Təhsil naziri Mikayıl Cabbarovla Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva arasındakı qalmaqal birincinin qələbəsi ilə başa çatıb
Nazirin rektora töhmət verməsindən sonra N.Əliyeva öz mövqeyindən çəkilməmişdi. Lakin məsələ nazirin istədiyi kimi yekunlaşıb.
Artıa keçən ilin sentyabrında sökülməyə başlayan Bakı Slavyan Universitetinin üzərindəki mozaika bərpa edilir. Bu haqda qafqazinfo.az saytı foto yayıb.
Yeni mozaikada da əvvəlkindəki kimi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi və digər şairlərin təsvirləri əks edilib.
Sözügedən mozaikanın sökülməsi ictimaiyyət arasında böyük narazılığa səbəb olmuşdu. Həmin vaxt universitetə yeni təyin edilən rektor Nurlana Əliyeva isə bu işin Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirildiyini bildirmişdi.
Mozaikanın bərpa olunması nəzərdə tutulmurdu və rektor öz bildiyini diktə etmək arzusunda idi. Ancaq göründüyü kimi, rektor təhsil nazirinə bata bilməyib.
N.Əliyeva deputat Hadı Rəcəblinin qudasıdır. Onu da demək yerinə düşər ki, Nurlana Əliyeva təyin olunduğu gündən keçmiş rektor Asif Hacıyevə atəş açmışdı.
Sabiq rektorun sələfi onu gah "ölü can”lar saxlamaqda ittiham edir, gah bağladığı Yaradıcılıq fakültəsinin təşkilində qanunsuzluğa yol verildiyini iddia edirdi.
Bu ayrı məsələdir ki, N.Əliyeva sökdürdüyü mozaikaya görə də onu qınayanlara təhqirlə cavab vermişdi.
Amma prioritet mübarizə istiqaməti xələfinə yönəlmişdi və hər gün A.Hacıyevin qüsurlarını aşkarladığını nümayiş etdirməyə çalışırdı.
Doğrudur, sabiq rektora ona cavab verib, amma qarşıdurma dərinləşirdi. Çünki eks-rektor prezidentin müşviri Kamal Abdullanın kadrı idi.
Shafaqadogru.com Ulus.Az-a istinadən əldə etdiyi xəbərə görə, bundan qabaq da onların arasında qovğa yaşanıb. Nurlana Əliyevanın Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirindən yarımçıq getməsiylə bağlı yayılan məlumatlara aydınlıq gətirilmişdi:
"Tədbirdə Azərbaycanın tanımış siyasi və ictimai xadimi, ədəbiyyatşünas alimi, ağsaqqal və xanım ziyalısı N.Əliyevaya həmin tədbirdə qapının ağzında yer təklif etməklə professorun statusuna, yaşına və ümumiyyətlə, Azərbaycan xalqının qadına münasibətdə tarixən formalaşmış ənənələrinə uyğun olmayan bir davranış göstərilib və rektor da buna öz etirazını bildirib.
Təbii ki, tədbirin təşkilatçıları xanım rektorun haqlı etirazının onlara problem yarada biləcəyindən narahat olduqlarına görə, hadisələri qabaqlamaq məqsədi ilə dərhal salondan bayıra təhrif olunmuş informasiya ötürüblər”.
Mozaikanın sökülməsində BSU rektoru xüsusi inadkarlıq nümayiş etdirirdi. Ancaq nazir də "iki ayağını bir başmağa” dirəyib öz istəyini diktə edə bildi.
Bu gizli qovğanın və çəkişmənin arxasında isə tərəflərin bir-birinə mənfi münasibəti dayanır. Eyni zamanda məqsəd 70 yaşlı xanım rektorun öz komandasını təşkil etməkdir.
Ümumiyyətlə, Nurlana Əliyeva Bakı Slavyan Universitetinə rektor təyin olunduqdan sonra adıçəkilən təhsil müəssisəsinin kollektivi arasında ciddi narazılıq başlayıb.