"Köhnə avtomobillər və sovet maşınları yığışdırmalıdır”.
Shafqadogru.com xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Elmira Axundova çıxış edib.
Millət vəkili avtomobil qəzalarının və bu qəzalar zamanı dünyasını dəyişənlərin sayının artmasına diqqət çəkib. Bildirib ki, bu halların əsas səbəblərindən biri məhz istifadəyə yararsız avtomobillərdir.
Bu təklif uzun illərdir müzakirə olunsa da, hələ ki, real nəticə hiss edilmir. Təklif maraqlı olsa da, diqqət çəkən məqamlardan biri də bu avtomobillərin sonrakı aqibətidir. Yəni qanun bu avtomobillərin istifadəsini qadağan edə bilər. Bəs belə avtomobil sahibləri nə etməlidir? Bu avtomobillərin qalıqları harada və necə istifadə edilə bilər?
Reallıq budur ki, həm paytaxt, həm də bölgələrdə bu cür avtomobillərin sayı kifayət qədərdir.
Statistik məlumatlara görə, respublikada 1 milyon 360 mindən çox avtomobil var, onlardan təxminən 760 mini Bakı şəhəri ərazisində qeydiyyatdadır. Avtomobil parkına gəlincə isə 1980-ci ilə qədər buraxılışı olan 103 minə yaxın nəqliyyat vasitəsi qeydiyyatdadır. 1981-90-cı ilə qədər buraxılışı olan avtomobillərin sayı 125 minə yaxın, 91-2000-ci illər arasında istehsal olunan avtomobillərin sayı 310 min, 2000-2010-cu illərdə istehsal olunanların sayı 420 minə yaxın, qalanı isə 2011-ci ildən bu yana istehsal olunanlardır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov əslində qanunda bu məsələnin tələb edildiyini, lakin buna əməl edilmədiyini deyib:
"Bəzi insanlar köhnə, istifadəyə yararsız avtomobillərin istifadəsinə bəraət qazandırırlar. "Maşınım var və bunu sürməliyəm” prinsipi ilə yanaşırlar. Avtomobili idarə etmək üçün standart tələblər var. "Yol Hərəkəti əsasında Qanun”da göstərilən tələblərə uyğun olmayan avtomobili idarə etmək olmaz. Dünyada qəbul olunmuş standarta əsasən avtomobil istismara yararsızdırsa, o istifadə edilməməlidir. Bizdə bu yanaşma yoxdur, lakin bu mədəniyyəti gətirmək lazımdır. Bu gün ölüm və xəsarətlə nəticələnən qəzaların əksəriyyəti texniki standarta uyğun olmayan avtomobillər səbəbindən baş verir. "Yol hərəkəti haqqın”da qanun 1 saylı əlavəsində avtomobilin beynəlxalq standarta uyğun olması tələb edilir. Standarta uyğun olmayan avtomobil sürülməməlidir. Lakin bu tələblərə əməl edilmir. Həmin avtomobil qanuna görə texniki baxışdan keçməməlidir. Texniki baxışdan keçməyən avtomobili sürənlər isə polis saxladığı halda 50 manat cərimə nəzərdə tutulub”.
Bu gün ölkənin avtomobil parkının 40-50 faizinin köhnə sovet maşınlarının təşkil etdiyini vurğulayan Ə.Hüseynov onların hamısının istismara yararsız olmadığını bildirib.
Onun sözlərinə görə, Rusiya və Sovet istehsalı avtomobillərin 20-30 faizi tam yararsızdır:
"Bunların əksəriyyəti rayonlardadır, Bakıda da belə avtomobillər var. Orta hesabla ölkənin avtomobil parkının 20-25 faizi tam yararsızdır. Rayonlarda bu avtomobilləri kənd içində istifadə edirlər. Taksi fəaliyyəti göstərənlər də var”.
