Şəfəqə Doğru » Manşet » Bayramlar gəlir - “endirim tələləri”ndən necə qorunmalı?

Bayramlar gəlir - “endirim tələləri”ndən necə qorunmalı?

Bayramlar gəlir - “endirim tələləri”ndən necə qorunmalı?

Ekspertlər əhalini diqqətli olmağa çağırdı: “Saxta endirimlərlə qarşılaşmısınızsa...” Artıq illərdir ki, marketlərdə saxta endirimlərlə insanların aldadılması narazılıqlara səbəb olur, ekspertlər bununla bağlı tənqidi fikirlər səsləndirirlər. Amma hər hansı əməli tədbirlərin görülmədiyinin şahidi oluruq. Qarşıda bizi yenə 14 fevral, 8 mart və Novruz kimi bayramlar gözləyir. İnsanlar yaxınlarını hansısa şəkildə təbrik etmək, hədiyyələrlə sevindirmək istəyir, bu zaman isə işbazların tələsinə düşürlər. Belə ki, əksər geyim mağazalarının vitrinlərində endirimlərlə bağlı elanlarla, çox vaxt da “ŞOK” endirim, 70 faiz endirim yazaraq mağazalar alıcıları cəlb etməyə nail olurlar. Amma insanlar əksər vaxtlarda aldadıldıqlarını, bəzi mağazalarda “endirim” qiymətlərinin həddən artıq şişirdildiyini deyirlər. Görünən isə odur ki, yüksək məbləğə satılan geyimlərin sonradan 70 faiz endirimlə satılan o mallar elə endirim qiyməti ilə satılan dəyərdə olur. Sadəcə olaraq, mövsüm başlayanda 3-4 dəfə artıq qiymətə satışa çıxarılır, mövsüm bitəndən sonra isə həmin geyimlər dəfələrlə ucuz qiymətə satılır... Bizdə niyə real endirimlər olmur və ya əhali buna inanmır? Qanun saxtakarlıq edən marketlər haqda nə cəza nəzərdə tutur? Eyyub Hüseynov: "Bu cür ticarət yerləri vətəndaşların hüquqlarını pozmaqla dövlətin sosial siyasətinə də zərbə endirir" Pravda.az Eyyub Hüseynov Mövzu ilə bağlı istehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, bu cür endirim kampaniyaları müştərini qapıdan içəri salmaq üçün edilən “tələ”dir: “Bundan sonra istehlakçı malı götürür, deyirlər ki, mal endirimdə deyil. Bəzən də endirimdə olmayan malı endirimdə olan malın yanına qoyurlar, istehlakçı malı götürür, kassada növbəsi çatanda görür ki, mal endirimdə deyilmiş. Azərbaycanda istehlakçı hüquqları yaxşı qorunmadığından bu problem yaşanır. Bu cür endirim kampaniyaları ilə bağlı tez-tez şikayətlər alırıq. Biz bu gün həqiqətən də mağaza və ticarət obyektlərində 70-80 faizə qədər endirim elanları görürük. Yaxud istehlakçıları cəlb etmək üçün "dükan bağlanır" sözləri yazılır, lakin aylarla həmin mağaza bağlanmır. Burada istehlakçı hüquqlarının pozulması var. Qeyd edim ki, Nazirlər Kabinetinin 80 saylı qərarı var. Həmin qərara görə, malların üzərində dükanın maddi məsul şəxsinin möhürü olmaqla qiymət sənədləri olmalıdır. Bunlar isə adi kağıza yazılmalı deyil. Rəsmi bir sənəd olmalıdır, istehlakçı baxıb görsün ki, qiymət əvvəl necə olub, indi necədir. "İstehlakçının hüquqlarının müdafiəsi haqqında" Qanuna görə, istehlakçının hüququ istənilən sənədlə qorunmalıdır. İstehlakçının, həmçinin ilkin qiymət sənədlərini tələb etmək hüquqları vardır. Təəssüflər olsun ki, Azərbaycanın əmtəə bazarında 95 faiz mallar üzərində belə bir qiymət sənədi yoxdur. Bu vəziyyət hazırda böyük problem olaraq qalır. Digər narahat doğuran məsələ isə endirim kampaniyası ilə satılmış malın istehlakçının tələbini ödəmədiyi zaman keyfiyyətsiz olursa, mağazalar qaytarılan malı qəbul etmirlər. Deyirlər ki, bunu endirim kampaniyası ilə almısınız. