Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq Azərbaycan hərbi qulluqçusunun nəşinin nümayişkarcasına qaytarmaqdan imtina etməsi rəsmi Yerevanın beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə konvensiyası və əlavə protokolların normalarının növbəti kobud pozulmasıdır.
Bunu Trend-ə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi deyib: "Humanizm dəyərlərindən kənar olan Ermənistan rejimi cəsədləri belə işgəncə, təhqir və fiziki zorakılığa məruz qoyaraq qısas və siyasi möhtəkirlik obyektinə çevirir. Bu kimi zorakılıq əlamətləri son günlərdə geri qaytarılmış hərbi qulluqçuların cəsədlərində də müəyyən edilmişdir. Ermənistanın qeyri-insani əməllərinin nəticəsidir ki, 1991-1994-cü il hərbi əməliyyatlarında əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlı mülki və hərbi şəxs hələ də itkin düşmüş hesab olunur".
H.Hacıyev qeyd edib ki, cəsədlərin qaytarılmasına vasitəçilik missiyasını yerinə yetirən beynəlxalq qurumlar tərəfindən də Azərbaycan hərbi qulluqçusunun nəşinin Ermənistan tərəfində olması faktı təsdiqlənsə də rəsmi Yerevanın imtinasından sonra susqunluq nümayiş etdirmələri başa düşülən hal deyildir: "Onlar tərəfindən bu kimi məsələlərdə prinsipial və aydın mövqe nümayiş etdirilməlidir. Rəsmi Yerevan 2 aprel tarixindən etibarən başladığı təxribat və hərbi avantüranın uğursuzluğundan sonra beynəlxalq təcrid vəziyyətində olduğunu bir daha görmüşdür. Odur ki, Ölkədaxili və beynəlxalq ictimaiyyət qarşısında olan-qalan nüfuz və etimadını da itirən Ermənistan rəhbərliyinin addımları daha sərsəm, qeyri - müəyyən və təhlükəli xarakter alır".