Xəbər verildiyi kimi, şahmatçılarımız bir müddətdir ki, təqaüdlərini ala bilmirlər. Onlardan biri də Şahmat Olimpiadasında qızıl medal qazanan, hazırda qadın şahmatımızın lideri Gülnar Məmmədovadır. Onun təqaüdlə yanaşı evlə də bağlı problemi var. Belə ki, şahmatçımız ona vəd olunan evi hələ də ala bilməyib.
Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov isə təqaüdlə bağlı narazılığı qəbul etsə də, şahmatçının ev probleminin həllinin hələ uzanacağını söyləmişdi.
Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, şahmatçılara problemlərini bir daha qabartmamaları barədə göstəriş verilib.
Məsələ ilə bağlı 2016-cı ilin ən uğurlu şahmatçısı Gülnar Məmmədova ilə əlaqə saxladıq. O, Yeniçağ.az-a danışarkən bildirdi ki, rəhbərlik məsələni həll edəcəyinə söz verib:
"Xəbəri hardan eşitmisiniz bilmirəm, amma bizə mətbuatla əlaqə qurmağımıza heç kim qadağa qoymayıb. Ev məsələmi də bu il həll etməlidirlər. Bu barədə dekabrın 31-də qadınlardan ibarət əsas milli komandanın Federasiyanın rəhbərliyi ilə görüşündə danışdıq. Problemlərin həllinə də söz verdilər. Elə həmin gün də nəhayət, təqaüdlərimizi aldıq. Hazırda Federasiya ilə heç bir problemim yoxdur”.
Qeyd edək ki, bir neçə gün öncə Gülnar Məmmədova "Facebook” hesabında problemləri ilə bağlı belə yazmışdı:
"Olimpiadada yer tutduqdan sonra AŞF nəinki vəd etdiyi mükafatı vermədi, hətta müraciətimə baxmayaraq, kirayədə yaşadığımızı bilə-bilə adımı mənzil siyahısına da salmadı. Bütün bunlar azmış kimi digər yığma üzvləri kimi mənim də təqaüdümü kəsdi. Belə olan sürətdə hansı şahmatçı rahat çalışa bilər?”
Xatırladaq ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.