Şəfəqə Doğru » Manşet » Maliyyə hesabatı verməyən partiyalar təhlükədə

Maliyyə hesabatı verməyən partiyalar təhlükədə

Maliyyə hesabatı verməyən partiyalar təhlükədə

Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməsi yenidən gündəmə gəlir; müxalifətdən "cibimiz boşdur” cavabı gəldi

 


YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisin son iclasında "Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməsi təklifini verib. 

O, təklifini belə əsaslandırıb ki, biz siyasi partiyaların MSK-ya hesabat verməsini nəzərdə tutan qanun qəbul etmişik, amma buna əməl olunmur. 

Ona görə də əgər kimsə öz gəlirləri barədə hesabat vermirsə, onunla bağlı tədbir görülməlidir: "Baxmayaraq ki, bir sıra partiyaların kifayət qədər cangüdənləri, avtomobilləri var, təbii ki, bunlar hava ilə dolanmırlar. ”Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik edildi ki, siyasi partiyalar maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etsinlər. Lakin bir sıra siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat vermirlər. Həmin partiyaların kifayət qədər cangüdənləri, işçiləri var, ancaq hesabat vermirlər. Qanunvericilikdə elə normalar tətbiq etməliyik ki, bunun qarşısını alaq".


Qeyd edək ki, ölkədə dövlət qeydiyyatından keçən 55 partiya var. Onların 11-i parlamentdə təmsil olunur. Qalanlarının təxminən 15-ə yaxınının müəyyən fəaliyyəti hiss olunur. Təxminən yarısının isə heç bir fəaliyyəti yoxdur. Qanunda iki il fəaliyyəti olmayan partiyanın qeydiyyatının ləğvi tələbi də əksini tapır. 

Fəaliyyəti olan müxalif partiyaların bəziləri maliyyə hesabatı məsələsinin gündəmə gətirilməsinə münasibət bildiriblər. 



ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, nə sürücüsü, nə mühafizəçisi var, nə də partiyada maaşla işləyən işçilər var: «Partiyamızın rəhbər orqanında təxminən 15 nəfərə yaxın adam var ki, onlar da ictimai əsaslarla fəaliyyət göstərirlər. Siyavuş Novruzov deyir ki, partiyalarda bu insanlar necə dolanırlar? Azərbaycanda əhalinin ən azı 60 faizi işsizdir. Mən indi Siyavuş Novruzova sual verirəm ki, bu insanlar necə dolanır? Vətəndaşları işsizliyə məhkum eləyib küncə sıxışdırırsınız və sonra da deyirsiniz ki, bunlar hava ilə dolanırlar? 60-70 faiz işsiz olan insan necə dolanırsa, müxalifət partiyalarındakı insanlar da elə dolanır. O ki qaldı partiyaların MSK-ya maliyyə hesabatı verməsi tələbinə, MSK-nın partiyalardan maliyyə hesabatı alması qanunlara, konstitusiyaya ziddir. Yalnız xüsusi hallarda Maliyyə Nazirliyi partiyanın maliyyələşdirilməsi ilə bağlı hesabatını tələb edə bilər. Digər tərəfdən isə dövlət büdcəsindən maliyyələşdirilməyən partiyalardan hansı məntiqlə və haqla maliyyə hesabatı tələb edilir?! Adama deyərlər ki, sən mənə maliyyə verirsən ki, hesabatını da tələb edəsən? Gündə qanuna kefləri istədiyi bir dəyişiklik edəcəklər, müxalifət partiyaları da onların dediyi ilə oturub-duracaq?! Siyavuş Novruzovun indi partiyaların maliyyə hesabatı məsələsini ortaya atması da, bir neçə gündür müxalifətə qarşı telekanallarda hücum başlanması da, fevralın 2-də Müsavat Partiyasının qərargahı qarşısında bir dəstə adamın piketinin təşkil olunması da ölkədə gündəmi dəyişmək üçündür. Ölkədə iqtisadi, sosial durum ağırlaşdıqca istəyirlər gündəmi bu metodlarla dəyişsinlər. Lap tutaq ki, maliyyə hesabatını bəhanə edib partiyaların fəaliyyətini qadağan elədilər, guya bundan sonra Azərbaycanda müxalifət olmayacaq!? Qadağan edəndə aşkar fəaliyyət gizli fəaliyyətə keçə bilər ki, bu daha pis olar. Birdəfəlik bilmək lazımdır ki, partiyaların qapadılması ölkədə yaranmış vəziyyətdən çıxış yolu deyil".


