Dünən Qazax rayonunda səfərdə olan İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və nümayəndə heyətinin üzvləri, missiya rəhbərinin müavini xanım Avital Rozenberq və səfirliyin ictimai diplomatiya məsələləri üzrə köməkçisi Sahilə Mustafayeva icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüblər. Səmimi dostluq çərçivəsində keçən görüş zamanı Rəcəb Babaşov ilk dəfə olaraq belə bir yüksək çinli səfirin Qazaxda olmasından məmnun olduğunu və onlara dərin minnətdarlığını bildirib. Babaşov qeyd edib ki, bu gün günbəgün hərtərəfli inkişaf yolunda olan Azərbaycan Ulu Öndər Heydər Əliyevin dediyi kimi Dünyaya günəş kimi doğacaq. Ölkəmizin bədnam Ermənistanla və qardaş Gürcüstanla həmsərhəd olan Qazax rayonu Prezident İlham Əliyevin yüksək qayğısı ilə səhərlərini quruculuq-abadlıq işlərində yeniliklərlə açır. Görülən hər bir işin rayon əhalisinin ürəyincə olması bizə məlumdur.
Qazaxın bir sıra yerlərində, o cümlədən Qazax Tarix Diyarşünaslıq Muzeyində, Qazax Cümə Məscidində, Qazax Konserv Zavodunda, Şıxlı Kəndli -Fermer Təsərrüfatında, Daş Salahlı Damcılı Mağarasında, Aslanbəyli kəndindəki Hacı Mahmud Əfəndi Türbəsində olan qonaqlar Qazaxın bu günü və keçmişi haqqında dərin məlumatlar əldə etmiş, rayon haqqında xoş fikirlərini söyləmişlər.
Qazaxın icra başçısı Rəcəb Babaşovun Qazaxda gördükləri işlərdən, əhalinin rifahı naminə kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsindən razı qalan səfir Dan Stav "Qazaxda kənd təsərrüfatı və sənaye yüksək surətlə inkişaf etməkdədir” sözlərini də işlətmişdir.
İcra başçısı Rəcəb Babaşovun qonaqpərvərliyindən və rayonda aprılan quruculuq-abadlıq işlərindən razı qalan səfir xoş təəssüratlarla səfərini başa vurub.