Şəfəqə Doğru » Manşet » Taksilərin qiyməti kəllə-çarxa qalxdı-4 manat yerinə 15 manat: “2-3 manata niyə aparsın ki, evdə oturub çayını içər də”-ÖZƏL

Taksilərin qiyməti kəllə-çarxa qalxdı-4 manat yerinə 15 manat: “2-3 manata niyə aparsın ki, evdə oturub çayını içər də”-ÖZƏL

Taksilərin qiyməti kəllə-çarxa qalxdı-4 manat yerinə 15 manat: “2-3 manata niyə aparsın ki, evdə oturub çayını içər də”-ÖZƏL
Ölkə ərazisinin qara bürünməsi bir çox problemlərə yol açıb. Yollarda nəqliyyatın hərəkəti çətinləşsə də, aidiyyatı qurumlar bu problemləri tezliklə həll etməyə müvəffəq olub. Təkcə həllini tapmayan problem taksilərin qiymətinin süni artırılmasıdır. Fürsəti ələ verməyən sürücülər taksi qiymətlərini 4, bəzən isə 5 dəfə artırıblar. Bizə gələn oxucu məktublarının çoxunun da şikayəti bu haqdadır. Oxucularımızdan biri 3 manata getdiyi yolu taksi sürücüsünün onu 20 manata apardığını bildirib.
 



Ekspert Xalid Kərimli Moderator.az -a açıqlamasında bildirib ki, ölkəmizdə taksi qiymətləri digər ölkələrə nisbətən ucuzdur.
“Burada fürsətdən heç bir istifadə halı yoxdur. Buzlu yollarda, soyuq havada taksi sürücülərinin xərcləri artır. İkincisi tələbat yüksək olur. Şəxsi maşınlardan istifadə azalır, taksilərə müraciət edirlər. Tələbat həddindən artıq yüksəlir. Şəxsi maşınları sürməyənlər də qəzanı, riski düşünürlər. Azərbaycanda taksi qiymətləri çox ucuzdur. Nəzərə alsaq ki, maşın da xaricdən gəlir, benzinin qiyməti də dünya bazarında olduğu kimidir. Azərbaycanda taksi bazarında çox güclü rəqabət var, qiymətlər kifayət qədər yaxşıdır. Bir tək taksi sürücüsü azərbaycanlıdır, qalan hər şeyin qiyməti dünya bazarında formalaşır. Taksini Avropadan, Yaponiyadan gətiririk. Taksi də insandır, əlavə gəlir, qazanc əldə etmək üçün öz həyatını təhlükəyə atır. Taksi lüks qiymətdir, qapıdan mindirib, qapıya düşürdür. Biz taksidən istifadə etməyə bilərik, bizi heç kim məcbur etmir. Bunun üçün də burada hər hansı ədalətsizlikdən, fürsətdən istifadədən getmir. Normal bazar qiymətləridir. Tələbat, risk artanda qiymətlər artmalıdır. Adam 2-3 manata görə niyə işləsin ki? Evində oturub isti çayını içər də” deyə ekspert bildirib.
 
Nəqliyyat eksperti Ərşad Hüseynov Moderator.az -a bildirib ki, buna dövlət nəzarət etmədiyi üçün müəyyən fürsətdən istifadə halları yaranır.
“Sürücülər bilirlər ki, qarlı, buzlu hava şəraitində yanacaq sərfiyyatı bir az artır. Digər tərəfdən belə təhlükəli yolda hərəkət etmək daha risklidir. Avtomobildə texniki problemlər ola bilər, yol nəqliyyat hadisələri baş verə bilər. Sürücü də mənəvi, fiziki baxımdan çox əziyyət çəkir. Belə şəraitdə taksilərdə qiymətin ağlabatan dərəcədə artması (50 faiz) başadüşüləndir. Bu ağlabatan dərəcədə artmaq hər kəsin qəbul edəcəyi həddə olmalıdır. Ən maksimum qiymət iki dəfə arta bilər. Amma gedişhaqqının 4-5 dəfə artırılması halı artıq başadüşülən deyil. Burada sui-istifadə meyllərinin olduğu aşkardır. Nəzərə almaq lazımdır ki, ölkəmizdə taksilərdə gediş haqqı dövlət tərəfindən tənzimlənmir. Ona görə də bu qiymətlərə nəzarət edəcək qurum yoxdur. Bu problemləri hansısa şirkətlər yaradanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var. İstehlakçı hüquqları ilə bağlı şikayətçilər həmin agentliyə müraciətlər ola bilərlər. Yaxşı olardı ki, bu agentlik də araşdırma aparsın, konkret tövsiyyələr versin. Digər tərəfdən taksi sürücüləri özləri bilməlidirlər ki, belə davranış bütövlükdə cəmiyyətin taksi fəaliyyətinə etimadını azaldır. Taksi sürücülərinin bu tip yanaşmaları bütövlükdə Azərbaycanda bu işlə məşğul olan insanların hamısına cəmiyyətdə eyni cür yanaşmanın ortaya çıxmasına səbəb olur” deyə ekspert bildirib.