Prosesi izləyənlərdə belə təəssürat yaranır ki, oğurluqları böyük ölçüdə edənləri sadəcə həbs etmirlər. Oğurluqların baş tutmasında vasitəçi olanlar isə həbs edilə bilənlər kateqoriyasına aiddirlər.
"Rabitə işi”nə görə məhkəmə qarşısına çıxarılanlar sırasında RYTN-in sabiq aparat rəhbəri Vidadi Zeynalovun da adı var. Rəsmi ittihamda nazirliyin sabiq əməkdaşları "dəstə” adlandırılır və nə qədər qəribə olsa da, bu dəstənin başçısı kimi Əli Abbasov deyil, Vidadi Zeynalov göstərilir. Niyə axı Zeynalov? Əli Abbasov ortadadır axı!
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin və nazirliyin tabeliyində olan müəssisələrdən daxil olan gəlirlərin sərəncamvericisi ovaxtkı nazir Əli Abbasov olub. Bu sadə həqiqəti ittiham aktında yazmamaqla gizlətmək mümkün deyil. RYTN-dən böyük oğurluqlar olubsa, elə ən böyük oğru da həmin Əli Abbasovun özü olmayıb?
Vəsaitlərin necə mənimsənilməsini sübut edən kifayət qədər dəlillər istintaq materiallarında yer alır. İttiham aktında Əli Abbasovun 10 il ərzində baş verən büdcə oğurluqlarına seyrçi münasibət sərgilədiyini ortaya qoyur.
Bu hərəkətsizlik Əli Abbasovun ciblərinin, bank hesablarının aşıb-daşması, Bakıda, rayonlardakı səfalı guşələrdə bir-biri ilə bər-bəzəkdə, otaqların, mərtəbələrin sayında bəhsə girən villaların sahibinə çevrilməsində rol oynamayıb?
Əgər bu məsələ hüquqi müstəviyə keçirilsə, Əli Abbasov çoxdan məhkəmə qarşısına çıxarılmışdı. Bu gün "Rabitə işi”ndə Əli Abbasovun yoxluğu, onun əvəzində Vidadi Zeynalovun önə çıxarılması gələcəkdə büdcənin daha çox talan edilməsi üçün də bir örnəkdir. Bu və ya digər nazir düşünəcək ki, 100 milyon azdır, qoy 200 milyon oğurlayım, tutulan mən olmayacağam ki...
Biz əsla Vidadi Zeynalova və digərlərinə haqq qazandırmırıq. Onlar ən iri büdcə siçovullarındandır. Dövlət malını, xalqın milyardlarla vəsaitini ata malı kimi yeyib dağıdıblar. Əslində Vidadi və onun kimi dələduzlar qanunla ən ağır cəzaya məhkum edilməlidirlər. Fəqət onların başında dayanan şəxs və ya şəxslər onlardan artıq cəzalandırılmalıdır.
Bu gün vaxtilə RYTN-in rəhbərliyində çalışmış, nazir olaraq Əli Abbasovun ətrafında olmuş vəzifəli şəxslərin hamısı cinayət işlərində təqsirləndirilən şəxs statusundadırlar. Əli Abbasov isə dünyanın hansısa nöqtəsindəki imarətində əyləşib, Azərbaycan dövlətinin büdcəsindən oğurlanan pulları saymaqla, günün sonuna qədər kefi istədiyi kimi xərcləməklə şad-xürrəm yaşamını davam etdirir.
Bakıda isə "Rabitə işi” davam edir. Bütün oxlar son nəticədə Əli Abbasova yön alır. İfadələr "Əli Abbasov dedi, biz fiber optik kabeli bu qiymətə alıb, o qiymətə rəsmiləşdirdik” şəklindədir. Hakimlər isə sanki eşitmirlər.
Belə söhbətlər var ki, Əli Abbasovun həbs olunmasının gizli səbəbləri var. Amma səbəblərin nədən ibarət olduğu da bilinmir. Bu məqamı aydınlaşdırmaq istəyi də görünmür. Hər halda, bu istiqamətdə heç bir araşdırma getmir.
Bu gün də Əli Abbasovun yaxınlarının adına olan şirkətlərin talançılığının ayrıca cinayət işində araşdırılması zərurətinin nədən yarandığı bilinmir. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi RYTN sistemində həyata keçirdiyi yoxlamalardan sonra nazirliyin bir sıra əməkdaşlarına cinayət işi başlanıb. Eyni nazirlikdə, eyni rəhbərin gözü qarşısında və susqun razılığı ilə baş tutan talançılıq nədən ayrıca icraatda araşdırılmalıdır?
Əli Abbasovun ayrıca cinayət işinə təqsirləndirilən şəxs statusunda deyil, dəfələrlə şahid qismində dəvət olunması doğru addımdırmı?
Dövriyyəyə belə məlumatlar da buraxılır ki, Əli Abbasovun, Eldar Mahmudovun bu gün istintaqdan kənar qalmalarının səbəbi oğurlanmış milyardlarla büdcə pulunun geri qaytarılmasına xidmət edir.
Guya Əli Abbasovla Eldar Mahmudovu həbs etsələr, həmin pulların geri qaytarılması mümkün olmayacaq.
Axı bu nağıllara kim inanır?
Əli Abbasov nazir statusundan təqsirləndirilən şəxs statusuna keçirilsəydi, bu gün RYTN xətti ilə büdcədən oğurlanan 100 milyonlarla manatın geri qaytarılması üçün yaxşı səbəb olardı. Təəssüf ki, belə deyil. Böyük oğurluqların başında olmuş Əli Abbasovun situasiyası bir nümunədir - bacardığın qədər çox oğurla və azadlıqda qal.
Hazırda həmin cinayət işinin hansı mərhələdə olduğunu dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən sorğumuza yazılı şəkildə verilən cavab belə oldu:
"Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Haqqında söhbət açılan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işidir. Hazırda həmin iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Xatırladaq ki, sabiq nazir Əli Abbasovun adının şahid kimi keçdiyi cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrılıb və ayrıca icraata verilib. Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.
Shafaqadogru.com Teref.infoya istinadən bildirir