"Ziya Məmmədovun komandadan uzaqlaşdırılması bizim uğurumuzdur. Bu qəti addım atdığına görə Prezidenti alqışlayıram".
Bu sözləri mia.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Z.Məmmədovun işdən çıxarılması ilə bağlı sərəncamı şərh edərkən deyib.
O bildirib ki, Z.Məmmədovla bağlı bu addım çoxdan atılmalı idi:
"Mən uzun müddətdir ki, Ziya Məmmədovun ölkə başçısına və dövlətimizə xəyanətləri ilə bağlı açıqlmalar verirəm, ortaya faktlar qoyuram. Ziya Məmmədovun oğlu Avropada anti-İlham Əliyev qüvvələri ilə işbirliyinə girəndə, radikal müxalifəti maliyyələşdirəndə axırı belə olmalı idi. Hesab edirəm ki, Nəqliyyat Nazirliyi kimi korrupsiya yuvasının dağıdılması müsbət qiymətləndirilməlidir".
Partiya sədri onu da bildirib ki, Prezident bu "təmizləmə" işlərini davam etdirilməlidir:
"Ziya Məmmədovu elə-belə buraxmaq lazım deyil. Hesab edirəm ki, Ziya Məmmədov həbs edilməli, qudası Heydər Əsədov da onun ardınca istefaya göndərilməlidir. Heydər Əsədov da Prezidentin qoyduğu siyasətin əleyhinə gedir. Kənd təsərrüfatını iflic vəziyyətə salıb. Belə getsə, vəziyyət daha da pis olacaq və bunların səbəbkarı da Heydər Əsədovdur. Ümid edirəm ki, əziz qardaşım bu istiqamətdə qəti addımlıarını davam etdirəcəm. Mən də bir qardaş kimi onun yolunda canımdan keçməyə belə hazıram".