Şəfəqə Doğru » Manşet » VƏRƏM AZƏRBAYCANA RUSİYADAN GƏLİR

VƏRƏM AZƏRBAYCANA RUSİYADAN GƏLİR

VƏRƏM AZƏRBAYCANA RUSİYADAN GƏLİR

Xəstəlik nə qədər vaxtında aşkar olunarsa, müalicə imkanları da o qədər yüksək olar




Səhiyyə Nazirliyindən verilən məlumata görə, son illər ərzində vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. Ölkəmizdə vərəmin gecikmiş və yayılmış formalarından əziyyət çəkən xəstələrin sayı 2010-cu illə müqayisədə 2 dəfə azalaraq 7,6 faizlik göstəricidən 3,4 faizə enib.

Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır. 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olub.

Statistik göstəricilərdən də məlum olur ki, ölkəmizdə vərəm xəstəliyindən əziyyət çəkənlərə dövlət səviyyəsində qayğı göstərilir. Nəzərə alsaq ki, ölkədə ən çox yayılan xəstəliklər sırasında vərəm xəstəliyi ilk yeri tutur. Verilən göstəricilərdə belə xəstələrin sayının azalması qeyd olunubsa, bu, müsbət tendensiyanın əlamətidir.

Vərəmdən əziyyət çəkənlərin hər zaman çox ağır formada aşkara çıxdığını deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, həmin xəstələrin müalicəsi üçün dövlət tərəfindən şərait yaradılıb. Professorun sözlərinə görə, bunun üçün müvafiq proqramlar da hazırlanıb: 

"Amma vərəm xəstəliyi ölkəmizə Rusiya xəstəxanalarından başlanğıc götürüb. Azərbaycandan xeyli gənc adam uzun müddətdir ki, Rusiyada fəaliyyət göstərir, bu, az miqdar deyil. Həmin vətəndaşlarımız daimi miqrasiya durumundadırlar. Ona görə də vərəm xəstəlikləri Azərbaycanda çoxluq təşkil edir. Ümumiyyətlə isə bu xəstələrin sayı bütün dünya üzrə artır. Bu zaman həmin xəstələr adi vərəm dərmanlarına tabe olmurlar. Onlar üçün yeni qrup preparatlar işlənib hazırlanır. Bütün bunlar da ciddi narahatçılıq doğurur. Yəqin ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və proqramları var. Müvafiq qurumlar onlarla əlaqədə olub, bu işləri lazımınca qura bilərlər. İstənilən halda isə vərəm dünyada yeni bir formada qeydə alınıb və bu, narahatçılıq doğurur”.

Sovet dövründə vərəm xəstəliyi ilə bağlı dispanizasiya üsulunun olduğunu deyən professor o zaman xeyli xəstələrin erkən aşkara çıxarılmasının mümkünlüyünü bildirib: 

"Əslində dispanizasiya o qədər də uğurlu üsul deyildi. Lakin xəstələrin erkən aşkarlanmasına köməklik göstərirdi. Azərbaycana gedib-gələn əhalinin, xüsusilə uzun müddət Rusiyada olub, sonradan ölkəmizdə yaşamaq istəyən şəxslərin dispanizasiyası çox vacibdir. Vərəm əleyhinə bir proqram təşkil olunmalıdır, həmin proqram əsasında da müayinələr həyata keçirilməlidir ki, xəstələr vaxtında aşkar olunsun. Xəstəlik nə qədər vaxtında aşkar olunarsa, müalicə imkanları da o qədər yüksək olar. Bundan başqa yeraltı keçidlərdə, pis ventilyasiya olunan yerlərdə ventilyasiyanı təmin etmək, əhalini maska ilə gəzməsi üçün maarifləndirmək çox vacibdir. Çünki ventilyasiya pis olan yerlərdə vərəmli xəstələr öskürdükdə və asqırdıqda böyük miqdarda vərəm çöpləri havada asılı qalır və bu, sağlam adamın vərəmə yoluxması üçün təhlükə yaradır”.
Yeganə Bayramova