Şəfəqə Doğru » Manşet » 20 ildir ilanlarla “dostluq” edən Anar: “200-ə yaxın ilanım olub, gürzələri saxlamaq asandır”-FOTOLAR+MARAQLI

20 ildir ilanlarla “dostluq” edən Anar: “200-ə yaxın ilanım olub, gürzələri saxlamaq asandır”-FOTOLAR+MARAQLI

20 ildir ilanlarla “dostluq” edən Anar: “200-ə yaxın ilanım olub, gürzələri saxlamaq asandır”-FOTOLAR+MARAQLI

Serpantoloq Anar Cəfərov Moderator.az-ın suallarını cavablandırıb. -Anar bəy, neçə ildir bu işlə məşğulsunuz və sizdə bu sahəyə necə həvəs yarandı? -2004-cü ildən ilanları öyrənməklə məşğulam. Bu il artıq 20 il olacaq. -İlanlardan çox insan qorxur. Əslində onlardan qorxmaq lazımdır yoxsa? -İlanlardan qorxmaq yox, ehtiyat etmək lazımdır. İlanların əksər növlərində az və ya çox dərəcədə zəhər olur. Ehtiyatsızlıqdan insanı sancmaqla ona xəsarət yetirə bilərlər. -Bir məsəl var, “su içən insanı ilan da sancmır”. Bu nə dərəcədə doğrudur? -Bu deyim əslində düz deyil. İlan üçün belə bir anlayış yoxdur. İlan üçün onun qarşısına çıxan ya ovdur, ya da düşmən. Gürzələr qarşısına çıxan canlını demək olar ki, hiss edir və həcmindən asılı olaraq düşmən yaxud da ov kimi qəbul edir. İstənilən halda o zəhərindən istifadə edə bilər. Əgər hərəkət edən canlıdırsa, ona doğru gəlirsə, (məsələn siçan, quş və s).o istiliyindən hiss edir ki, həcmi xırdadır. Deməli onu qida kimi qəbul edib, hücum edir. Əks halda, insan bilmədən ilana doğru gəldikdə, ilan onun həcmini hiss edir və bilir ki, bu qida deyil, düşməndir. Belə olan halda ilan zəhərindən istifadə edib, özünü qoruyur, insana xəsarət yetirir. -İlanlarla əksər hallarda dost olursunuz. Yola getmədiyiniz hallar da yaşanıbmı? -İlanla əslində dost olmaq mümkün deyil. Çünki bunlar vəhşi təbiət sayılır. İlanları əhliləşdirmək də mümkünsüzdür. Onların içərisində nisbətən gürzələr əhliləşdirilir. Buna əhliləşdirmək də demək olmaz, insana vərdiş edir. Xırdalığından saxlayanda o qarşısındakı insanı iyindən, görünüşündən yadında saxlayır. İlanların yaddaşı güclü olur. Bu vərdişi dırnaqarası “dostluq” kimi qəbul edə bilərik. Əksər hallarda ilanlar o şəxsi də düşmən kimi qəbul edirlər. İlanın gözləmədiyi halda “dostu” dediyimiz şəxs ona cəld hərəkətlərlə yaxın gəlsə, ilan həmin şəxsi yenə də düşmən kimi qəbul edəcək. İlanlarda görmə çox zəifdir. İlanlar üçün dost anlayışı yox, təhlükə və ya qida var. -Bildiyim qədərilə siz də yaşadığınız mənzildə ilan saxlayırsınız.. İlan saxlamağın hansı çətinlikləri var? -Hal-hazırda artıq evdə ilan saxlamıram. Çünki ayrıca ofis yerim var, ilanları ora köçürmüşəm. Hazırda həyət evində yaşayıram, amma əvvəl bina evində qalanda saxlayırdım. Qış fəsli olduğuna görə zəhərli ilan saxlayıram. 