Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında narazılıq davam edir. Qeyd edək ki, təşkialtın sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev səhhətində yaranmış problemlərlə bağlı sədrlikdən gedib. Təşkilatın son bir illik fəaliyyətinin yoxlanılması barədə qərar qəbul edilib. Bu barədə məlumatı "Cümhuriyət” qəzetinə komissiyanın üzvü ehtiyatda olan polkovnik-leytenant Abbasov Zahiddin Hümbət oğlu verib.
Onun sözlərinə görə, yoxlama zamanı aşkar olunub ki, şöbə müdirləri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, ehtiyatda olan polkovnik Lətif Babayev, Nəzarət Təftiş Komissiyasının sədri ehtiyatda olan polkovnik Cahangir Nəsirov və onun müavini Salman Babayev və mütəxəssis Füzuli Zəkizadə dəfələrlə təkidlə dəvət olunmaqlarına baxmayaraq sədrin çağırışına məhəl qoymayaraq iclasda iştirak etməkdən imtina edib. Buna baxmayaraq iclasda iştirak edənlərə sədrin sərəncamları elan edilib və komissiya üzvləri təqdim olunub. Yoxlamaların nəticəsi olaraq təqdim olunan məlumatda isə bildirilir ki, komissiyanın fəaliyyətinə Cəlil Xəlilov tərəfindən maneçilik törədilir. Buna görə də komissiya işini tam görə bilməyib, təşkilatın fəaliyyəti tam yoxlanılmalıdır. Qeyd edək ki, Cəlil Xəlilov təşkilata 1 sentyabr 2016-cı il tarixindən 1 sentyabr 2017-ci il tarixinədək rəhbərlik edib. Komissiya qərar alıb ki, bu dövrdə baş vermiş maliyyə pozuntuları vəzifə cinayəti kimi qiymətləndirilsin. Təşkilata qanunsuz şəkildə vurulmuş zərər, yəni 12 330 manat 08 qəpik pul vəsaiti xəzinədarlığa qaytarılsın. Cəlil Xəlilov təşkilatın sədri ehtiyatda olan general-mayor Dadaş Rzayevə qarşı tabe olmadığına, ciddi maliyyə pozuntularına yol verdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırılsın, məsələ Rəyasət Heyətində və növbəti plenium iclaslarında müzakirəyə çıxarılsın.
"Maliyyə məsələləri dövlətin nəzarətindədir”
Məsələ ilə bağlı Cəlil Xəlilovun münasibətini öyrəndik. C.Xəlilovun "Cümhuriyət” qəzetinə açıqlamasında deyilənlərin heç bir əsası olmadığını deyib: "Dadaş Rzayev il yarımdır ki, insult keçirib və nə danışmaq, nə qərar vermək, nə də yazmaq qabiliyyətində deyil. Bəzi təxribatçılar, bu təşkilata aid olmayan şəxslər özbaşına komissiya yaratmışdılar. Biz də Rəyasət Heyətinin iclasını çağırdıq və bunların heç bir hüquqi əsası olmadığına qərar verdik. Dadaş Rzayev özü danışarsa, qərar verərsə, bunu yazarsız. Amma Dadaş Rzayev xəstədi, nə danışa, nə da qərar verə bilər. Onlar bu təşkilatda özlərinə yer tutmaq istəyən təxribatçılardır. Ona görə də onların heç birinə yoxlama aparmaq üçün heç bir hüquq verilə bilməz. Əgər Dadaş Rzayev özü işləyə bilmirsə, o, necə komissiya yarada bilər? Eyni zamanda təşkilatdan qovulan şəxsləri götürüb bu komissiyanın tərkibinə daxil edə bilər? O komissiyanın tərkibində olan adamlar vaxtilə təşkilatdan qovulmuş insanlardır.
Bu təşkilatda bütün məsələlər nəzarət altındadır. Bura özfəaliyyət dərnəyi deyil ki, kim istəsə, gəlib yoxlama aparsın. Maliyyə məsələləri dövlətin nəzarətindədir. Bank özümüzün deyil ki, gedib nə istəsək, edək. Bankdan nəsə götürmək üçün aidiyyatı sənədləri təqdim etmək lazımdır. İndi götürüb ağızlarına gələni yazırlar. Dadaş Rzayevin xəstə olduğunu, və təxribatçıların onun adından istifadə etdiyini nəzərə alaraq Rəyasət Heyəti onu sədr vəzifəsindən kənarlaşdırıb. Sədrin səlahiyyətləri isə hələ ki, general-polkovnik Tofiq Ağakişiyevdədir”.