"Zaminbank"ın filial müdiri Azər Məmmədovun ölümündə təqsirli bilinən Sənan Quliyev və Mövlud Səfərovun valideynləri övladlarına verilən cəzadan narazıdı.
"Qaynarinfo"nun redaksiyasına təşrif buyuran Sənan Quliyevin anası Rəhilə Quliyeva məhkəmənin ədalətsiz qərar qəbul etdiyini və zərərçəkənlərin hər yolla prosesə təsir göstərdiklərini bildirib:
"HƏMİN HİSSƏ GÖRÜNTÜLƏRDƏ OLSA DA, QARŞI TƏRƏF ÖZÜNƏ SƏRF ETMƏDİYİ ÜÇÜN ÇIXARTDIRIB"
"Oğlum Mövludla birgə Avropa otelinə məşq etməyə gedir. Ayağında "krasovka" olduğu üçün müəllim irad tutur, o da "bağışla" deyib istədiklərini edərək ayağına salafan geyinir. Məşqdən sonra Sənan pulu ödəməyə gedir, Mövlud da dəsmalı qaldığı üçün geri qayıdası olur. Qayıdanda müəllim yenə irad tutur və deyir ki, "Nə "panyatkasızsız”. Demədim ki, elə girmək olmaz?", Mövlud da qayıdır ki, "özünsən". Dəqiq bilmirəm söyüşlə, yoxsa olduğu kimi deyib. Bundan sonra Mövlud müəllimdən soruşub ki, sən polissən? O da "yox” deyib. Mövlud oradan çıxıb gəlmək istəyəndə onu təkləyib döyürlər. Sənan da onu gözləyir, o başa, bu başa gedib gəlir. Niyə gəlmədiyini öyrənmək istəyəndə görür ki, Mövludu yerə yıxıb döyürlər. Döyənlərin əllərindən onu alıb gətirmək istəyəndə yumruqla gözündən vururlar. Həmin hissə də görüntülərdə olub, lakin qarşı tərəf çıxartdırıb”.
"ONUN ÜRƏYİ NECƏ YANIRSA, MƏNİM DƏ ÜRƏYİM ELƏ YANIR"
"Sənanı vuranda kresloya yıxılıb. Onun üstünə gedəndə çantasında bıçaq olduğu üçün əlində oynadaraq özünü qorumaq istəyib" deyən Rahilə xanım evdən çıxarkən oğluna irad tutduğunu da bildirir: "Evdən çıxanda ona irad tutdum ki, sən namaz qılırsan, oruc tutursan üstündə bıçaq gəzdirmə. Mənə dedi ki, "Ana, sən bilirsən ki, oğlun bir qarışqanı da incitməz". Hərdən meyvə soyduğu üçün gəzdirdiyini dedi. Amma qəsdən, yoxsa elə dediyi kimi meyvə soymaq üçün gəzdirirdi deyə bilmərəm".
Sənan Quliyevin anası hadisəni belə nəql edir: "Azər Sənanı vuranda bıçaq ona, daha sonra isə iki dəfə müəllimin qoluna dəyib. Ondan sonra Sənan Mövludu da götürüb evə gəlir. Azər hadisədən sonra dünyasını dəyişir. Biz məsələni öyrənən kimi ikisini də özümüz aparıb polisə təslim etmişik. Mətbuatda guya 2 gün gizlənmələri ilə bağlı xəbərlər yayılmışdı, hamısı yalandır. Onların bir qohumu var idi, bizimlə də uzaq qohum düşürdü. Mən hadisədən sonra onu göndərdim ki, məsələni öyrənsin. Gələndə dedi ki, "Rəhilə xala, yaxın buraxmırlar. Döyərlər, söyərlər... Buna görə məsləhət də bilmirəm gedəsən”. Bu səbəbdən qorxdum barışığa getmədim, amma kaş gedərdim. Mən də anayam. Azərin anasını başa düşürəm. Övladını itirib, amma onun ürəyi necə yanırsa, mənim də ürəyim elə yanır. O vaxtdan inanın ki, saçıma rəng də qoymamışam, toya, xeyir işə getməmişəm. Mən arsız adam deyiləm. Heç kim belə olmasını istəməzdi (kövrəlir)".
