Rusiya rəsmiləri ABŞ vitse-prezidenti Mayk Pensin öz çıxışında Rusiyanı İranla birlikdə qlobal stabilliyə təhlükə adlandırmasına kəskin etirazla reaksiya veriblər.
Kremlin sözçüsü Dmitri Peskov iyunun 6-da bu bəyanatla bağlı təəssüfünü bildirib və Birləşmiş Ştatları öz "mövqeyini aydınlaşdırmağa” çağırıb.
Peskov deyib: "Təbiidir ki, Moskvanın diqqətə aldığı tək bir şey prezident Trampın mövqeyidir”.
Xatırladaq ki, iyunun 5-da Vaşinqtonda Atlantika Şurasında çıxış edən Pens ABŞ-ın NATO-ya sadiqliyinin "dəyişməzliyini” güclü şəkildə bir daha təsdiqləyib. ABŞ vitse-prezidenti bəyan edib ki, "güclü NATO müttəfiqi, xüsusilə də indi, sınaq vaxtlarında çox mühümdür”.
Cənab Pens bunu da söyləyib: "Beynəlxalq sərhədləri zor gücünə dəyişməyə cəhd göstərən Rusiyadan tutmuş, Yaxın Şərqi sabitsizləşdirməyə səy edən İrana və istənilən an zərbə endirə biləcək terror təhlükəsinədək, indi dünya, kommunizmin çöküşündən bəri daha təhlükəli yerə çevrilib”.
Pensin bu bəyanatlarından əvvəl bəzi müşahidəçilər prezident Trampı Brüsseldə keçirilən NATO sammitində alyansı lazımınca dəstəkləmədiyinə görə tənqid edirdilər.
Rusiya Dövlət Duması Xarici İşlər Komitəsinin sədri Leonid Slutski deyib ki, "Pensin çıxışı Amerikada Tramp prezidentliyə gələndən bəri səslənmiş onlarca, yüzlərcə anti-Rusiya nitqlərinin məcmusudur”.
Parlamentin üst palatası Federasiya Şurası Beynəlxalq Məsələlər Komitəsinin başçısı Konstantin Kosaçov isə deyib ki, Pensin qeydləri "cəfəngiyyatın zirvəsidir”. O əlavə edib ki, "Rusiya və İran yalnız ABŞ-ın hegemonluq etdiyi təkqütblü dünyaya təhlükə yaradır”.
Lakin bundan bir qədər əvvəl, iyunun 6-da dövlət katibi Reks Tillerson bildirmişdi ki, Tramp ona Moskva ilə münasibətlərin yenidən qurulması üçün "danışqılar aparmağı” tapşırıb. Dövlət katibi bunu da əlavə etmişdi ki, Tramp onun yaxın çevrəsinin Moskva ilə mümkün əlaqələrinin Vaşinqtonda yaratdığı təlatümün bu işə mane olmasını istəmədiyini deyib.
Hazırda FTB və ABŞ Konqresi Rusiya rəsmiləri və Trampın seçki və keçid komandaları arasında mümkün bağların təhqiqatını davam etdirir.