Tutu Əhmədova: "Bizi Məharət Mustafayevin zülmündən qurtarın”; Eynulla Kərimov: "Məharət Mustafayevin bizə qarşı qanunsuz əməllərinin araşdırılmasına göstəriş verilsin”
Baş Prokurorluq Gəncə İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin sektor müdiri Gülnar Günəşlinin idarə rəisi Məharət Mustafayevin ona qarşı qanunsuzluqları araşdırdığı bir vaxtda yeni əməlləri üzə çıxıb.
Redaksiyamıza müraciət edən Rusiya vətəndaşı Tutu Gürzalı qızı Əhmədova M.Mustafayevin 100 min dollar pul aldığını, əvəzində torpaq ayrılacağını, lakin aldadıldığını deyir. 57 yaşlı Tutu Əhmədovanın sözlərinə görə, 2013-cü ildə vətənə dönüb və əlindəki 100 min dollar vəsaitlə torpaq almaq fikrinə düşüb. Həmin vaxt Gəncə şəhəri, Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə alqı-satqı haqda danışıq aparıb. İcra başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən əlindən 100 min dollarını alıb. M.Mustafayev sonrakı 1 il ərazində torpağın sənədlərini T.Əhmədovaya verəcəyini bildirib: "Torpağı alarkən həyat yoldaşımın dostu Asim Kazımovdan və Eynulla Kərimovdan kömək istəmişdim. Onlar da məni Nizami rayonunun icra başçısı olan Məharət Mustafayevlə tanış etmişdilər. Aparıb ”Avtozavod" qəsəbəsindəki həmin torpağı mənə göstərdilər ki, pulunu ver, bura sənindir. Açığı həmin ərazini çox bəyəndim və razılaşdım. 160 sot torpaq idi. Asim Kazımov və E.Kərimovun iştirakı ilə əlimdəki vəsaiti Məharət Mustafayevə verdim. Birinci dəfə 50 min dollar, ardından 20 min və 30 min dollar ödədim. Bu alqı-satqıdan sonra E.Kərimov Məharət Mustafayevin yanında makler kimi işə başladı. Pulu ödəsəm də, torpağın sənədlərini mənə vermədilər. Oğlum Rusiyada tək qaldığı üçün onun yanına qayıtmağa məcbur oldum. 1 neçə ay sonra qayıtdım və torpağın sənədlərini istədim. Məharət Mustafayevlə görüşdük. Mənə dedi ki, Rusiya vətəndaşı olduğun üçün sənin adına torpaq satıla bilməz, qohumlarından birinin şəxsiyyət vəsiqəsini gətir, torpağı onun adına sənədləşdirək. Bacım qızının vəsiqəsini aparıb verdim. Lakin yenidən məni süründürməçiliyilə saldılar və sentyabr ayında qayıdıb Rusiyaya oğlumun yanına getməyə məcbur oldum. Bacım qızının vəsiqəsi də Məharət Mustafayevdə qaldı".
1 il keçdikdən sonra icra başçısı vəzifəsindən azad edilib və torpaq məsələsi də həll olunmamış qalıb: "2014-cü ilin oktyabrında isə eşitdim ki, yenə torpaq məsələsi üstündə Məharət Mustafayev kimisə vurub və ona görə də onu prezidentin əmri ilə vəzifədən azad ediblər. Bu müddət ərzində nə mənim aldığım torpağı sənədləşdirmədi, nə də pulumu qaytarmadı. Mən isə Rusiyada əməliyyat olunduğum üçün ölkəyə qayıda bilmədim. 2015-ci ildə Azərbaycana gəldim və Məharət Mustafayevlə görüşdüm. O artıq vəzifədən çıxarılmışdı və heç yerdə işləmirdi. Dedi ki, mütləq sənin pulunu qaytaracağam. Qaytara bilməsəm, Bakıdakı 2 otaqlı evimi adına keçirərəm, üstünü də sonra dollarla ödəyərəm. Onun səs yazısı da məndə var. Bu söhbətdən sonra yenidən Rusiyaya dönməli oldum və 2016-cı ildə qayıtdım. Baş Prokurorluqda çalışan bir tanışımızla məsləhətləşdim ki, əgər Məharət Mustafayev pulumu ödəməsə şikayət edəcəyəm. Bu söhbət hansısa formada onun qulağına çatdı və mənə zəng etdi. Məharət Mustafayev məni Gəncəyə dəvət etdi, xahiş etdi ki, heç yerə müraciət etməyim. Söz verdi ki, birinci mərhələdə 40 min dollarımı qaytaracaq, müəyyən müddətdən sonra isə qalan 60 min dolları ödəyəcək. Daha sonra, Alıyev Qürbət Mikayıl oğlu vasitəsilə mənə 20 min manat göndərdi. Mən isə 40 min dollar gözləyirdim. 20 min manat isə o zaman 12 min dollar edirdi. Məharət Mustafayevə zəng edib narazılığımı bildirdim. O isə mənə hədə-qorxu gəldi ki, bu puldan başqa heç nə ödəməyəcək. Dedi ki, hara istəsən şikayət et, bu ölkədə heç kim məni həbs edə bilməz”.