     
VİP sədri Əli Əliyev bildirdi ki, partiyaların yada düşməsi siyasi narahatlığın təzahürüdür. Hakimiyyət siyasi institutları maksimum dərəcədə nəzarətdə tutmağa çalışır: "Deyilənlərin bizə heç bir aidiyyəti yoxdur. Biz Allahın hifzində olanlardanıq, mühafizədən istifadə etmirik, sürücümüz də yoxdur. Hesabatlarımızı da vaxtında təqdim edirik. Həm MSK-ya, həm də vergi orqanlarına mükəlləf olduğumuzu icra edirik. Təbii ki, hakimiyyət siyasi müxalifətin sıxışdırılmasını davam etdirəcək. Siyavuş Novruzovun bəyanatını da anons saymaq olar”.

KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirdi ki, KXCP illik maliyyə  hesabatı haqda MSK-ya məlumat təqdim edir: "Partiyamızda nə sədr, nə də müavinlər cangüdənlərdən istifadə etmirlər. Hər hansı maaşlı işçilər saxlamaq yox dərəcəsindədir. İndiki vəziyyətdə KXCP üzvləri çətin həyat tərzi yaşada da,  ölkədə demokratiyanın qələbəsi uğrunda mübarizədən yorulmurlar. Ölkədə siyasi partiyaların fəaliyyətlərini nəinki məhdudlaşdırmaq və yaxud əhəmiyyətsiz hesabat tələbi etmək, partiyalara şərait yaradılmalı, onları seçkilərdə əzməməli, üzvlərini tutmamalı , zəhmətlə pul qazanmalarına mane olmamalı və qərargahla təmin etməlidirlər”.

Image result for KXCP sədrinin müavini Xəzər Teyyublu

AMİP katibi Elşən Mustafayev isə dedi ki, AMİP dövlətdən maliyyələşmir. Buna baxmayaraq, partiyanın saxlanılması üçün maliyyə vacibdir. Odur ki,  AMİP hər il gəlirləri, onların mənbələri və xərcləri haqda hesabatlarını MSK-ya verir və audit yoxlamasından da keçir: "Digər tərəfdən, bəzi  partiyalarda partiya üzvləri gün ərzində müxtəlif işlərlə məşğul olur, partiyaya öz köməkliklərini göstərirlər. 



Əksər hallarda bu partiya üzvlərinin təmənnasız köməyi şəklində olunur. İndi normativ akt qəbul etməklə onlara bunu qadağan edəcəklər? Ya da onlara deyəcəklər ki, partiyaya təmənnasız kömək etmək olmaz,  bunu yalnız ödənişli etməlisiniz? Bunu qadağan edə bilməzlər. Belə addımlar çıxış yolu deyil. Çıxış yolu ölkədə həqiqi fəaliyyət göstərən siyasi partiyaları müəyyən etməyin kriteriyalarını hazırlamaqdır. 

Bundan sonra həmin partiyalar hakimiyyətin onlara olan münasibətindən asılı olmayaraq  dövlət maliyyələşməsindən istifadə etməlidirlər. Həmçinin ölkə vətəndaşlarının, xüsusilə iş adamlarının siyasi partiyalara maliyyə yardımı etdiyinə görə hər hansı problem yaşamamasını təmin etmək lazımdır. O vaxta qədər ki, bunlar olmayıb, belə normativ aktların qəbul olunması siyasi partiyalara təzyiq kimi qiymətləndiriləcək”.