Şəfəqə Doğru » Manşet » Əliməmməd Nuriyev: “Banklar bir çox hallarda subyektiv yanaşmalar edirlər, səlahiyyət hədlərini aşırlar”

Əliməmməd Nuriyev: “Banklar bir çox hallarda subyektiv yanaşmalar edirlər, səlahiyyət hədlərini aşırlar”

Əliməmməd Nuriyev: “Banklar bir çox hallarda subyektiv yanaşmalar edirlər, səlahiyyət hədlərini aşırlar”
Novella Cəfəroğlu: "Bu oyunlar QHT-ləri o həddə çatdırıb ki...”

Yüzlərlə QHT rəhbəri banklarda üzləşdikləri problemin aradan qaldırılması üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb.Shafaqadogru.com strateq.az-a istinadən xəbər verir ki, son günlər banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib.

QHT-lər müraciətlərində göstəriblər ki, çətinliklərə səbəb "Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.7-ci maddəsinə istinad edilərək dövlət donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsidir. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 dekabr 2016-cı il tarixli "Nağdsız hesablaşmalar haqqında” Qanuna istinad edərək, banklara ünvanladığı məktubun icrası QHT-lərə bu problemi yaradıb.


Müraciətdə qeyd olunur ki, palatanın qərarından sonra qeyri-hökumət təşkilatları 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər.


Hazırda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən müsabiqə nəticələrinə əsasən müxtəlif layihələrinin icrası ilə bağlı ayrılmış maliyyə vəsaitləri qeyri-hökumət təşkilatlarının bank hesablarına köçürülsə də, bu vəsaitlərdən istifadə praktiki olaraq mümkünsüz hal alıb.


Bu səbəbdən QHT-lər ictimai əhəmiyyətli layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması və qanunvericiliklə müəyyən edilmiş 15 min manatadək məbləğdə hesablaşmaların nağd qaydada aparılmasının təmin olunmasına dair dövlət başçısından müvafiq göstəriş verməsini xahiş ediblər.
Əliməmməd Nuriyev:
Müraciətə imza atan Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu ümidli danışdı: "Əminəm ki, dövlət başçısı QHT-lərin müraciətini nəzərə alacaq. Bankların bu oyunları QHT-ləri o həddə çatdırıb ki, regionlarda hesablar açmağa məcbur olublar. Bunun Azərbaycana xeyri varmı? İclasda da bildirdim ki, yaradılan bu maneələrdən sonra biz də məcbur olub belə addım atacağıq. Bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır, belə də olacağına ümid edirik. Banklar qoyduqları absurd məhdudiyyətləri aradan qaldırmalıdırlar”.


Açıq Hökumət Təşəbbüsü Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev müraciətlərinin bəhrə verəcəyinə inanır: "Azərbaycan QHT-lərini daim müdafiə edən, onların istiqamətlərini müəyyənləşdirən ölkə başçısı olub. Prezidentin sərəncamı ilə ”Vətəndaş cəmiyyətinin konsepsiyası" hazırlanıb. Digər sərəncamla Prezident yanında QHT-lərə Dəstək Şurası yaradılıb. Bu və ya digər amillər vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün görülən işləri göstərir. Bugünlərdə ölkə başçısı tərəfindən Gənclər Fonduna 3 milyon ayrıldı. Bu fakt da cənab prezidentin vətəndaş cəmiyyətinin müdafiəsində və inkişafında maraqlı olduğunu göstərir. Bundan əlavə, ötən ilin oktyabrında prezident tərəfindən "Bir pəncərə sistemi”nin tətbiqi barədə fərman verildi. İnanıram ki, QHT-ləri narahat edən problemlərlə bağlı müraciətimizin müsbət nəticəsi olacaq. Bir sıra məsələlərlə bağlı qanunvericiliyin özündə ziddiyyətlər mövcuddur.

Bəzi hallarla hesablaşmaq mümkün deyil. Bütün bunlar QHT-lərin fəaliyyətinə ciddi şəkildə maneçilik yaradır. Hazırda müqavilələr bağlanmasına baxmayaraq, layihələrin həyata keçirilməsi xeyli dərəcədə çətinləşib. Nağd hesablaşmalarla bağlı konkret limit qoyulsaydı daha yaxşı olardı. Banklar bəzən özbaşına məhdudiyyətlər tətbiq edirlər. Özlərini "sığorta” etmək üçün işçilərinə deyiblər ki, hansısa bir QHT-dən qrant gəlibsə, razılaşma ola bilməz. Söhbət kiçik vəsaitlərdən gedir. QHT-lərlə bağlı məsələlərə bir qədər diqqətli yanaşmaq lazımdır. Yeri gəlmişkən, Açıq Hökumət Platforması Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərinə, hörmətli Rüfət müəllimə müraciət edib. Müraciətdə vətəndaş cəmiyyəti ilə Nəzarət Palatası arasında görüşün olması təklif edilir. Bizləri narahat edən bəzi məsələlərə aydınlıq gətirilməsini istəyirik. Banklar bir çox hallarda subyektiv yanaşmalar edirlər, səlahiyyət hədlərini aşırlar. İnanıram ki, təklif etdiyimiz görüş baş tutacaq, məsələlərə aydınlıq gətiriləcək. Əlbəttə, əsas vacib olanı prezidentə etdiyimiz müraciətdir. Bankların da QHT-ləri bundan sonra narahat etməyəcəklərinə, anlayışla yanaşacaqlarına inanırıq".