Şəfəqə Doğru » Manşet » İKİ MALİYYƏ BOSSUNUN DOLLAR SAVAŞI – Dolların ucuzlaşmasının sirri

İKİ MALİYYƏ BOSSUNUN DOLLAR SAVAŞI – Dolların ucuzlaşmasının sirri

İKİ MALİYYƏ BOSSUNUN DOLLAR SAVAŞI – Dolların ucuzlaşmasının sirri

Elman Rüstəmov niyə dəhşətli manat qıtlığı yaradıb?

Bir neçə gündür dolların ucuzlaşması müşahidə olunur. İqtisadçı ekpsertlər bildirir ki, hazırda dolların ucuzlaşması üçün heç bir iqtisadi əsas yoxdur. O zaman sual yaranır: Dollar niyə ucuzlaşır?
Marja.az saytı adının açıqlanmasını istəməyən mənbəyə istinadən yazır ki, dolların ucuzlaşması bankların marağındadır. Banklar bilərəkdən hərracdan dollar almayaraq və ya az alaraq məzənnənin aşağı düşməsinə şərait yaradırlar. "Banklar hərraca az sifariş təqdim etməklə qarşıdakı günlərdə küllü miqdarda daha ucuz qiymətə dollar almaq istəyirlər. Çünki banklar əmanətçilərinin dollar depozitlərini qaytarmalıdırlar. Dolları 1.60 əvəzinə 1,50-yə və daha aşağı qiymətlərə alıb əmanətçinin pulunu qaytarmaq banklara sərf edir”,- deyə mənbə bildirib.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, yanvarın sonuna, banklarda əhalinin xarici valyutada 7,2 milyard manat (hazırkı rəsmi məzənnə ilə 4,7 milyard dollar) civarında əmanəti olub.

Artıq yeni şərtlərə görə, banklara 3 faiz dərəcəsindən yüksək faizlə, xarici valyutada yatırılan əmanətlər dövlət tərəfinfdən sığortalanmır. Milli valyutada, 12 faizədək faiz dərəcələri ilə yatırılan əmanətlər isə məbləğindən asılı olmayaraq sığortalanır. Bu dəyişiklikdən sonra əhalinin banklarda dollardakı vəsaitlərini çıxardaraq yenidən manatda yatıracağı gözlənilir. Bu proses özlüyündə dolları daha da ucuzlaşdıra bilər.

"Azadlıq” qəzetinə daxil olan məlumata görə isə dolların ucuzlaşması iki maliyyə bossunun – Mərkəzi Bankın sədri Elman Rüstəmovla maliyyə naziri Samir Şərifovun aransındakı ziddiyyətlərin təzahürüdür. Bildirilir ki, bu ziddiyyətlər ikinci devalvasiyadan sonra baş qaldırıb. Hökumətdəki mənbənin sözlərinə görə, Elman Rüstəmov 21 dekabr devalvasiyasında dolların məzənnəsinin 1.10-1.20 qəpik civarında müəyyənləşdirilməsini təklif edib. Lakin Samir Şərifov Elman Rüstəmovdan fərqli olaraq sərt devalvasiyasının tərəfdarı olub. Hansısa səbəblərdən ölkə başçısı İlham Əliyev Samir Şərifovun təklifini dəstəkləyib.
Bəs niyə bu məsələ Elman Rüstəmovla Samir Şərifov arasında ziddiyyətlərə səbəb olub? Məsələ burasındadır ki, devalvasiya Maliyyə Nazirliyinə sərf edən prosesdir. Çünki istənilən devalvasiya qiymət artımına səbəb olur. Bu halda isə vergi daha da artır və nəhayət dövlət büdcəsinin doldurulması bir qədər asanlaşır.
Elman Rüstəmov isə inflyasiyaya nəzarət edən bir şəxs kimi hər devalvasiyada hədəfə gəlir. Bu baxımdan Mərkəzi Bank rəhbəri sərt devalvasiyanın tərəfdarı deyil. Məlumatda bildirilir ki, indi Elman Rüstəmov vəziyyətdən çıxış yolu kimi manat qıtlığı yaradıb. Elə bu səbəbdəndir ki, Mərkəzi Bankın hərraca çıxardığı böyük məbləğdə dolların yalnız cüzi hissəsi satılır. Banklarda dollar almaq üçün manat tapmaqda çətinlik çəkirlər. Qeyd edək ki, 2015-ci ilin yanvarın 1-nə olan məlumata görə, dövriyyədə 11 milyard manat olub. Bu il isə bu məbləğ 4 milyarda düşüb.
Bəzi məlumatlara görə, Samir Şərifovla Elman Rüstəmov arasında münasibətlər o qədər kəskindir ki, baş bankir maliyyə nazirinə yaxın bankların – Beynəlxalq Bank və "Azərtürkbank”ın rəhbərliyini Mərkəzi Bankdakı tədbirlərə çağırmır.