Tərtər rayonunda maraqlı hadisə baş verib. Həmin rayonun Azad Qaraqoyunlu kənd sakini 22 yaşlı Heydərli Şahnaz Rəşid qızı Azinforum.az-a açıqlamasında bildirib ki, həyat yoldaşı Qasımlı Vahid Arif oğlu onunla qanuni nigahda ola-ola evlənmək məqsədilə başqa bir xanımı qaçırıb:
” Həyat yoldaşımın da 22 yaşı var. Onunla həmyaşıdıq. 2014-ci ildə onunla ailə qurmuşuq. El adətilə toyumuz da olub. Sonradan qaynanam mənimlə yola getmədi, hətta verdikləri bütün qızılları əlimdən aldı. Həyat yoldaşımla qanuni nigaha da girmişəm, dini yolla kəsilən kəbinimiz də var. Bunu təsdiq edən bütün sənədləri sizə təqdim edirəm. Hazırda bu nigahdan bir qızımız var, bir neçə aydan sonra isə başqa uşağımız dünyaya gələcək. Bizim aramızda olan bütün narazılıqları qaynanam yaradırdı. Son vaxtlar mənim atam ağır xəstəlikdən əziyyət çəkməyə başladı, əməliyyat olundu. Mən tez-tez ona baş çəkməli olurdum. Buna da qaynanam narazılıq edirdi. Bu narazılığın nəticəsi olaraq mən bir müddət atam evində qalmalı oldum. Keçən ayın 10-u mən toya gedəndə həyat yoldaşımla rastlaşdım. O mənə yalvararaq evə qayıtmağımı xahiş etdi, hətta dəyişəcəyinə, anasının sözü ilə məni incitməyəcəyinə də söz verdi. Qayıtdım, hər şey normal gedirdi. Ancaq qaynanam yenə yoldaşımı öyrədirdi və gördüm ki, cuzi bir detalın üstündə belə evdə mübahisə, dava-dalaş yaranır. Yoldaşım yenə məni danışdırmamağa başladı. Üstündə 20 gün keçəndən sonra qaynanam mənə dedi ki, evdə niyə oturubsan, bizə arvadlıq edəssən? Gördüm ki, yoldaşım da işlədiyi yerdə qalır və evə gəlmir. Məcbur qalıb yenidən atamın evinə qayıtdım. Dünən isə eşitdim ki, qanuni həyat yoldaşım olan həmin adam, mənimlə nigahda ola-ola, evlənmək məqsədilə başqa bir qızı götürüb Bakıya qaçırıb. Artıq polislər kənddə onu axtarmağa başlayıb. Əldə etdiyim məlumata görə, onun qaçırdığı xanım qaçqın rayonlarının birindəndi, müvəqqəti olaraq bizim rayonda məskunlaşıblar. Həmin qızın 20-yə yaxın yaşı var. Mən bu hadisəni biabırçılıq sayıram. Necə ola bilər ki, bir ata öz qanuni ailəsini, iki övladını atıb gedib başqasını qaçırır? Heç olmasa qanuni yolla ayrıldıqdan sonra bunu edərdi. Söz tapa bilmirəm. Onunla qoşulub qaçan qız görəsən bunu özünə necə sığışdırıb? Sadəcə rusvayçılıqdır”.
Azinforum.az olaraq bildiririk ki, yazıda adları çəkilən hər bir şəxsin cavab haqqını tanıyırıq və onların mövqeyinə yer verməyə hazırıq.
Çinarə SEYİDOVA
AZİNFORUM.AZ