Şəfəqə Doğru » Manşet » Oqtay Əsədov Zahid Oruca: Heç qorxana oxşamırsan

Oqtay Əsədov Zahid Oruca: Heç qorxana oxşamırsan

Oqtay Əsədov Zahid Oruca: Heç qorxana oxşamırsan
''Qanun layihəsi qəbul olunsa, parlamentdə qorxaqlıq yaradacaq''


"Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, onun qərarı ilə də sonlandırırıq. Ancaq biz daxili nizamnamədə dəyişiklik edəcəyiksə, bununla parlamentin nüfuzuna zərbə dəyə bilər. Eyni zamanda, əgər Milli Məclis öz üzvünü deputatlıq səlahiyyətindən məhrum edirsə, onda məhkəmənin səlahiyyətini mənimsəmiş olacaq. Ancaq, məsələn, region ölkələrində belə bir kodeks yoxdur. Bu yaxınlarda Gürcüstan parlamentində kimsə qələmlə başqasının başını yarmışdı. Buna görə heç bir cəza almamışdı. Amma Gürcüstan parlamenti dövlət quruculuğunda mühüm yer tutur. Yaxud da bu cür qanunu olmayan ölkə olan Danimarkada korrupsiya səviyyəsi sıfırdır, əksinə, belə qanunu olan İndoneziya Korrupsiya səviyyəsinə görə 88-ci yerdədir”.


Bu sözləri Milli Məclisin mayın 2-də keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib. O qeyd edib ki, bununla parlament məhkəmə səlahiyyətlərini mənimsəmiş olacaq. Onun sözlərinə görə, dünya təcrübəsində belədir ki, cəzanın sərtləşdirilməsi cinayətin qarşısını almır. Deputat vurğulayıb ki, bu, qanun layihəsi qəbul olunsa, parlamentdə qorxaqlıq yaradacaq, özünü senzuraya gətirib çıxaracaq: 

"Bu, parlamentin nüfuzuna zərbədir. Düşünməyin ki, dövlət güclü, parlament zəif ola bilər”.

Milli Məclis sədri Oqtay Əsədov isə Zahid Oruca "heç qorxana oxşamırsan, bayaqdan elə danışırsan. Burada səlahiyyət mənimsənilməsindən söhbət gedə bilməz” – deyə cavab verib. 

Milli Məclisdə sözügedən qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. 

Komitə sədri bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərin tələbidir. Sənəddə göstərilib ki, hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.
Oqtay Əsədov Zahid Oruca: Heç qorxana oxşamırsan
Deputat vətəndaşlarla, o cümlədən seçiciləri, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli, həssas və təmkinli olmalıdır. Deputat qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir. O, öz səlahiyyət müddətində maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Qeyd olunub ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür. Komissiya, eyni zamanda, deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir. Bu tədbirlər sırasında deputatın mandatdan məhrum olunması da nəzərdə tutulub. 

Deputat Tahir Kərimli qanunun deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara görə xəbərdarlıq və hədiyyələr almaqla bağlı maddələrinin dəyişdirilməsini istəyib: 

"Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox?” 
Oqtay Əsədov Zahid Oruca: Heç qorxana oxşamırsan
Deputat Fərəc Quliyev isə deyib ki, layihədə deputatı kiçildən məqamlar var. O da daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz edib. 

Deputat Fazil Mustafa da qanun layihəsinə etirazını bildirib, qanunun qəbulu ilə deputatın fəaliyyətinin məhdudlaşdırılacağını deyib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini deputat Siyavuş Novruzov isə layihəni dəstəkləyib: 

"Heç bir deputat parlamentin adına xələl gətirməməlidir, deputatlar nümunəvi olmalıdır. Əgər deputat özünü düzgün apararsa, onun haqqında şikayət olmazsa, bu zaman o insanlar nəyə görə narahat olurlar? Əgər deputat etik qaydaları pozmursa, ona bu maddə nə üçün tətbiq edilməlidir? Əgər biz burada hakimləri, MSK üzvlərini və digər insanları seçiriksə, onların fəaliyyətinə nəzarət ediriksə, o zaman bu nə üçün deputatlara şamil edilməməlidir? Əgər deputat etik davranış qaydalarını pozursa və özünün haqlı olduğunu sübut edə bilmirsə, o zaman o adam nə üçün məsuliyyət daşımamalıdır? Bu cür təcrübə bir çox inkişaf etmiş dövlətlərdə mövcuddur”.

Spiker Oqtay Əsədov isə deyib ki, sözügedən qanun layihəsinin işlənilməsinə ehtiyac var: 

"Bu qanun layihəsində bəzi məqamlar var ki, onlar yumşaldılmalıdır. Təklif edirəm ki, bu sənəd üzərində işlənilsin və növbəti iclaslarda gündəliyə salınsın”.

Bununla belə, qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Shafaqadogru.com