər Qəzza bölgəsində İsrail qısa müddətdə ciddi uğur qazanmasa, bu müharibə uzana bilər, uzandıqca da ABŞ-ın regiona müdaxiləsi daha geniş miqyasda gercəkləşə bilər. Belə olan halda da böyük Yaxın Şərq müharibəsinə əvvəl proksi qüvvələr, sonra da onların sahib ölkələri qoşula bilər. İsrail Fələstin bataqlığında dərinləşsə, yəhudi dövlətinə dəstək naminə ABŞ ora ordusunu yeridə bilər. Buna cavab olaraq da Türkiyə Qəzza zolağına girə bilər. Düzdür, hələlik bu cür proqnozlar inandırıcı görünmür, amma inandırıcı görünməyən bir andaca gercəkləşə bilər”.

Fuad Heydər.jpg (77 KB)

Politoloq Fuad Heydər bildirdi ki, dünya çox ciddi böhran içindədir: “Elə bir mərhələyə qədəm qoymuşuq ki, 1 saat sonra nələrin ola biləcəyini proqnozlaşdırmaq demək olar ki, mümkünsüzdür. Hazırda dünyanın ən qaynar nöqtələri Rusiya-Ukrayna cəbhəsi və Yaxın Şərq regionudur. Hər iki cəbhədə də ABŞ bu və ya digər şəkildə iştirak edir. Bu isə təbii ki, o qədər də asan deyil. Xüsusilə də kimin kim olduğu bilinməyən Yaxın Şərqdə savaş aparmaq olduqca mürəkkəbdir. Məsələni bir neçə aspektdən dəyərləndirmək olar. 

Əvvəla, ABŞ bütün bunların ən böyük səbəbkarlarından biridir. Belə ki, 21-ci əsrin başlanğıcında ABŞ ordusunun İraqa daxil olması ilə Yaxın Şərqdə hələ uzun illər davam edəcək böhran yarandı. O da maraqlıdır ki, bu böhrandan ən çox yararlanan İran oldu. Həmin İran ki, bu gün ABŞ onun proksi qüvvələrinə qarşı savaş aparır. Digər tərəfdən, bölgədə artıq böyük müharibə çoxdan başlayıb. Sadəcə olaraq, hazırda mübarizə rəsmiləşməyib. Anlaşılan odur ki, İkinci Dünya müharibəsindən sonra beynəlxalq sistem tıxanıb və dünya yenidən dizayn olunur. Bu, ağrılı və mürəkkəb mərhələdir. Bayden administrasiyasına gəlincə isə bu tipli məqalələr daxili auditoriyaya da hesablanıb. ABŞ növbəti seçkilərə hazırlaşır. Baydenin rəqibi isə yenidən Tramp olacaq. O, öz proqramında bildirir ki, biz gəldikdən sonra savaş bitəcək, Avropanın təhlükəsizliyi üçün NATO-ya milyardlar xərclənməyəcək. Bütün bunlar amerikalıları cəlb edir. Anlamaq lazımdır ki, ABŞ vətəndaşını bu gün Ukraynadan və ya Avropanın hansısa ölkəsinin təhlükəsizliyindən çox onun yaşam səviyyəsi maraqlandırır...

Məsələnin bizim üçün ən vacib tərəfi isə Azərbaycanla bağlı olandır. Hazırda bölgədə və dünyada cərəyan edən hadisələr hər bir ölkəyə təbii ki, təsirsiz ötüşmür. Lakin bütün bunlardan minimum ziyanla çıxmaq da vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin dərin siyasi biliyi və uzaqgörənliyi sayəsində Qarabağ məsələsi çox doğru zamanda öz həllini tapdı. Çünki qızıl ortanı tuta bilməsəydik, problemlər də yarana bilərdi. Ona görə də şanslıyıq ki, ölkəni İlham Əliyev kimi dünya miqyasında qəbul və hörmət edilən lider idarə edir. Digər məsələ isə quru sərhədlərin bağlı qalması yerində atılmış bir addım idi. Bu gün cənubumuzda baş verən hadisələri çox diqqətlə izləyirik. Əgər Azərbaycanın İranla quru sərhədləri bağlı olmasaydı nələr ola bilərdi?.."

Cavanşir ABBASLI
“Yeni Müsavat”