ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Respublikaçılar Partiyasının Ayova ştatında keçirilən ilkin səsvermədə qalib gəlib.
ABŞ-də prezident seçkisi yarışının ənənəvi olaraq başladığı Ayova ştatında Respublikaçı namizədləri bir-birinə qarşı qoyan praymeriz (ilkin səsvermə) başa çatıb.
Qeyri-rəsmi nəticələrə görə, Tramp rəqibləri olan Florida qubernatoru Ron Desantisi və ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylini geridə qoyaraq Ayova ştatında üstünlük əldə edib.Partiya iclasları şəklində keçirilən ilkin səsvermədə Tramp 51 faiz səslə rahat qələbə qazanıb.
Desantis 21 faizdən bir qədər çox səs toplayaraq ikinci, Heyli isə 19 faiz səslə üçüncü olub.
Digər tərəfdən, Respublikaçılardan digər namizəd Vivek Ramasvami 7,7 faiz dəstək alıb. Nəticələr açıqlandıqdan sonra mətbuat konfransı keçirən Ramasvami yarışdan çəkildiyini və Trampı dəstəkləyəcəyini açıqlayıb.
ABŞ-də növbəti səsvermə yanvarın 23-də Nyu-Hempşir ştatında keçiriləcək və iyunun 8-dək davam edəcək.
Mənbə: Haber Global