"AÇIQ ŞƏKİLDƏ DEDİ Kİ, "600 MİN PULUM VAR, YERİ GƏLSƏ HAMISINI XƏRCLƏYƏCƏM Kİ, ONLAR AZADLIĞA ÇIXMASIN"
Rahilə Quliyeva məhkəmədə baş verənlərdən danışıb: "Məhkəmə oğluma ömürlük, heç nə etməyən, yerindən belə tərpənə bilməyən Mövluda isə 20 il iş kəsib. Demirəm oğlumun günahı yoxdur. Amma, bu cəza həddindən artıq ağırdır, 10 il, 15 il verə bilərdilər. Sənana və heç bir günahı olmayan Mövluda verilən cəza ədalətsizdir. Mövludu döyənlərin isə adını çəkən yoxdu. Günahın ən böyüyü trenajor zalını işlədən Ruslan müəllimdədir. (Ruslan Əfəndiyevi nəzərdə tutur) Müəllim birinci ifadəsini rus dilində vermişdi, amma onu bizim dilimizə çevirəndə özlərinə nə sərf edibsə, elə tərcümə edərək dəyişdiriblər. Apellyasiya məhkəməsində müəllim özü də etiraf etdi və əvvəlcə də eyni ifadəni verdiyini, lakin dəyişdirildiyini söylədi. Mərhumun əmisi, bibisi və yaxınlarının çoxu vəzifəlidir. Anası Gülsabah Əhmədova da həkimdir. Hər yerə müdaxilə edirlər. Gülsabah xanım axırıncı məhkəmədə açıq şəkildə dedi ki, "600 min pulum var, yeri gəlsə hamısını xərcləyəcəm ki, Sənan və Mövlud buraxılmasın”. Biz bu məsələ ilə bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət etdik. Məktubumuza cavab gəldi və bizi Bakı Şəhər Baş Prokurorluğuna yönləndirdilər. Şöbə rəisinin qəbuluna düşmək üçün gözləyəndə prokurorluğun növbətçi əməkdaşlarından biri bizə "Siz çox savadsız insanlarsız. Bizi bizə şikayət edirsiz" dedi. Mən də cavab verdim ki, "Savadsız deyiləm. Texnikum bitirmişəm, özümə görə də bacarığım var. Nə qədər öz vəzifəsinə xəyanət edən prokuror, həkim, polis var. Şikayət etməyimizin nə eybi var?".
Sənan Quliyevin və Mövlud Səfərovun hüquqlarını müdafiə edən vəkil Cavid Rzazadə də məsələyə münasibətində aktın saxtalaşdırıldığını, ümidlərinin sadəcə ölkə rəhbərliyinə qaldığını vurğulayıb:
"İttiham aktı tamamilə saxtadır. Baxmayaraq ki, birinci instansiya məhkəməsində və Apellyasiya Məhkəməsində şahidlər yenidən dindirilib, ifadələrini çoxu dəyişdirib, Ruslan Əfəndiyev verdiyi ifadənin rus dilindən tərcümə edilərkən başqa formada təqdim edildiyini və əvvəlki ifadəsindəki fikirlərin ona aid olmadığını bildirib, lakin məhkəmə məsələyə yenə də kor-koranə yanaşıb və ədalətsiz qərar qəbul edib. Bu, sifarişli işdir, məhkəmə satılıb. Ruslan Əfəndiyev ifadəsində açıq-aşkar "Mövludu mən tutub saxlamışdım, o tərpənə bilməzdi" desə də, ona verilən 20 il cəzada heç bir dəyişiklik edilmədi. O, həmçinin Sənan barəsində də "İstəsəydi məni öldürə bilərdi, amma vurmadı", deyə bildirib. Ali məhkəməyə şikayət hazırlayırıq, amma görünür ki, müsbət nəticə olmayacaq. Hadisə yerini çəkən 3 kameradan 2-sinin görüntüləri gözlədilib, lakin təqdim olunan videosübutdan da Mövludun Azərə toxunmadığı açıq-aydın görünür. Sifariş o qədər üst səviyyədədir ki, bütün dəlillər bizim lehimizə olsa da, bizə qarşı haqsızlıq edilir. Ümidimiz sadəcə ölkə rəhbərliyinə qalıb".
Xatırladaq ki, hadisə 2015-ci ilin aprelin 21-də baş verib. "Avropa” otelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A.Məmmədov aldığı bıçaq zərbəsindən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və Mövlud Səfərov tutulub. Sənana ömürlük, Mövluda isə 20 il həbs cəzası verilib.