Şəfəqə Doğru » Manşet » Qəzza zolağında keçmiş polis polkovniki olan qadın terrorçu-kamikadze öldürülüb

Qəzza zolağında keçmiş polis polkovniki olan qadın terrorçu-kamikadze öldürülüb

Qəzza zolağında keçmiş polis polkovniki olan qadın terrorçu-kamikadze öldürülüb

İsrail Müdafiə Ordusu Hava Qüvvələrinin Qəzza zolağını bombalaması nəticəsində intifadanın (fələstinlilərin İsrailə qarşı müqaviməti belə adlanır) simvollarından sayılan polis polkovniki Vəfa əl-Bas (Wafa al-Bas) ölüb. Bu şəxs həm də “uğursuz terrorçu-kamikadze” adlanır.

Bildirilib ki, İsrail Müdafiə Ordusu Hava Qüvvələri onun yaşadığı evi bombalayıb. Hadisə yanvarın 10-da baş versə də, Vəfa əl-Basın ölüm xəbəri yanvarın 11-də yayılıb.

Məlumata görə, o, son illər Fələstin təhlükəsizlik qüvvələrinin polkovniki sayılırmış.

Qeyd edək ki, Vəfa Samir İbrahim əl-Bas 1984-cü ildə Qəzza zolağının Cabaliya rayonunda anadan olub. Əl-Qüds Universitetinə daxil olub. 2004-cü ilin dekabrında partlayış nəticəsində ağır dərəcədə yanıb. Sonralar Fələstin Azadlıq Təşkilatına (FƏTH) qoşulub.

Vəfa əl-Bas tibbi prosedurlarla əlaqədar 2005-ci il iyunun 20-də İsrail ərazisinə daxil olmaq üçün icazə alaraq Erez keçid məntəqəsinə gəlib. O, paltarının altında təxminən 10 kq partlayıcı maddə olan “intihar kəməri” gizlədibmiş. Ancaq gənc qadının hərəkətləri mühafizəçilərin şübhələrinə səbəb olub. Vəfa əl-Bas təhlükəsiz zonada saxlanılaraq paltarını çıxarmağa məcbur edilib. Axtarış zamanı partlayıcı qurğunu işə salmağa cəhd etsə də, buna nail ola bilməyib. “İntihar kəməri” terrorçunun özünə və başqalarına heç bir zərər vurmadan üzərindən çıxarılıb. Ona görə də Vəfa əl-Bas “uğursuz intiharçı” adlanırmış.

O, özünü FƏTH-in hərbi qolu sayılan “Əl-Əqsa şəhidləri taboru”nun üzvü sayırmış. HƏMAS-la FƏTH arasında mübahisədən sonra Qəzza zolağına göndərilib. 2008-ci ildə İsrail məhkəməsi onu 12 il müddətinə azadlıqdan məhrum edib. 2011-ci ildə İsrail əsgəri Şalitlə mübadilə zamanı həbsdən azad edilib. O, sonralar ailə həyatı qurub, övladları da var. Vəfa əl-Bas polis polkovniki rütbəsinədək xidmət edib.