Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) terrorçularına "reaksiya ölçmə atəşi” açıb.
Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb. Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.
Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Adrian Rankin-Qollivay deyib ki, Suriyanın Afrin bölgəsindəki PYD/PKK güclərini dəstəkləmir və onları İŞİD terror təşkilatı ilə mübarizə əməliyyatlarının parçası olaraq görmür.
"Suriya Demokratik Gücləri”ndən kənar qüvvələr bizdən hər hansı hərbi təlim və dəstək almır. Dəstəklədiyimiz qruplar, xüsusilə İŞİD əleyhinə əməliyyatlara qatılan qruplardır”, - o bildirib.
Daha əvvəl isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin sözçüsü Ryan Dillon analoji bəyanatla çıxış etmişdi. O, "Anadolu” agentliyi ilə söhbətində bildirmişdi ki, Afrin bölgəsi koalisiyanın əməliyyat zonasına daxil deyil/Publika.az