Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədovun "Azadlıq” radiosuna müsahibəsi.
– Vahid müəllim, demisiniz ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan çox böyük layihələri həyata keçirmək üçün "normal bir hökumətə ehtiyac var”. Bu o deməkdirmi ki, indiki hökumət istefaya göndərilməli, yenisi formalaşdırlmalıdır?
– Strateji Yol Xəritəsində 12 sahə üzrə iqtisadi islahatların aparılması nəzərdə tutulub. Bu, ekspertlər, böyük mütəxəssislər, o cümlədən xarici mütəxəssislər tərəfindən hazırlanmış xəritədir. Müsbət də sənəddir. Amma əsas olan bunun icrasıdır. Bunun icrası üçün gecə-gündüz işləmək lazımdır. Mən belə hesab edirəm ki, indiki strukturla bunu həyata keçirmək olmaz. Ona görə də həm institutsional, həm struktur, həm də kadr islahatları aparmaq lazımdır. İndiki hökumət o səviyyədə deyil ki, bu islahatları həyata keçirsin. Keçirə bilərdisə, elə son 10 ildə islahatları aparardı, nəyi gözləyirdi? Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini? Fikrimcə, normal bir hökumət, islahatçı bir hökumət formalaşmalıdır ki, Strateji Yol Xəritəsini həayata keçirsin, üstəlik, orada çatışmayan məsələləri də həll etsin.
– "Normal, islahatçı hökumətin” formalaşması prezidentin gündəmindədirmi?
– Bu, cənab prezidentin səlahiyyətində olan məsələdir. Amma belə başa düşürəm ki, bu, artıq gündəmdə olmalıdır. Bu, artıq ictimaiyyətin tələbidir. Digər tərəfdən, Azərbaycan iqtisadiyyatında olan müəyyən mənfi hallar, çalarlar da bunu tələb edir. İslahatçı hökumət qurulmalıdır ki, proseslər müəyyən qədər irəli gedə bilsin. Azərbaycanda referendum keçirildi, vitse-prezidentlik institutları təsis edildi. Ola bilər, müəyyən səlahiyyətlər vitse-prezidentlərə verilsin və islahatlarla məhz onlar məşğul olsun. Belə başa düşürəm ki, hardasa marta qədər müəyyən proseslər həllini tapacaq.
– Bu ehtimaldır, yoxsa əldə etdiyiniz məlumatdır? Başqa sözlə, bu məsələ hakimiyyətin üst səviyyələrində müzakirəyə çıxarılıb, ya yox?
– Ehtimal deyəndə, mən öz fikirimi bildirirəm. Yəqin bu addımlar atılmalıdır. Biz Azərbaycanda normal iqtisadi, siyasi vəziyyət yaranmasını istəyiriksə, cənab prezidentə dəstək olmaq üçün belə bir hökumətə ehtiyac var.
– Siz, struktur dəyişiklikləri deyərkən, nəyi nəzərdə tutursunuz?
– Operativ bir hökumət yaradılmalıdır. Artıq strukturlar var, onlar ya birləşdirilməli, ya ixtisar edilməli, ya da ləğv olunmalıdır. Bazar iqtisadiyyatının özünəməxsus tələbləri, özünəxas strukturu var. Biz sovet vaxtının strukturu ilə işləyə bilmərik.
– Vergilər Nazirliyi, deyəsən, bəzi addımlar atır. Həmin addımları nə dərəcədə islahat saymaq olar?
– Vergilər Nazirliyi 2016-cı ildə ciddi islahatlar apardı, xüsusən son aylarda. O cümlədən öz daxilində struktur islahatları həyata keçirir. Amma mən daxildə gedən islahatlardan danışmıram. Mən hökumətin strukturundan danışıram. Komitələri, nazirlikləri təkmilləşdirməyə, birləşdirməyə ehtiyac var.
– İllərdir çox mühüm vəzifə tutanları yerindən tərpətməyin çətinliyi nəzərə alınsa, hökumətdə islahatların aparılması, yenisinin formalaşdırılması hansı müqavimətlə üzləşə bilər?
– Müqavimətlə hökumət, ya da dövlət başçısı həmişə rastlaşır. Mən fikir verirəm, dövlət başçısının islahatlar aparmağa siyasi iradəsi var. İkincisi də, buna aşağıdan tələbat, sifariş var. Yəni belə bir yol xəritəsi hazırlanaraq imzalanıbsa, onu gerçəkləşdirmək hər hökumətin işi deyil. İslahatçı hökumət olmalıdır ki, onu reallaşdırsın. Yazmaq rahatdır, amma bunu real iqtisadiyyata, real sektora yönəltmək tamam başqadır.
– Qısası, belə deyilməlidir ki, Artur Rəsizadənin başçılığı ilə hökumət islahatlara gedə bilməz?
– Söhbət Artur Rəsizadədən getmir. Açığı, Artur Rəsizadə bəlkə də azsaylı mütəxəssislərdəndir ki, o sahəni bilir, real sektoru bilir, real sektorda işləyib. Amma bu gün tələbat başqadır, ölkədə ilsahat getməlidir. Onu həyata keçirəcək konkret hökumət formalaşmalıdır ki, hamı çəkici bir yerə döysün, mübahisə də olsa, sonda ümumi rəyə gələ bilsinlər. Strateji Yol Xəritəsini oxuyan hər mütəxəssis anlayır ki, bu yol ağır islahatlardan keçir, bunun üçün vaxt lazımdır. O vaxt da çox azdır. Ona görə də bu deyilənləri tez zamanda həyata keçirmək gərəkdir.