Azərbaycanda "Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb.
Təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.
Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, qanun layihəsi aprelin 25-də Milli Məclisdə müzakirəyə çıxarılacaq:
"Qanun layihəsində valyutadəyişmə, mübadilə məntəqələrinin yenidən bərpası nəzərdə tutulub. Qanun geniş şəkildə parlamentin plenar iclasında müzakirə ediləcək. Əvvəllər buna Mərkəzi Bankın nəzarət mexanizmi həyata keçirilirdi. Dəyişikliklərdə isə valyutadəyişmə məntəqələrinə nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunması nəzərdə tutulub. Bu baxımdan qanun qəbul olunduqdan sonra valyutadəyişmə məntəqələri fəaliyyətə başlaya bilər”.
V.Əhmədov bildirib ki, fiziki şəxslər dövlət rüsumu ödəməklə valyutadəyişmə məntəqələri işlədə biləcəklər:
"Fiziki şəxslər 500 manat lisenziya haqqı ödəməklə (1 illik) valyutadəyişmə məntəqəsi işlədə biləcək. Dövlət rüsumu əvvəldə bu məbləğdə idi”.
"Əslində valyutadəyişmə məntəqələrinin ləğv edilməsi "qara bazar”ın sıradan çıxmasına hesablanmışdı. Çünki bildirilirdi ki, valyuta bu məntəqələr vasitəsilə "qara bazar”a ötürülür. Faktiki olaraq valyutadəyişmə məntəqələrində valyuta yox idi. İndi görünən odur ki, məntəqələrin bağlanması effektiv nəticə vermədi.
”Qara bazar” indi də fəaliyyət göstərir. Bəzi fikirlər var ki, valyutadəyişmə məntəqələri yenidən açıldıqdan sonra "qara bazar” tamamilə yox olacaq. Amma mən valyutadəyişmə məntəqələrinin açılması ilə "qara bazar”ın sıradan çıxacağına inanmıram. Bunu birbaşa demək doğru deyil. Çünki bu, tətbiq ediləcək mexanizmdən, mübadilədən asılı olacaq. Əgər dollar və manat qıtlığı olmayacaqsa, "qara bazar” da olmayacaq. Mən valyutadəyişmə məntəqələrinin tərəfdarıyam. Amma dünyanın hər yerində valyutadəyişmə məntəqələri bankların nəzdində fəaliyyət göstərir və banklar vasitəsilə pul mübadiləsi aparırlar. İndi təklif edilən dəyişikliklə fiziki şəxslərin banka bağlı olmadan sərbəst fəaliyyəti nəzərdə tutulur”.