10 növ ilandır. Üzü yazdan başlayaraq ilan çox olur. Bəzən elmi-tədqiqat işləri üçün ilan istəyəndə verirəm. Heyvanat parkından da ilan istəyirlər. Gücüm çatdığı qədər, yemləyə biləcəyim qədər növlər saxlayıram. Ərazilərdən tutduğum ilanları birbaşa təbiətə buraxa bilmədiyimiz üçün bəzən sayları 200-ə qədər də çatır. Təbii ki, müəyyən bir qismini saxlayırıq. Bəzilərini tədqiqat edirik, bəzilərini isə sadəcə dost-tanış maraqla izlədiyi üçün saxlayırıq. İlanlar gizli həyat yaşayır. Gürzələri saxlamaq daha rahatdır. Onlar elə də kaprizli deyillər. Qidanı, suyu vaxtlı-vaxtında verəndə, yerlərini təmiz saxlayanda onlar özlərini rahat hiss edirlər. Digər ilanların saxlanmasında problem odur ki, gizli həyat yaşadıqlarından, onları ev şəraitində saxlamaq olduqca çətindir. Gərək onlara elə bir şərait yaradılsın ki, daim gizlənsinlər. Açıqlıqda, göz qabağında olanda stress yaşayırlar və bir müddətdən sonra qidalanmır, arıqlayır, özlərinə qapanır və ölürlər. İlanlarla tədqiqat işi aparmaq çox çətindir. Onun üçün gərək fəslin, günün müəyyən vaxtlarını seçəsən ki, daha az hərəkətdə olsunlar. Bu vaxt onları tutub şəkillərini çəkmək daha effektiv olur. -Uzun müddətdir ilanları öyrənirsiniz. Bir serpantoloq kimi sizi təəccübləndirən bir hadisə ilə rastlaşmısınız? -İlanlar öz hərəkətliliyinə görə çox yerdə olurlar. Bəzən 15-ci mərtəbəyə qədər çıxırlar. Şahdəniz layihəsi vaxtı bizi hətta bir kranın başına da çıxartmışdılar ki, orada ilan görüblər. Düzdür, ilanı tapmadıq, amma maşinist iddia edirdi ki, ilan var. Maşının içərisini ələk-vələk etsək də görmədik. Su ilanına səhranın ortasında rast gəlmişəm. Demək olar ki, orada ilana rast gəlmək ehtimalı sıfıra bərabərdir. Evlərin elə yerində ilana rast gəlinir ki, heç kimin ağlına gəlməz ki, ora nə vaxtsa gedib ilan düşə bilər. Hansısa qabın içində də evə ilan gəlib. Təsadüflər çox olur. Biz qeyd aparmırıq, amma bəzən həqiqətən də elə olur ki, ilanın ora düşməyi çox təəccüblü olur. Hətta bizim də bilmədiyimiz səviyyədədir ki, ilan ora necə düşür?! -Son illər Dənizkənarı Milli Park ərazisində də ilanlar görünür.. -Aberşon yarımadasında 15-ə yaxın ilan növü var. Bunlardan ən çox yayılanı bildiyimiz gürzələr, su ilanı, dam ilanı, adi su ilanı, kələz ilanıdır. Bəzən Bakı kəndlərində bu ilanı “at ilanı” da adlandırırlar. Həyat evlərində kor ilan, zeytuni-təlxə və s. yayılır. Dəniz ərazisində su ilanı çoxdur. Dəniz geri çəkildiyindən qayalıqlar hamısı açıqda qalıb, ona görə də ilanlar görünür. Bəzən deyirlər ki, sahilboyu ilanların sayı artıb. Xeyr, artmayıb. Əvvəl su çox idi, ilanlar gözlə görünən yerlərdə az idilər. İndi dəniz geri çəkilib, gözlə daha çox görünürlər. Bir müddət əvvəl gürzələr çox yayıldı. Bulvarın bir hissəsi gedib dirənir Batandart tərəfə. Şıxov çimərliyinin ətrafı gürzələrlə doludur. Zığ tərəfdə də güzrə çoxdur. Su ilanları da hətta zəhərlidir. Yarımzəhərlilərə aiddir. Alergiyası güclü olan insanlara xəsarət yetirə bilərlər