Ekspertin sözlərinə görə, problemdən çıxış yolu bununla bağlı dövlət proqramının qəbul edilməsidir:
"Bu məsələdə inzibati nəzarət mühüm rol oynayır. Bu gün avtomobillər texniki baxışdan keçir. İstismara yararsız avtomobil sahibinə onu utilizasiya etmək tövsiyə edilməlidir. Dünya ölkələrində müəyyən qrup əhaliyə güzəştlər etdilər, inkişaf etmiş ölkələrdə köhnə avtomobilləri təhvil vermək üçün əhaliyə əlavə pul da verirdilər. Bizdə maarifləndirmə ilə yanaşı, bu istiqamətdə proqramlar hazırlanmalıdır. İnsanlar köhnə metal yığınından əl çəkməyə təşviq edilməlidir. Bu avtomobillərin ləğvi üçün utilizasiya ilə məşğul olan zavod olmalıdır. Bu çox sadə prosesdir. Avtomobil zəruri detallara ayrılıb, təkrar emala göndərilir. Bu müəssisələri ya dövlət yaratmalı, ya da özəl quruma belə bir müəssisə yaratmaq üçün dəstək verilməlidir. Naxçıvan Muxtar Respublikasında bu nümunə var. Orada bir dənə də köhnə avtomobil tapa bilməzsiniz”.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov yol nəqliyyat hadisələrinin sayında köhnə, texniki cəhətdən nasaz avtomobillərin payının çox olmadığını deyib:
"Yol nəqliyyat hadisələrinin səbəbini təhlil edəndə onların arasında texniki cəhətdən nasaz avtomobillərin olduğunu görürük. Lakin yol nəqliyyat hadisələri istifadə edilən nəqliyyat vasitəsinin növü, markasından deyil, sürücünün necə idarə etməsindən asılıdır. Bakı şəhərində baş verən hadisələrin 41 faizi sürət həddinin aşılması, 58 faizi piyadaların vurulması, sonrakı yerləri yol ayrıclarını keçmə, əks istiqamətli yola daxil olmadır. Texniki cəhətdən nasaz avtomobillərin qəzaların sayında payı 1 faizi keçmir. Respublika üzrə son 5 ildə baş verən qəzaların sayı 2 dəfə aşağı düşüb. Ötən ilin 10 ayı ərzində ölkə üzrə 1846 yol qəza baş verib, 741 nəfər ölüb, 1905 nəfər xəsarət alıb. Bu ilin anoloji dövründə 1677 hadisə baş verib, 618 ölüm, 1721 nəfər xəsarət alıb. Demək 169 hadisə azalıb, 103 ölüm, 184 xəsarət halı az olub”.
V.Əsədov bölgələrdə, eləcə də Bakıda köhnə avtomobillərin qalmasını istisna etmədiyini deyib:
"Son günlər cərimə meydançalarındakı yararsız avtomobillərin çıxdaş edilməsi ilə bağlı sahiblərinə xəbərdarlıq edilib. Hazırda köhnə avtomobili olanlara bu xəbərdarlığa əməl etməyi tövsiyə edirəm. Bunun üçün sadəcə avtomobil sənədləri ilə birlikdə diaqnostika mərkəzinə təqdim edilir. Ərizə ilə müraciət əsasında avtomobil çıxdaş edilir. Qalıqları "metalloma” təhvil verilir və dəmirin çəkisinə görə vətəndaş pul alır. Anaq bu cür avtomobillərin payı çox deyil”.
Qeyd edək ki, qonşu Rusiya 2011-ci ildən köhnə avtomobillərin utilizasiyası üzrə dövlət proqramı çərçivəsində sertifikat verilməsini başa çatdırıb. Vətəndaşlar 10 ildən artıq yaşı olan köhnə avtomobillərini təhvil verməklə yerli zavodlarda istehsal olunmuş yeni avtomobil almaq üçün 50 min rublluq güzəşt nəzərdə tutan sertifikat əldə ediblər.