Şəhid anası Gülbikə Səmədova prezidentdən və hüquq-mühafizə orqanlarından kömək istəyir.
Şəhid anası "Yeni Müsavat”a məktubunda yazır ki, Şirvan Telekomunikasiya Qovşağının təsərrüfat müdiri Mobil Azayev sənədlərlə onlara məxsus olan torpaq sahəsini zəbt edib: "Oğlum Taleh Şahbala oğlu Səmədovu torpaqlarımız uğrunda qurban vermişəm.
Qarabağ uğrunda gedən döyüşlərdə 1993-cü il avqustun 23-də Taleh itkin düşdü. Bu günə kimi oğlumun öldü-qaldısından xəbər yoxdur. Zəhmətlə dolanan ailə olmuşuq. 8 övladım olub. İndiyə kimi bir dəfə də olsun şəhid anası kimi heç bir dövlət idarəsinin qapısını döyüb torpaq, ev istəməmişəm.
Ötən illər ərzində 6 sot torpaq veriblər. Həmin torpaq Şirvan şəhərinin o biri başındadır. Heç gedib-gəlmək də olmur. Balalarım öz zəhmətləri ilə işləyib dolanıblar. Qonşuluqda yaşayan şəxsdən 6 sot torpağı aldıq ki, orada ev tikib nəvəmi evləndirək, öz evi olsun. Əlimizdə torpağın kupçası da var. Amma aldığımız yerin qonşusu, Şirvan Telekomunikasiya Qovşağında təsərrüfat müdiri işləyən Mobil Azayev deyir ki, yer mənimdir, sizi burda ev tikməyə qoymayacağam”.
Şəhid anası prezidentə, daxili işlər naziri və baş prokurora müraciətlə yazır:" Hər an qanlı cinayət baş verə bilır. Mobil Azayev kimə arxayındısa bilmirəm. Ona görə də sizlərə müraciət edərək xahiş edirəm ki, araşdırılsın, ortaya çıxarılsın ki, Mobil Azayev hansı əsasla kasıb, zülm-zillətlə yaşayan camaatın torpağını zəbt edib? Kimdir, hansı dələduzdur ona saxta sənəd düzəldən? Həmin şəxs tapılsın və qanun qarşısında cavab versin”.
Şəhid anasının məktununda oxşar situasiya ilə üzləşən digər qonşusu Babalı Bayramovun da torpaq sahəsinin qanunsuz olaraq eyni məmur tərəfindən zəbt edilməsindən söhbət açılır:"Babalı Bayramov hərbi xidmətdə 2 qrup əlil olub. 5 nəfərdən ibarət ailə üzvü var. O, 29.12.1989-cu ildə C.Qaryağdıoğlu küçəsi 17-də yerləşən boş həyətyanı torpaq sahəsini Əli Bayramlı XDS-nin qərarı ilə alıb. Arxivdə sənədlərin kötüyü də var. Oğlum Vahid Səmədovun üzləşdiyi qoçuluq, özbaşnalıq onun da başına gəlib. Mobil Azayev gedib Sabirabad rayonu, Beşdəli kəndində yaşayan bacısı Nazlı Həsənşah qızı Azyevanın adına saxta sənəd alıb ki, torpaq onundur. Babalı Bayramov məhkəməyə müraciət etdi və məlum oldu ki, Azayevin sənədi saxtadır, arxivdə heç bir kötüyü yoxdur. Babalı Bayramovun isə bütün qanuni sənədlərim var. Hələ o vaxt məhkəmədə Mobil Azayev ona deyib ki, kifayət qədər pulum var, sənin nəyin var? Hara lazımdısa pul verib sənin yerini əlindən alacam. Yerli məhkəmənin o vaxtkı sədri Qurban Hacıyev hərtərəfli araşdırma aparıb sonda ədalətli qərar çıxarmışdı. Torpağın Babalıya məxsus olduğunu təsdiqləmişdi. Mobil Azayev Apelyasiya Məhkəməsinə şikayət verdi. Apelyasiya Məhkəməsinin hakimi Əhməd Nurməmmədov qərarında yazıb ki, cavabdeh Nazlı Həsənşah qızı Azyeva iddiaçı Babalı Bayramovun istifadəsinə verilmiş torpaq sahəsinin boş qalmasından istifadə edərək həmin ərazini hasara almış və orada yardımçı tikililər inşa etdirib. Nazlı Azyeva həmin işlərin görülməsi üçün əsas kimi Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 24 iyul 1991-ci il tarixli 10 saylı iclasın 275 nömrəli protokol qərarından çıxarışın tarixsiz və nömrəsiz kserosurətinə, həmin qərara əsasən XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş, verilmə tarixi göstərilməyən çıxarışa əsaslanmışdır. Bu cümlələr hakim Əhməd Nurməmmədovun qəbul etdiyi qərarda açıq şəkildə qeyd olunduğu halda Babalının haqqı tapdandı. Hakim Əhməd Nurməmmədov ən böyük ədalətsizliyə imza ataraq özünü ifşa edən qərar verdi. Həmin qərarı hazırda Ali Məhkəmənin hakimi işləyən Əhməd Nurməmmədovun dəstəyi ilə Ali Məhkəmə qüvvədə saxladı. Mobil Azayev hüquqi sənədlərlə Babalıya məxsus torpağa sənəd ala bilmir və qanunsuz olaraq hələ də zəbt altında saxlayır. İndi də üstünə ”satılır" elanı vurub. Bu adam torpaqları zəbt edir ki, satıb pula çevirsin".
Şəhid anası prezidentdən xahiş edir ki, hüquq-mühafizə orqanlarına Mobil Azayevə saxta sənəd vermiş şəxslərin ciddi cəzalandırılması üçün göstəriş versin:"Biz dövlətimizin gücünə inanırıq və əminik ki, haqqımız tez bir zamanda bərpa olunacaq”.