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 15.1 və 15.2 bəndində endirim kampaniyasında satılmış malların qaytarılmaması barədə heç bir müddəa yoxdur. Bu da birbaşa istehlakçı hüququnun pozulması deməkdir. Bu anormal vəziyyətin iki mühüm səbəbi var. Birincisi, cəmiyyətdə istehlakçı siyasətinin düzgün formalaşmamasıdır. İkincisi isə istehlakçı maarifçiliyinin aşağı səviyyədə olmasıdır". Ekspert əlavə edib ki, istehlakçı hər hansı bir yerdə endirim kampaniyası ilə rastlaşarkən, ilk növbədə hüquqlarından istifadə edib malların ilkin və rəsmi qiymət sənədlərini tələb etməlidir: “Belə yerlər boykot edilməlidir və biz istehlakçı boykotu ilə malların üzərindəki sənədləri təmin edə bilərik. Eyni zamanda insanlar aldadılqıdlarını bildikdə, İqtisadiyyat Nazirliyinin 195 nömrəsinə zəng vuraraq şikayət etsinlər”. Tanınmış marketinq mütəxəssisinə "Araz Supermerket"də vəzifə verildi | marja.az Səfər Aslanov Marketinq və ictimaiyyətlə əlaqələr üzrə konsultant Səfər Aslanov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, endirim kampaniyalarının tətbiq edilməsinin müxtəlif səbəbləri ola bilər: “Kampaniyaların keçirilməsində məqsəd müəyyən məhsul qrupuna olan tələbi yüksəltməkdir. Kampaniya anlayışı müəyyən məhdudiyyətin tətbiqi ilə bağlıdır. Ən geniş yayılmış məhdudiyyətlər isə müddətlə və ya məhsulun sayı ilə bağlıdır. Kommersiya müəssisəsi səbəbsiz yerə tez-tez endirimlər etdiyi zaman istehlakçıda qiymətin süni qaldırılıması ilə bağlı təəssüratın yaranması normaldır. Qiymətlərin ilkin olaraq yüksək olması və zamanla aşağı enməsi ilə “Qaymağın alınması” adlı proseslə bağlıdır. Məhsulun həyat tsklinə və eləcə də bazarda gedən digər proseslərə müvafiq olaraq qiymətin enməsi mümkündür. Misal kimi, eyni kateqoriyadan olan yeni məhsulun bazara çıxarılması, növbəti mövsüm üçün kolleksiyanın gəlişi və ya əvəzləyici məhsul tərəfindən təzyiqin edilməsi buna səbəb ola bilər". Ekspert əlavə edib ki, endirimlərin edilməsinin başqa bir səbəbi FİFO (First in first out) prosesi ilə bağlıdır: “Bu saxlama müddətinin bitməsinə az qalmış məhsulların anbardan xaricini sürətləndirilməsi üçün həyata keçirilən prosesin tezləşdirilməsi üçündür. Bu, kifayət qədər normal prosesdir. Lakin saxlanma müddəti bitmiş məhsulların satışı yolverilməzdir. Kommersiya təşkilatlarının fəaliyyəti müxtəlif qanunlarla tənzimlənir. Endirim kampaniyalarına gəlincə, bu, reklam haqqında qanunun tələblərinə müvafiq olmalıdır. Sadaladığınız qeyri-qanuni hallara yol verən təşkilatlar anlamalıdır ki, istehlakçıların etimadı biznesin əsas sütunudur. Müasir istehlakçı aldadılma mövzusunda güzəşt etmir. Bu onun növbəti davranışına ciddi təsir edir. İstehlakçılar isə öz hüquqlarının pozulması ilə qarşılaşdıqları zaman müvafiq dövlət təşkilatlarına şikayət edə bilərlər”. Məişət zorakılığı zamanı nə etməli? - DİQQƏT! Turan Abdullazadə Vəkil Turan Abdullazadə də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsinə əsasən, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə - fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 447-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, yəni: mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Bu maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır. Saxta endirimlərlə qarşılaşan vətəndaşlar real sübutlarla həmin orqana şikayət ərizəsi ilə müraciət edə bilərlər. Afaq MİRAYİQ, “Yeni Müsavat”