Bəzi KİV-lərdə bu günlərdə "Rəcəb Babaşov Administrasiyanın qara siyahısında, həm də Qazaxlıların!” və "Qazaxda məmur üsyanı: Babaşovun "Gestapo rejimi rayon İcra hakimiyyətini dağıdır” başlığı altında çap olunmuş yazıları oxudum, açığını deyim ki, yazıda şər-böhtandan başqa heç nəyə rast gəlmədim.
Əvvəla, onu deyim ki, cənab Rəcəb Babaşov Qazax rayonuna İcra Başçısı təyin olunan gündən yalnız abadlıq, tikinti-quruculuq işləri ilə və rayonda işgüzar, sağlam atmosfer yaratmaqla məşğuldur.
Bunun nəticəsidir ki, Qazax son aylarda sürətlə inkişaf etmiş, küçələr, parklar, şəhidlər xiyabanları, qəbiristanlıqlar, məhəllələr, abadlaşmış, yeni yollar çəkilmiş, az vaxt ərzində bir sıra sosial və istehsal yönümlü obyektlər tikilib istifadəyə verilmişdir.
Rayonda bütün neqativ hallar, korrupsiya faktları aradan qaldırılmışdır. Bütün insanlara diqqət və qayğı artmış, rayonda işgüzar və səmimi ab-hava yaranmışdır. Adı çəkilən yazıda göstərilir ki, guya Qazaxda məmur üsyanı baş verəcək, "Gestapo” rejimi icra aparatını dağıdır, kadrlar təzyiqlərə və təqiblərə məruz qalırlar. Bu fikirlər həqiqətdən çox uzaqdır.
Məsələn, yazıda adı çəkilən mən, yəni Aqil Qurbanov səhhətimlə bağlı, Rəşad Əhmədov isə başqa işə keçməsi ilə əlaqədar öz ərizələrimizə əsasən İcra Aparatından getmişik. Gündüz Abışov isə heç vaxt işdən çıxmaq haqqında fikirləşməmiş və hazırda 2016-cı ilin hesabına məzuniyyətdədir. Mən səhhətimlə bağlı müalicə aldıqdan sonra İcra Aparatında və ya müvafiq başqa iş sahəsində fəaliyyətimi davam etdirəcəyəm. Həmin yazının müəllifləri (əgər imzasız deyilsə) Elçin Əmirov, Lalə Riyad "Əsl qazaxlı” görünür ki, əsl qazaxlı deyillər, ona görə də Qazaxda görülən işləri gözləri götürmür. Əslində, bu cür yazılar və onların müəllifləri Rəcəb Babaşovun Qazaxda gördükləri işlərə kölgə sala bilməzlər.
Çünki, atalar demişkən, görünən dağa bələdçi lazım deyil. Onlar bu cür cızmaqaraları ilə yalnız Qazaxın və qazaxlıların nüfuzuna xələl gətirə bilərlər. Mən bu cür yazıların hamısını təkzib edirəm və adımın mənasız, şər-böhtan xarakterli cızmaqaralarda hallandırılmasına etiraz edirəm.
Bu cür yazılarla məşğul olanlar mənəviyyata və hüquqa zidd əməlləri ilə gec-tez qanun qarşısında cavab verməli olacaqlar.