Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov MTN-nin digər əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Akif Çovdarov, Akif Əliyev, Teymur Quliyev, Fərhad Atayev və digərləri ilə birlikdə gəmi təmiri işləri ilə məşğul olan "Techmarine LTD” MMC-nin həmtəsisçisi və sədri Həsənov Arif Həsən oğlundan 600 min manat pul alıb.
"Report”un məlumatına görə, ittiham aktında qeyd edilib ki, hadisə 2015-ci ilin yanvar ayında Bakı şəhərində olub.
İttiham aktına əsasən, S.Qurbanov mütəşəkkil dəstə tərkibində cinayət əməllərini davam etdirərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 19 yanvar 2015-ci il tarixində tabeliyində olan dəstə üzvü F.Əliyevə, A.Çovdarov isə A.Əliyevə verdiyi göstərişlərə əsasən Z.Məmmədov, N.Alıyev və digərləri ilə birlikdə qanunsuz olaraq, "Techmarine LTD” MMC-nin Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 19 ünvanında yerləşən ofisinə basqın edib.
Həmin şəxslər protokol tərtib etmədən MMC-nin fəaliyyətinə dair maliyyə sənədlərini, kompyuterlərdə olan məlumatları, həmçinin A.Həsənovun oğlu Həsən Həsənovun Bakı şəhəri Xətai rayonu Qədir Məmmədov küçəsi ev 1, mənzil 39 ünvanında yerləşən evində qanunsuz axtarış apararaq, müşahidə kameralarını götürüblər. Bundan başqa, həmin şəxslər H.Həsənovu, MMC-nin sədr müavini Səhrab Allahverdiyevi, baş mühasib Allahverdiyeva Mətanət Nadir qızını, mühasib Bədəlova İndira Rofətdin qızını, iş icraçıları Rzayev Əlizamin İmaş oğlunu, Əkbərov Ramin Fərrux oğlunu iradələrinin əleyhinə, zor tətbiq olunmaqla nəqliyyat vasitəsinə əyləşdirib, MTN-in inzibati binasına gətiriblər. Onlar orada 5 saat ərzində saxlanılaraq, qanunsuz azadlıqdan məhrum ediliblər.
S.Qurbanov dəstə üzvləri A.Çovdarov, A.Əliyev, F.Əliyev, N.Alıyev, Z.Məmmədov vasitəsilə 2015-ci ilin yanvar ayının 20, 21, 22-si tarixlərində həmin şəxslər, eləcə də MMC-nin iş icraçısı Nəcəfov Elşən Əvəz oğlu nazirliyə çağırtdirib, şirkətin fəaliyyəti üzrə sorğu sual etdirib. Sabiq MTN əməkdaşları A.Həsənovu və oğlu H.Həsənovu guya qanunsuz nağdlaşdırma əməliyyatlarında iştirak etməyə, vergidən yayınmağa görə barələrində cinayət təqibi başlanmaqla həbs olunacaqları, təcridxanaya salınmaqla şəxsiyyətləri üzərində zor tətbiq olunacağı, barələrində rüsvayedici məlumatlar yayılacağı ilə hədələyərək 600 min manat məbləğində pul vəsaitləri verilməsini tələb ediblər. Onların tutduqları vəzifəsinə, səlahiyyətlərinə və qanunsuz hərəkətlərinə görə hədələri real qəbul edən A.Həsənov 23 yanvar 2015-ci il tarixində "AGBank” ASC-nin "Mərkəzi” filialı və "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialında depozit hesablarda saxladığı 200 min manatı çıxardıqdan sonra özündə olan 400 min manatla birlikdə nazirliyin inzibati binasının yaxınlığına gəlib. O, 400 min manatı dəstə üzvü F.Əliyevə, 200 min manatı isə A.Əliyevə verib.
Hazırda barəsində olaraq istintaqı tamamlanmış cinayət işi üzrə məhkəmə məsuliyyətinə verilən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş idarənin 2-ci idarəsinin sabiq rəisi A.Əliyev qeyd olunan epizodla bağlı dindirilərkən göstərib ki, 2014-cü ilin dekabr ayının axırlarında və ya 2015-ci ilin yanvar ayında baş idarənin sabiq rəisi A.Çovdarov onu çağıraraq "Techmarine LTD” MMC-nin mövcudluğu və həmin şirkətin əməliyyat təminatının olub-olmamasını soruşub: "Ona həmin şirkətin gəmi təmiri ilə məşğul olaraq idarənin 2-ci şöbəsinin kurasiyasında olduğunu bildirdim. Bundan sonra Akif Çovdarov həmin şirkətin fəaliyyəti ilə bağlı təsisçisi Arif Həsənovun MTN-ə şikayət ərizəsi ilə müraciət etdiyini və bunun araşdırılması ilə 4-cü Baş idarənin əməkdaşlarının məşğul olduqlarını, bununla bağlı məlumatın 4-cü Baş idarənin sabiq rəisi Sübahir Qurbanov tərəfindən verildiyini dedi. Bir neçə gündən sonra Akif Çovdarov mənə "Techmarine LTD” MMC-nin rəhbər şəxslərinin MTN-nin inzibati binasının nəzarət-buraxılış məntəqəsində olduğunu bildirərək, həmin şəxslərlə aparılacaq söhbətlərdə iştirak etməyimi tapşırdı. Nəzarət-buraxılış məntəqəsinə gəldikdə orada Arif Həsənovu, kurasiya üzrə əvvələr tanıdığım onun müavini Səhrab Allahverdiyevi, həmçinin 4-cü Baş idarənin sabiq rəis müavini Fizuli Əliyevi və həmin idarənin əməkdaşları Natiq Alıyevi, kompyuter mütəxəssisi Hacıağa Hacını gördüm. Fizuli Əliyev mənə Səhrab Allahverdiyevin qeyri-qanuni maliyyə əməliyyatlarını aparması barədə Arif Həsənovun ərizəsini göstərdi. 5-10 dəqiqə orada oturduqdan sonra Akif Çovdarovun yanına gedərək, şikayət ərizəsinin məzmunu barədə qısa məruzə etdim. Bundan sonra həmin araşdırma ilə bağlı Fizuli Əliyevlə əlaqə saxladım və aramızda bu barədə ümumi söhbətlər oldu”.
A.Əliyevin sözlərinə görə, həmin hadisədən bir neçə gündən sonra A.Çovdarov ona F.Əliyevin qeyd olunan şirkətin ofisində baxış keçirəcəyi barədə məlumat verərək, MMC-nin fəaliyyətinin onların kurasiyasına daxil olması səbəbindən onu da oraya göndərib: "Baş idarə rəisinin göstərişi ilə mən həmin gün şirkətin ofisinə gələrək, orada Fizuli Əliyevi, Natiq Alıyevi, Zaur Məmmədovu, Hacıağa Hacını və həmin idarənin digər əməkdaşlarını gördüm. Ofisdə cəmi 10-15 dəqiqə olduqdan sonra iş yerinə qayıtdığımdan 4-cü Baş idarənin əməkdaşlarının hərəkətlərinin nədən ibarət olduğunu bilmədim. Lakin həmin günün axşamı şirkətin baş mühasibini MTN-də gördüm. Bundan sonra şirkətin əməkdaşlarını və rəhbər şəxslərini dəfələrlə MTN-nın inzibati binasının nəzarət-buraxılış məntəqəsində olmasının şahidi oldum”.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.
Xatırladaq ki, hazırda MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor A.Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdirilir. İşə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə baxılır.