Şəfəqə Doğru » Manşet » Azərbaycanda son iki ildə suçiçəyi ilə bağlı alovlanma müşahidə edilib - Baş pediatr

Azərbaycanda son iki ildə suçiçəyi ilə bağlı alovlanma müşahidə edilib - Baş pediatr

Azərbaycanda son iki ildə suçiçəyi ilə bağlı alovlanma müşahidə edilib - Baş pediatr
Azərbaycanda uşaqlar arasında suçiçəyi xəstəliyi ilə bağlı sonuncu alovlanma keçən il və bu il ərzində müşahidə edilib.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma halı azalıb.

Suçiçəyi xəstəliyinin 2 il ardıcıl alovlanmasının səbəbini açıqlayan N.Quliyev qeyd edib ki, Azərbaycanda bu xəstəliyə görə vaksinasiya tətbiq olunmadığından xəstəliyin 3, 4 ildən bir geniş yayılması müşahidə olunur:

"Bu gün 3-5 yaşlı uşaqlar suçiçəyinə yoluxublarsa, 1-2 yaşlı uşaqlar bu xəstəlikdən kənarda qalırlar. 1-2 yaşlı uşaqlar da böyüyüb həmin yaş dövrünə, yəni ən həssas yaşa çatana qədər xəstəliyə az rast gəlinir. Ondan sonra yenidən alovlanma baş verir. Xəstəlik keçirən uşaqlarda daimi immunitet yarandığına görə epidemiyadan sonrakı bir neçə il ərzində bu xəstəliyi müşahidə etmirik. Amma xəstəlikdən kənarda qalan uşaqların sayı artıqda, onlar xəstə uşaqlarla təmasda olduqda, yəni üç, dörd ildən bir yenə belə alovlanma müşahidə olunur və bu, sonra ötüb keçir. Bu il də demək olar ki, xəstəlik keçirməyən, xüsusilə məktəbəqədər və məktəbyaşlı uşaqlar suçiçəyi xəstəliyini keçirdilər. İndi gözləyirik ki, xəstəliklə bağlı arada müəyyən müddət fasilə olacaq".

N.Quliyev deyib ki, bu il ərzində Azərbaycanda suçiçəyindən ölüm hadisəsi və ağır fəsadlaşma qeydə alınmayıb.

Fəsadlaşmanın baş verməməsi üçün uşağın həkim nəzarətində olmasını vacib sayan baş pediatr valideynlərə bəzi tövsiyələrini də verib:

"Suçiçəyi "herpes zoster" viusu tərəfindən törədilir. Suçiçəyi, qızılca, məxmərəyin yoluxma indeksi çox yüksəkdir. Bu, bəzən 95-100-dək olur. Suçiçəyinin müalicəsi yoxdur, amma valideynlərə tövsiyəmiz odur ki, xəstəlik baş verdikdə fəsadlaşmanın olmaması üçün müəyyən qaydalara riayət etsinlər, simptomatik müalicə aparılsın və uşaqlar həkim nəzarətində olsunlar. Valideynlər xəstəliyin ilkin əlamətini - səpki görən kimi həkimə müraciət etməlidirlər".

N.Quliyev yaşından asılı olmayaraq, hər bir şəxsin ömrünün sonuna kimi mütləq qaydada suçiçəyi xəstəliyinin keçirəcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib.

O deyib ki, insan ömrünün sonuna qədər bu xəstəliyə yoluxa da bilər, yoluxmaya da: "İnsan orqanizmində suçiçəyi xəstəliyinə qarşı xüsusi immun cisimləri yaranmayıbsa, o, xəstələnə bilər. Amma kimdəsə o immun cisimlər formalaşıbsa, xəstə ilə nə qədər təmasda olsa da, xəstələnmir. Onun qandakı qoruyucu faktoru - spesifik, zülal tərkibli immunoqlobinlər virusu, obrazlı desək, tanıyırlar. Həmin virus qanda görünən kimi onlar hücuma keçirlər və virusu tanıdıqları üçün onu məhv edirlər. Ona görə də vüruslar artıb çoxala bilmir və ölürlər".

N.Quliyev əlavə edib ki, suçiçəyi xəstəliyi keçirən şəxsin 2-ci dəfə bu xəstəliyi keçirməsi də çox nadir hallarda ola bilər.

Onun sözlərinə görə, suçiçəyi keçirən insanın orqanizmində virusa qarşı daimi olaraq immunitet əmələ gəlir: "Amma hər kəs bilməlidir ki, istər peyvənddən, istərsə də keçirilən xəstəlikdən 5 il ötdükdən sonra peyvənd, qoruyucu faktorların qanda konsentrasiyasının miqdarı getdikcə azalmağa və yavaş-yavaş həssaslıq görünməyə başlayır. Ona görə də bəzi ölkələr təklif edilər ki, bütün peyvəndlər hər 10 ildən bir təkrar olunsun".