Azərbaycanda körpələr üçün süni qida məhsullarının reklamının hamilə qadınlar arasında, tibb müəssisələrində yayımlanmasına görə cərimə tətbiq ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr ediləcəyi gözlənilir.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, hazırda ölkədə süni qidaların satışına nəzarət edən bir qurum yoxdur. Həkim bildirib ki, bu istiqamətdə hər hansısa tədbir görülməzdən öncə insanların düşüncəsi dəyişməlidir:
"İndi istənilən mağazada, marketdə, aptekdə süni uşaq qidalarının satışına rast gəlmək mümkündür. Dövlət bununla bağlı inzibati bir iş görmək istəyir. Ancaq tədbir görməzdən öncə insanlarda düşüncə dəyişməlidir. Nə qədər inzibati tədbir görülməsindən aslı olmayaraq, bu böyük biznesin qarısını almaq mümkün deyil. İnsanların düşüncəsi dəyişməlidir. Bilməlidirlər ki, ana südü varsa, süni uşaq qidalarından imtina etmək lazımdır”.
Ana südünün xeyirlərindən danışan pediatr bildirib ki, analar süni uşaq qidalarından məcburiyyət qarşısında qalmadıqca istifadə etməməlidir. Körpələrin elə doğum evindən süni qidalarla qidalandırılmasının günahı həkimlərdədir:
"Uşaqlar mütləq şəkildə ana südü ilə qidalanmalıdır. Bu, heç müqayisə mövzusu da deyil. Hazırda sevindirici haldır ki, ana südü ilə qidalandırma nisbətən artıb. Bu məsələdə anaların günahı ondan ibarətdir ki, onlar maariflənmək istəmirlər. Bəzi analar suni uşaq qidalarından bilməyərəkdən istifadə edirlər. Bəzi analar isə bunu bilərəkdən edirlər. Düşünürlər ki, uşağa ana südü vermək bədən quruluşuna təsir edəcək, bədən forması itəcək.
Ancaq bu məsələdə həkimlərin də günahı çoxdur. Xüsusilə dövlət doğum evlərində yeni oğulan uşağa ananın südü oldu-olmadı süni uşaq qidaları verirlər. Həkimlərin bu cür addımı qətiyyən yolverilməzdir. Anaları haradasa başa düşmək olar, ancaq həkimlərin belə addımı qətiyyən anlaşılmaz və qəbuledilməzdir.
Uşağın ana südü ala bilməməsi üçün səbəblər ola bilər. Anada açıq vərəm xəstəliyi varsa, uşaqda anadangəlmə dodağında, dilində, ağız boşluğunda qüsurlar olarsa, ana və uşaq tərəfdən tibbi çətinliklər varsa, bu zaman süni qidadan istifadə anlaşılandır”.
V.Qarayev bildirib ki, süni uşaq qidaları satış və biznes üçün nəzərdə tutulmuş qidalardır:
"Süni qidalardan hansı yaxşı, yansı pisdir deyə bir anlayış yoxdur. Süni qidaların hamısının tərkibi eynidir. Bunlar qətiyyən ana südü ilə müqayisə edilməz qidalardır. Bəzən soruşurlar ki, hansı süni qida uşaq üçün daha yaxşıdır. Bir daha təkrar edirəm ki, uşaq hansı qidanı qəbul edirsə və onun çəkisini hansı artırırsa, o qida faydalıdır. Uşaq hansı qidanı qəbul etmirsə, demək bu onun üçün yaxşı deyil. Yəni bu reklamla müəyyən edilən bir şey deyil. Süni qidalar ana südü olduğu halda verilməməlidir. Yəni uşağa süni uşaq qidaları verməyin, zərərlidir demək düzgün deyil. Bəli, əgər ana südü varsa, süni qidalardan istifadə etməyin deyirik. Ancaq uşağın qidalanması üçün heç bir şey yoxdursa, hansı qidanı qəbul edirsə, onu da verin”.
Qeyd edək ki, dəyişilməsi nəzərdə tutulan məcəllənin hazırkı variantına əsasən, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin həvəsləndirilməsinə görə cərimələr tətbiq edilir. Bu hala görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 750 manatdan 1000 manatadək məbləğdə cərimələnəcək.