Aprelin 2-də Ermənistan-Azərbaycan qoşunların təmas xəttində erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasına cavab olaraq, Azərbaycanın Hərbi Qüvvələri geniş əks-hücuma keçdi və nəticədə işğal altında olan bir sıra ərazilər azad olundu. Aprelin 5-də tərəflər arasında atəşkəs elan olundu və danışıqlara start verildi. Hələ ki, danışıqların nəticəsi məlum deyil.
Dörd günlük müharibə Azərbaycan ordusunun düşmən qarşısında üstünlüyünü göstərdi və məhz hərbi qüvvələrimizin gücü hesabına nəzərəçarpacaq irəliləyişlər əldə olundu. Azərbaycanın zəfəri həm də onu sübut etdi ki, ölkəmiz istənilən vaxt torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır və buna mane olan əsas amil düşmən ölkənin hərbi gücü deyil, digər dövlətlərin mümkün müdaxiləsidir.
Maraqlıdır ki, dörd günlük müharibə ərzində Ermənistanın gözləntilərinin əksinə olaraq, nə Qərb, nə Rusiya, nə də İran Azərbaycana qarşı sərt təpki göstərmədilər. Doğrudur, Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil və artıq müqayisə olunmaz səviyyədə güclənib. Lakin güc faktoru belə hallarda heç də həlledici rola malik deyil. Bunu Ukrayna, Suriya, Yəmən, İsrail-Fələstin münaqişələrinin misalında da aydın görmək olar.
Yeri gəlmişkən qeyd edək ki, döyüş günlərində Ermənistan tərəfi üçün də, xarici qüvvələrin müdaxilə etməməsi gözlənilməz idi və Yerevan hər vəchlə əllərində olan vasitələrlə regional qüvvələrin - əsasən isə, İran və Rusiyanın münaqişəyə müdaxilə etməsinə çalışırdı. Məsələn, İran ərazisinə iki dəfə erməni hərbi birləşmələri tərəfindən "təsadüfən” raketin atılması Tehranın qıcıqlanması və məsələyə qarışmasına hesablanmışdı. Yaxud, erməni kütləvi informasiya vasitələrinin Türkiyənin proseslərə müdaxilə etməsini, prezident Ərdoğanın münaqişəni qızışdırmaqda maraqlı olmasını vurğulamaları, əslində Azərbaycanın hücumunu məlum Rusiya-Türkiyə münaqişəsinin davamı kimi təqdim etmək, bununla da Moskvanın hansısa müdaxiləsinə nail olmaq niyyəti daşıyırdı.
Münaqişənin alovlandığı ilk günlərdən etibarən Ermənistan xarici işlər nazirliyinin aktiv fəaliyyətə keçməsi, Qərb dövlətlərinin yerli nümayəndələri ilə danışıqları intensivləşdirməsi və prezident Sarkisyanın xarici ölkə səfirləri qarşısında çıxışı da onu göstərir ki, ermənilər işğal etdikləri torpaqları əllində saxlamaq üçün hərbi qüvvələrindən daha çox, xarici dövlətlərin müdaxiləsinə güvənirdilər.
Lakin bu, baş vermədi . Əsəs səbəb isə, uyğun geosiyasi vəziyyətin seçilməsi və uğurlu tarixi anın yaxalanması idi. Bu tarixi vəziyyətin formalaşması obyektiv səbəblərlə bağlı olsa da, Azərbaycanın müxtəlif üsullarla geosiyasi mövqeyini gücləndirməsi, həm regional, həm də beynəlxalq təsir dairəsinin genişlənməsi də həlledici əhəmiyyətə malik idi.
Ermənistanın ənənəvi dəstəkçisi olmuş İrandan gözlədiyi effekti ala bilməməsinin əsas səbəbi Tehranın yenicə sanksiyalardan qurtulması və iqtisadiyyatını bərpa etmək üçün gəlir mənbələri axtarması ilə bağlıdır. Azərbaycanla konfrontasiya Türkiyə ilə münasibətlərin korlanması və nəticədə İranın əsas regional enerji layihələrindən kənara düşməsi anlamına gəlir. Burada söhbət İran qazının TANAP vasitəsilə ixracından, İranın Azərbaycan vasitəsilə Rusiya bazarına çıxma imkanlarından gedir.
Təbii ki, praqmatik prezident Həsən Ruhani Amerikanın da dəstək verdiyi bu layihələrdən imtina edib, Ermənistanla işbirliyinə girəcək deyil. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Amerikaya səfəri zamanı dövlət katibi Con Kerrinin çox qısa giriş nitqində imkan tapıb, Vaşinqtonun Cənub qaz dəhlizini dəstəklədiyini bildirməsi Qərbin bu layihəyə verdiyi əhəmiyyəti çılpaqlığı ilə ortaya qoyur. Qaldı ki, Ermənistanın onsuz da İrandan başqa əməkdaşlıq edəcəyi qonşusunun olmaması Tehranın Yerevanı əlində saxlamaq üçün əlavə səs göstərməsi ehtiyacını aradan qaldırır.
