Bir neçə gün sonra Hamburqda "Böyük 20-liy”ə daxil olan ölkələrin liderlərinin bağlı qapılar arxasında növbəti toplantısı keçiriləcək. Maraq daha çox Rusiya və ABŞ prezidentləri – Vladimir Putinlə Donald Trampın mümkün görüşünədir. Əksəriyyət prezidentlərin görüşünün nəticəsindən çox gözləyir. Düzdür, hələ ki, prezidentlərin görüşəcəyi rəsmən təsdiqlənməsə də, Rusiya xarici işlər naziri Sergey Lavrov prezidentlərin sammit çərçivəsində görüşünün olacağını istisna etməyib. Onun sözlərinə görə, iki prezidentin eyni şəhərdə, eyni vaxtda, eyni binada və eyni otaqda olacağı nəzərə alınsa, onların danışmaması normal hal ola bilməz. Əgər onlar görüşsələr, bu, Trampın keçən il noyabr ayında prezident seçilməsindən sonra onlar arasında ilk görüş olacaq. Putin Trampla "Böyük 20-lər”in iclasında görüşməyə hazır olduğunu deyib. Lakin nə Vaşinqton, nə də Moskva onlar arasında rəsmi görüşü təsdiq etməyib.
S.Lavrov bildirib ki, görüş zamanı mümkün müzakirə mövzusu iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı ola bilər. O, Suriyada münaqişənin dinc yolla nizamlanması məsələsinin də danışıqlar zamanı mühüm yer ala biləcəyini deyib. Sammit ərəfəsində isə münasibətlər elə də normal deyil. Kremlin yüksək rütbəli rəsmisi Yuri Uşakov bildirib ki, ötən il ABŞ-da Rusiyaya məxsus iki diplomatik binanın tutulmasıyla bağlı Kremlin səbri tükənmək üzrədir. ABŞ prezidenti Barak Obama Moskvanın ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinə cavab olaraq belə qərar vermişdi. Prezident Vladimir Putinin müşaviri olan Uşakov söyləyib ki, Rusiyanın səbrinin həddi var. "Mənə elə gəlir ki, Rusiya tərəfini əvvəlki administrasiyanın ötən il atdığı addımlara cavab tədbirləri görməkdən azad etmək lazımdır”, - Uşakov söyləyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da deyib ki, binaların qapadılmasına görə cavab tədbirləri hazırlanır. Y.Uşakovun sözlərinə görə, Hamburqda gözlənən Tramp-Putin görüşünün detalları yekunlaşmaq üzrədir. O, planlaşdırılan danışıqları "vacib” adlandırıb: "Ən yüksək səviyyədə müzakirə olunası məsələlər çoxdur. Bu baxımdan, şəxsi səviyyədə ilk təmas belə vacibdir”.
ABŞ dövlət katibinin köməkçisi Tomas Şennon gözlənən görüşü Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla müzakirə edib. Tərəflərin Şennonla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov arasında yeni görüşü də götür-qoy etdikləri açıqlanıb. D.Tramp indiyədək Rusiya ilə daha geniş əməkdaşlıq arzusunu dilə gətirib. Ancaq administrasiya hələlik sanksiyaların yumşaldılmasına doğru niyyət ortaya qoymayıb. Digər tərəfdən, Rusiyayla gərginliyin azaldılmasını hədəfləyən hər hansı addım Vaşinqtonda konqresmenlərin müqavimətiylə üzləşər. Onsuz da Trampın inauqurasiyasından öncə onun müşavirləri ilə Rusiya rəsmilərinin kommunikasiyası ucbatından yetərincə ziddiyyət yaranıb. Tramp isə xəbər mediasını və siyasi opponentlərini prezidentliyinə "saxta” Rusiya əhvalatıyla zərbə vurmaq cəhdində suçlayıb. Sammitdə həmçinin əsas müzakirə mövzularından biri sözsüz ki, Qətər böhranı olacaq. Artıq Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz bildirib ki, sammitdə iştirak etməyəcək. Məlumata görə, qərarın qəbul edilməsinə səbəb bölgədəki Qətər böhranıdır.
Öz növbəsində ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkel və İtaliyanın baş naziri Paolo Gentiloni ilə telefon әlaqәsi saxlayıb. Bu barәdә Ağ Evdәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, Tramp Merkellə "G20” sammitinin gündәliyini müzakirә edib. Söhbәt zamanı tərəflər həmçinin iqlim məsələlərinə də toxunublar. Bu arada "Böyük 20-lər”in sammitindən öncə qloballaşma əleyhdarları etiraz nümayişləri keçirib. Almaniya kansleri Angela Mekel bildirib ki, "Böyük 20-lər”in sammiti sərvətlərin bərabər bölüşdürülməsi və resurslardan istifadə kimi etiraz nümayişçilərinin qaldırdığı məsələlərlə məşğul olacaq. O eyni zamanda, iqlim dəyişikliyi, azad bazarlar, istehlakçıların müdafiəsi və sosial standartlara əməl olunması kimi məsələlərin də diqqət mərkəzində olacağını deyib.
Sammitdə təhlükəsizliyin təmin edilməsinə 21 min polis işçisi cəlb olunub.
Sammitdən söz düşmüşkən, Almaniya polisi Rostok şəhərinin 30 yaşlı sakinini hücum planlaşdırmaqda şübhəli hesab edərək saxlayıb. Bu barədə "Local” alman qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verib. Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Rostok şəhərinin iki yaşayış evində, həmçinin Hamburqdakı Hoenfeld rayonundakı evdə axtarışlar aparıblar. Nəticədə külli miqdarda silah aşkar edilərək müsadirə olunub. Polis zabitləri həmçinin yanar maye qabları, eləcə də kimyəvi maddələrlə doldurulmuş qanuni və qanunsuz pirotexniki vasitələr tapıblar. Qeyd olunur ki, şübhəli şəxslə birlikdə 26 yaşlı kişi də saxlanılıb. Lakin o, sonra sərbəst buraxılıb.
Rostok şəhərinin 30 yaşlı sakini isə iyulun 10-dək həbsdə saxlanılacaq. Ona qarşı silah və partlayıcı maddələr saxlamaqla bağlı ittihamları irəli sürüləcək. Bununla yanaşı, şübhəli şəxsə qarşı cinayətkar təşkilatın yaradılması ittihamının irəli sürülməsi ehtimalı da var. "Bild” qəzeti isə əlavə edib, saxlanılan şəxs sol radikal birləşmələrin üzvü olub.