Şəfəqə Doğru » Manşet » Onkoloji xəstələrin sayı niyə artır?

Onkoloji xəstələrin sayı niyə artır?

Onkoloji xəstələrin sayı niyə artır?

Bir neçə gün əvvəl Azərbaycanda onkoloji xəstəliklərin artması ilə bağlı məlumat yayılmışdı.

Həmin məlumatda bildirilir ki, Azərbaycanda 2011-ci ildə əhalinin hər 100 min nəfərinə düşən onkoloji xəstələrin sayı 95,8 nəfər olub. 2012-ci ildə bu, azalıb, 94,2 nəfərə düşüb, sonrakı illərdə isə artaraq 2013-cü ildə 97,5, 2014-cü ildə 101,4 nəfərə çatıb. 2015-ci ildə isə Azərbaycanda əhalinin hər 100 min nəfəri arasında onkoloji xəstələrin sayı 106,9 nəfər olub. Ötən il isə bu rəqəm bir qədər də yüksəlib və əhalinin hər 100 min nəfərindən 108,5-ində onkoloji xəstəlik olub.

Beləliklə, onkoloji xəstəliklər 5 ilə 10 faizdən çox artıb. Bəs bu xəstəlik niyə artır? Keyfiyyətsiz qida? Ya bəlkə ekologiya? Hava? Su? Ya bəlkə həkim diaqnostikası yaxşılaşıb? Əvvəllər bilinməyən xəstəliyi aşkar edə bilirlər? Ya bəlkə əksinə, həkim diaqnozu qüsurludur, statistikaya təsir edir?

Shafaqadogru.com  xəbər verir ki, tibbi ekspert Adil Qeybulla Azərbaycanda onkoloji xəstəliklərin artmasını bir neçə faktorla əlaqələndirir. Ekspert bildirir ki, xəstəliyin artmasının əsas səbəblərindən biri ekoloji səbəblərdir. Eyni zamanda ekspert ərzaq və dərman təhlükəsizliyinin və içməli su probleminin ürəkaçan olmamasını da səbəb kimi göstərir.

Adil Qeybulla deyir ki, ərzaq təhlükəsizliyi, dərman təhlükəsizliyi, içməli su təhlükəsizliyi ilə bağlı konsepsiyalar hazırlanmalıdır. Onun sözlərinə görə bütün bunlar milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. Onun sözlərinə görə əhali arasında xəstəliklə bağlı geniş maarifəndirmə aparılmalıdır.

Həkim Vasif İsmayıl bu problemin bütün dünyada aktual olduğunu qeyd edir. Həkim deyir ki, dünyada insan ömrünün uzanması bu xəstəliyin artmasının səbəblərindən biridir. Onun sözlərinə görə yaş artdıqca bu xəstəliyə tutulma riski artır.

Vasif İsmayıl bundan başqa qida rejiminin və qida təhlükəsizliyini bu xəstəliyin artmasına əsas kimi gətirir. Həkim eyni zamanda ekoloji məsələləri də xəstəliyin artmasının səbəbi kimi gördüyünü qeyd edir.

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov bu xəstəliyin artmasına əsas səbəb kimi təbii inkişafı göstərir. Onkoloq deyir ki, bu xəstəlik bir növ "sosial xəstəlik” olduğu üçün cəmiyyət varlandıqca, sənaye inkişaf etdikcə,bu xəstəlik artan xəstəliklər siyahısında olacaq.

Həkim bu xəstəliyin qorxulu olmadığını da iddia edir: onkoloji xəstəlik vaxtında aşkar olunsa və müalicə getsə,insanlar sağalıb, normal ömür sürəcəklər.