Amerika siyasətində isə hazırda müəyyən qeyri-aktiv dövr başlayıb. Bu, əsasən Obamanın prezidentlik müddətinin başa çatması, əsas maraqlı qüvvələrin gələcək seçki kampaniyası ilə bağlı hazırlıqlara diqqət ayırmaları, eyni zamanda, ictimai diqqətin xarici məsələlərdən daha çox daxildəki seçki kampaniyalarına yönəlməsi müvəqqəti siyasi qeyri-müəyyənliyin hökm sürməsinə şərait yaradır.
Maraqlıdır ki, İlham Əliyev Amerika səfəri zamanı digər şəxslərlə yanaşı, ölkənin əsas strateji beyin mərkəzlərinin rəhbərləri Riçard Armitac və Karneqi Fondunun prezidenti Uilyam Berns ilə görüşdü. Eyni zamanda, Respublikaçılar Partiyasının ən təsirli fiquru və strateqi hesab olunan Con Sununu ilə danışıqlar apardı. Adıçəkilən şəxslər aralıq dövr və Obamadan sonrakı prezidentin strategiyası barədə gerçəyə ən yaxın olan proqnoz vermək iqtidarındadırlar. Başqa sözlə desək, bu danışıqlar ABŞ rəhbərliyinin bu və ya digər məsələdə hansı mövqe sərgiləyəcəyi ilə bağlı aydınlıq gətirirlməsi üçün ən ideal vasitə sayıla bilər.
Beləliklə, hakimiyyətdən getməyə hazırlaşan Obama komandasının uzunmüddətli xarici-siyasi kampaniyalara girişmək istəməməsi və bunları növbəti prezidentə saxlaması, həmçinin Vaşinqtonun strateji gözləntilərilə bağlı müəyyən aydınlıqların əldə olunması Azərbaycan üçün vaxt qazandıran amil hesab edilə bilər.
Rusiyaya gəldikdə isə, Moskva ilə Ankaranın müharibə vəziyyətində olması Bakının Kreml üçün əhəmiyyətini artırır. Birincisi ona görə ki, Azərbaycan xaricdən, əsasən isə İrandan ərzaq mallarının Rusiyaya daşındığı strateji dəhliz rolunu oynayır. Bu dəhlizin bağlanması Rusiyanı daha açınacaqlı vəziyyətə sala bilər.
Digər tərəfdən, Rusiyanın hansısa formada Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməsi Türkiyənin avtomatik münaqişə ortağına çevrilməsinə səbəb ola bilər. Üstəgəl, Pakistanın da köməyə gələcəyi istisna edilməməlidir ki, nəticə etibarı ilə, iqtisadi cəhətdən ağır vəziyyətdə olan Moskva növbəti müharibəyə qoşulmalı olacaq.
Türkiyənin qoşulması NATO-un müdaxiləsinə əsas yaradacaq və nəticədə Avroatlantik alyans Rusiyanın sərhədində qoşun yeritməyə bəhanə tapacaq. Beləliklə, şimallı cənublu Qafqaz regionunda qarşıdurma yaranacaq. Bunun Rusiya üçün hansı fəsadlar gətirəcəyini Kreml də gözəl anlayır.
Bununla bərabər, sentyabr ayında Rusiyada parlament seçkilərini keçiriləcəyini nəzərə alsaq, Moskvanın bu dövrdə Qafqazda gərginliyə yol verməsi müharibələrdən cana doymuş elektoratın narazılığının daha da artmasına səbəb olacaq. Odur ki, Rusiya Azərbaycanın nəhayət ki, haqq səsini ucaltmasına əvvəlkindən fərqli olaraq dözümlülüklə yanaşmağa məcburdur.
Məsələdə Çin faktorunu da unutmaq olmaz. İpək Yolu layihəsinin reallaşması Çin mallarının Avropaya ixracı üçün Azərbaycan marşrutunu əvəzedilməz dəhlizə çevirir. Buna görə, dəhlizdə sabitliyin qorunması da Pekin üçün həyati əhəmiyyət daşıyır. Rusiyanın hazırda yeganə güclü tərəfdaşı kimi görünən Çinin məsələyə müdaxilə olunmaması ilə bağlı Moskvaya təzyiq göstərməsi də mümkündür.
Odur ki, Rusiya üçün hazırkı məqamda Azərbaycanla daha yaxın münasibətdə olması öz maraqları baxımından məqsədəuyğundur. Lakin bununla belə, Moskva Ermənistanı da orbitindən buraxa bilməz. Kreml bilir ki, Ermənistanın sədaqəti heç də təmənnasız deyil və öz maraqlarının təminatı üzərində qurulub.
Qeyd olunanları nəzərə alaraq, belə bir ehtimal irəli sürmək olar ki, Azərbaycanın hərbi əməliyyatları Rusiya ilə əvvəlcədən razılaşdırılıb və əsas məqsəd Ermənistandan ən azı beş rayonu almaqdır.