Şəfəqə Doğru » Manşet » “Ölkəmizdə infakt gəncləşib” - Baş kardioloqdan XƏBƏRDARLIQ

“Ölkəmizdə infakt gəncləşib” - Baş kardioloqdan XƏBƏRDARLIQ

“Ölkəmizdə infakt gəncləşib” - Baş kardioloqdan XƏBƏRDARLIQ
Dünya əhalisi arasında ürək çatışmazlığı xəstəliyinin yayılması 10 faizdirsə, ölkəmizdə bu göstərici 10-12 faiz təşkil edir.
Shafaqadogru.com  xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev deyib.
Baş kardioloq son illər Azərbaycanda ürək-damar xəstəlikləri epidemik hal aldığını vurğulayıb: "Hazırda ölkədə hipertenziya və vaskulyar miokarda daha çox rast gəlinir. Ümumiyyətlə, əhalinin orta yaş həddinin artması ilə əlaqədar olaraq ürək-damar xəstəliklərində də artım müşahidə edilir. Respublika üzrə statistik göstəricilərə əsasən arterial hipertenziyadan əziyyət çəkənlərin 40 faizi 40, 50 faizi 50, 60 faizi isə 60 yaşından yuxarı olan şəxslərdir. Bundan əlavə ölkədə kəskin koronar sindromdan hər min nəfərdən dördü əziyyət çəkir. Vaxtında aşkarlanmasından asılı olaraq ölüm faizi 1-5 faiz arası dəyişir. Son illər ölkəmizdə ürək-damar xəstəliklərinin yayılması səbəbindən bu problemin həlli prioritet sayılır. Bu xəstəliklərdən əziyyət çəkənlərin əksəriyyətini paytaxt sakinləri təşkil etsə də, regionlarda da bu problem mövcuddur. Son zamanlar infarktın da dünyada olduğu kimi, ölkəmizdə də gəncləşməsi müşahidə edilir”.
Baş kardioloq bildirib ki, aparılan bir sıra tədqiqatlara əsasən 65 yaşdan yuxarı qadınlarda ürək-işemik xəstəlikləri 52 faiz, kişilərdə isə 48 faiz təşkil etdiyi müəyyən edilib: "Dünyada aparılan tədqiqatlara əsasən bu növ xəstəliklərin yaranmasında genetika faktoru 4-5 faiz rol oynayır. Bundan əlavə bu xəstəliklərin yaranmasının əsas səbəblərindən qohumlararası evlilikləri, psixoemosional gərginliyin artması, oturaq həyat tərzinin yayılması, qeyri-düzgün qidalanma və bir sıra digər problemləri misal çəkmək olar.
Hamilə qadınlarda hipertenziya və ya hamiləlik zamanı meydana çıxan ürək qüsurlarının aşkarlanması və müalicəsi, o cümlədən prenatal diaqnostikanın inkişafı istiqamətində ölkəmizdə bir sıra tədbirlər görülür”.
F.Quliyevin sözlərinə görə, ürək-damar xəstəliklərinin profilaktikası müalicəsindən 10 dəfə daha az xərc tələb edir: "Hazırda kardio-vaskulyar xəstəliklərin diaqnostikası və müalicəsi üçün ölkədə hər bir şərait var. Bir sıra pilot layihələr də var ki, onların köməyi ilə bir sıra həkimlərimizin peşəkarlığını Avropa standartlarına uyğunlaşdırılması nəzərdə tutulub. Bu layihələrin paytaxtla yanaşı regionlarda da tətbiqi nəzərdə tutulur”.