Biləsuvar rayonunda kəndlər arası marşrut avtobuslarının qiymətləri artırılıb.
Bu barədə BakiPost.az-a rayonun Çaylı kəndinin sakinləri məlumat verib. Sakinlər qiymətlərin qeyri-qanuni şəkildə artırıldığını iddia ediblər: "Çaylı kəndində sərnişindaşıma ilə məşğul olan mikroavtobusların sürücüləri (sahibləri) qeyri-qanuni olaraq qiymət artımı ediblər. Əvvəllər məsafədən asılı olmayaraq qiymət 20 qəpik olduğu halda, hazırda 30 qəpikdir”.
Kənd sakinləri bununla bağlı icra hakimiyyətinə öz narazılıqlarını bildirdiklərini vurğulayıblar: "Amma müraciətimizə əhəmiyyət verən olmayıb. Heç kim məsələ ilə maraqlanmır. Hazırda da gediş haqqı 30 qəpikdir.
Ümumiyyətlə, Tarif Şurasının qoyduğu qiymətləri icra etmirlər. Belə ki, Çaylı kəndinin marşrut xəttinin uzunluğu təqribən 8 km-dir. Belə olan halda Tarif Şurasının qoyduğu qiymətə uyğun olaraq gediş haqqı 20 qəpik olmalıdır”.
Şikayətçilər bildiriblər ki, məsələ ilə bağlı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət ediblər.
Məsələ ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab verən olmadı.