T.Əhmədova Məharət Mustafayev tərəfindən təhdidlərə məruz qaldığını da diqqətə çatdırıb: "Məni təhdid etdi ki, burada özünü, Rusiya isə oğlunu öldürtdürərəm. O hazırda Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsindədir. 1 ildən çoxdur ki, Bakıdayam, oğlumun və öz həyatım üçün qorxuram. Məharət Mustafayev məni hədələyir, 88 min ABŞ dolları pulumu da qaytarmır”.
T.Əhmədovanın sözlərinə görə, ona qarşı təhdidlərin, dələduzluğun araşdırılması üçün Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə müraciət edib: "Şikayətimi araşdırılması üçün Gəncə Prokurorluğuna göndərdilər. Orada məndən izahat aldılar. 2 gün sonra işi rədd etdilər. Bundan sonra məhkəməyə müraciət etdim. Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədov şikayətə baxdı. Orada Məharət Mustafayev qızımın adına 1 hektar torpaq verdi. Etiraz etməyimin heç bir faydası olmadı. Sonradan bildim ki, bu torpağın verilməsi haqda sənədlər saxtadır. Faktiki olaraq mənə qarşı 2-ci dəfə dələduzluq edilib. Məhkəmə Məharət Mustafayevin göstərişi ilə şikayətim üzrə xitam qərarı çıxardı. Yazdılar ki, barışıq əldə olunub. Həmin qərarı mübahisələndirirəm. 4 yetim saxlayıram, Məharət Mustafayevin başıma açdığı oyunlar, təhdidlərindən sonra şəkər xəstəliyi tapmışam. Məharət Mustafayev Gəncədə mənə öz evimdə yaşamağa imkan vermir. Təhdid edirlər. Qorxudan müxtəlif ünvanlarda yaşayıram. Rusiya vətəndaşıyam, ona görə də prezident Vladimir Putinə də şikayət ünvanlamışam. Azərbaycanın baş prokuroru Zakir Qaralovdan kömək istəyirəm. Bizi Məharət Mustafayevin zülmündən qurtarın. Pulumuzu alıb bizə versinlər”.
İşdə adı çəkilən, vaxtilə Məharət Mustafayevin yanında işləmiş E.Kərimov da sabiq müdirinin əməllərindən zərərçəkənlərdəndir. Deyir ki, Tutu Əhmədovanın torpaq işini həll edərkən, Məharət Mustafayevlə tanış olub: "Təklif etdi ki, onun alqı-satqı işlərinə yardımçı olum. Bir müddət onunla işlədim. Gördüm ki, qanunsuz əməlləri var, yanından uzaqlaşdım. 1 neçə nəfərdən torpaq satmaq üçün ümumilikdə 92 min dollar pul alıb Məharət Mustafayevə vermişdim. Həmin vətəndaşlardan da Tutu Əhmədova kimi pulu alıb torpağını vermirdi. Onunla vətəndaşlar arasında mən qalmalı olurdum. Məcbur qalıb evimi və maşınımı satdım, 92 min dolları zərərçəkənlərə ödədim. Ancaq hələ də həmin pulu Məharət Mustafayevdən ala bilmirəm. Sonuncu dəfə məni ”Ramada Plaza"ya çağırdı, ağır sözlərlə təhqir etdi, mənə əl qaldırdı. Təhdid etdi ki, adam tutub üzünə durduracam, səni həbs etdirəcəm".
E.Kərimov Məharət Mustafayevin daha bir qanunsuzluğunun üstünü açıb: "Pulunu alıb torpaq vermədiyimiz adamlardan biri məni çox narahat edirdi. Məharət Mustafayevdən onun torpağının sənədini verməyi xahiş etdim. O isə 2016-cı ildə, 2013-cü il tarixinə saxta möhürlə bir sənəd düzəldib mənə təqdim etdi. Sonra həmin sənədin üstündə məni saxladılar və 20 gün həbs yatdım. Bu günə qədər Tutu Əhmədovanın da pulunu vermir. Bu adamın əlindən gecə-gündüzümüz yoxdur. Baş Prokurorluqdan xahiş edirik ki, bu məsələni də nəzarətə götürüb Məharət Mustafayevin bizə qarşı qanunsuz əməllərinin nəhayət ki, araşdırılmasına göstəriş verilsin”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(musavat.com)