Bu işdə ayrı – ayrı nazirliklərin və dövlət komitələrinin İmişlidə fəaliyyət göstərən müəssisə rəhbərlərindən çatdırılan məqsədli və mənfi yüklü informasiyalara 1-ci tərəfindən göstərilən təpkidə böyük rol oynayır.
Son on ilin ölkənin siyasi idarəçilik tarixinə əyalət icra strukturlarında 1-ci müavin ruzgarının əsdiyi dövr kimi yazılacağı qətiyyən şübhə doğurmur. Ötən bu tarixdə regiona təyin olunan icra başçısı 1-ci müavinini ya özü ilə şəxsi əşya qismində gətirir, ya da "keçmiş nazirin, keçmiş müavini”ni yenidən formatlayır. Əslində yeni təyinatlı icra başçılarının bu addımı "kiçik padşahlığın” yaradılmasına hesablanmış addımdır. Ölkənin əksər rayonlarına təyin olunan icra başçıları demək olar ki, yerli deyillər. Seçilən bu forma yeni təyinatlı başçının məsuliyyətini azaldır. O halda ki, öz "kölgəsini”, yəni özündən sonrakı 1-incini məhz yerlilərdən təyin edir. Yəni özü Kərbəlayi İsmayıl olub, külli ixtiyarı Qəmloya verir. Ədalət naminə deyək ki, icra başçısının 1-incisi bu təyinatdan sonra heç də məktəb 1-inciləri kimi bir inci olmurlar. Görəvlərinin elə ilk günlərində çardağından "paslı aynalı” çıxmayanları belə "Məşədi Cəmilin gününə salırlar”. Beş il öncə İmişliyə təyinat alan Vilyam Hacıyev əslində ölkə boyu epidemiya kimi yayılmış 1-ci müavin rüzgarına son verdi. Cənab Hacıyev bu addımı ilə özündən sonrakı 1-ciyə, yəni Səfa Ağayevə "yavrum əsdirirsənsə get yel dəyirmanını fırlat” – deyə mesaj ötürdü.
Shafaqadogru.com Conflict.az-a istinadən daxil olan məlumatda İmişlidəki mənbədən Vilyam Hacıyevin beş il öncə, 1-ci müavini Səfa Ağayevə qarşı planlaşdırdığı bu addımın səbəbsiz olmadığı ilə bağlı maraqlı faktlar daxil olub. Belə ki, rayon YAP-nın sədri görəvinə qəfil gəlişindən ekstaza gələn Səfa Ağayev artıq miqyasını İmişli ilə sərhədləndirmək istəmir. Rayonun sabiq icra başçısı Əbülfəz Ağayev dönəmində Prezident Admnistrasiyasında Aran bölgəsi üzrə kurator iddiasına düşən Səfa Ağayevin vəzifə olimpinə irəliləyiş cəhdlərinə Admnistrasiyanın koridorundaca son verilir. "Kuratorluq kürkü sənin üçün çox, həm də lap çox böyükdür” – misallı bir mesajla geri dönən 1-ci müavini İmişlidə sürpriz də gözləyir. Əbülfəz Ağayev Səfa Ağayevi mövcud ölçülərindən daha böyük iddialara düşdüyü üçün görəvindən alır. İmişli YAP-ın sədri şəxsi kontaktlarından istifadə etməklə görəvinə dönsədə, artıq əvvəlki namında qalmır. Həm mərkəzi hakimiyyətin "Napoleon olmaq istəyən” 1-ci müavinə bir o qədər də etirbarı qalmır, həm də Əbülfəz Ağayev artıq 1-ci müavini ilə "siyirməqılınc” davranır. Vilyam Hacıyevin İmişliyə təyinatından sonra yenidən öz ampulasına dönən Səfa Ağayev bir müddət yenə də "Bağdad xəlifəsi” olur. Və köhnə iddiaya yeni cəhdlər edir. Yenidən görəvindən alınır. Mənbənin bildirdiyinə görə artıq ikinci dəfə görəvindən alınan Səfa Ağayev bir neçə günlük Bakı səfərindən sonra yenə də 1-ci müavinliyinə dönə bilir. Lakin bu dönüş "böyük qayıdış” olmur. İllərlə ölkə boyu tətbiq olunan forma artıq İmişlidə işləmir. "Sement zavodu – mən, ət kombinatı – mən” üsul-idarəsinə keçilir. Yəni 1-ci müavinlik filmdəki epizodik rol kimi bir nəsnə olur. İmişlidəki mənbədən ötən gün Conflict.az-a daxil olan məlumatda bildirilir ki, beş illik fasilədən sonra Səfa Ağayev yenidən Vilyam Hacıyevin könül quşuna çevrilə bilib.
Artıq "hər bəstə boylu Napaleon olmaz” – tezisi ilə, daha doğrusu taleyi ilə barışan Səfa Ağayevin son missiyası rayonda fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri barədə Vilyam Hacıyevi məlumatlandırmaqdır. Mənbənin bildirdiyən görə məsələnin ən maraqlı və acınacaqlı tərəfi 1-ci müavinin məlumatları məhz öz süzgəcindən keçirtməklə çatdırmasıdır. Vilyam Hacıyevin artıq hər – hansı bölgəyə yenidən təyinatı olmadan görəvindən alınacağı xəbərindən sonra başçıya jestlər edən 1-ci müavini mövcud şərtlərdə və ölçülərdə icra başçısı ola biləcəyinə də özünü inandırıb. Məlumatı verən mənbə onu da əlavə etdi ki, 1-ci müavinin icra başçısına ötürdüyü informasiyalar nəticə etibarı ilə Vilyam Hacıyevlə müəssisə rəhbərlərini üz-üzə qoymaq məqsədi daşıyır. Əslində bu bulanıq suda balıq tutmaq istəyindən irəli gəlir. İllərdir dərsini bilməyən cocuqlar kimi küncdə saxlanılan Səfa Ağayev Vilyam Hacıyevin onsuz atdığı hər bir addımın mənfi sonucunu 1-cinin, "əgər mən edərdimsə...” prizmasından yanaşmaqla müsbət saldosunu isə öz aktivinə yazır. O da qeyd edilir ki, Vilyam Hacıyevin Səfa Ağayevlə ulduzlarının barışması heç də 1-cinin öz 1-incisinin keçmiş iddialarını unutduğu anlamına gəlmir. Əksinə, mənbənin bildirdiyinə görə bu "ulduz paradının” nüvəsində iki dəfə görəvindən alınsa da, yenidən görəvinə dönməyi bacaran 1-ci müavinin Vilyam Hacıyev erasından sonra "tarixə dönüş” etmə istəyində olmasının yaratdığı təlaşdır. Məlumatda o da bildirilir ki, yuxarıda qeyd edilənləri ustalıqla planlayan Səfa Ağayev hələ ki, cənab Hacıyevi tarixin arxivinə doğru apara bilir. Bu işdə ayrı – ayrı nazirliklərin və dövlət komitələrinin İmişlidə fəaliyyət göstərən müəssisə rəhbərlərindən çatdırılan məqsədli və mənfi yüklü informasiyalara 1-ci tərəfindən göstərilən təpkidə böyük rol oynayır. Artıq Səfa Ağayev dəqiq bilir ki, təbiət qanunlarına görə qurdlar təkbətək döyüşürlər və udurlar. Cəmiyyət qanunlarına görə isə 1-ci müavinlər qurdlar kimi döyüşərlərsə mütləq döyüşü uduzurlar. Ona görə də komanda döyüşü ən effektli variantdır.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.