Ermənistanda seçicilərin çox aşağı faizlə iştirakı sübut edir ki, cəmiyyət prosesi xeyli dərəcədə boykot edib.
Bu sözləri Ermənistanda parlament seçkisinin nəticələri ilə bağlı danışan millət vəkili Zahid Oruc deyib. Millət vəkili 2 aprel seçkilərinə beynəlxalq dairələrin, bölgə dövlətlərinin qiymətindən öncə Ermənistanın içərisindən olan münasibəti xüsusi qabartmağı lazım bilib:
"Ermənistanda seçkilərin nəticələri bütövlükdə xalqın iradəsini əks etdirmir. Köçəryan bildirdi ki, bu seçkilər böyük pul kisələri və sosial katastrof şəraitinə düşən adamların həmin kisələrdən asılılğının nümayişidir. Gerçəkdən də belə oldu. İnsanların durumu o vəziyyətdə idi ki, adamlar seçki hərracında hansı rəqəmin təklif olunmasından asılı olmayaraq, öz səslərini satmağa hazır idilər. Seçkilərdən öncə o ölkəyə hansısa dövlətin mühüm təmsilçilərinin gəldiyi və siyahıların razılaşdırıldığı heç kəsə sirr deyil. Yəni milyonlarla erməni seçicisinin iradəsi bir paytaxtda hansısa konqresdəki razılaşmalardan qat-qat aşağı imkanlara malikdir. Başqa bir tərəfdən, ötən ilin aprelindən sonra Petrosyanın tərəfdarlarının daha da artması fonunda erməni cəmiyyəti doğurdanmı 2 apreldə müharibəni, təcavüzkarlığı və təhlükəsizlik mühitinə zərbə vurmağı seçdi? Hesab edirəm ki, əskinə, seçicilərin çox aşağı bir faizlə iştirakı sübut edir ki, cəmiyyət prosesi xeyli dərəcədə boykot edib. Qərb ölkələrində aşağı faizlə seçicilərin iştirakıyla Ermənistandakı hadisələri eyniləşdirmək çox yanlış olardı. Düşünürəm ki, Ermənistan cəmiyyətində oturuşmuş bir rəy mövcuddur ki, bu hakimiyyəti seçki vasitəsiylə dəyişmək mümkün deyil”.
Üç partiyanın parlamentdə üstünlük qazanması fonunda yerdə qalan digər qüvvələrin erməni cəmiyyətinin istehsalçı hissəsi olduğunu qeyd edən Zahid Oruc hesab edir ki, bu təbəqə toparlanacaq və Sərkisyan əleyhinə mübarizə daha da kəskinləşəcək:
"Azərbaycan Ermənistanın demokratik dövlət olmasında maraqlıdır. Biz çox arzulayırdıq ki, beynəlxalq hüquqa yönələn qüvvələr, bölgədə hanısa dairələrin əlində alət olmayan partiya və hərəkatlar bu seçkidə üstünlük qazansınlar və regionda uzun on illər ərzində hökm sürən müharibə ab-havası bir qədər arxa plana keçsin. Lakin olmadı. Bununla bərabər, erməni hərbi və ya siyasi elitasının seçimi onların öz qərarıdır. Bir halda ki, hakim partiya proporsional siyahıya Müdafiə naziri Vigen Sərkisyanın adını yazır, demək, bu, hərbiləşmiş seçkilərdir. Yəni bütün ordu birləşmələrinin fəaliyyətini konkret əmrlər həll edir. Böyük pul kütləsinə malik adamların burada üstünlük qazanması sübut edir ki, Ermənistan cəmiyyəti hazırkı qüvvələrin hesabına dəyişmək gücündə deyil. Açığı, Sərkisyanın ağlı, təfəkkürü nəinki bölgədə heç bir dövlət və ya dövlət başçısı ilə müqayisə oluna bilməz, o cümlədən heç erməni xaqlının özünün də potensialına uyğun deyil. Bu dəqiqdir. Sərkisyan qalib gəlibsə, bu, erməni xalqının məğlubiyyətidir”.
Qeyd edək ki, konstitusiya dəyişikliyindən sonra Ermənistanda keçirilən ötəngünkü parlament seçkisi xüsusi önəm daşıyır. Çünki bu seçkilərdən sonra Ermənistan parlament üsul-idarəsinə keçir. Qanunvericiliyə əsasən, deputatların sayı 131-dən 105-ə endirilir.
Seçkidə 5 siyasi partiya və 4 seçki bloku iştirak edib. Ermənistan MSK-sının elan etdiyi son nəticəyə görə, parlament seçkilərində baryeri Respublika Partiyası (49,12%), Çarukyan bloku (27,32%), Yelk bloku (7,77%) və Daşnaksütyun Partiyası (6,57%) keçib.
Ermənistan parlamentinə düşmək üçün partiyalar 5, siyasi bloklar isə 7 faizlik baryeri aşmalıdır.