ŞƏHİDLƏRİ ZİYARƏT ETMƏK AZDIR
İlahi, bir daha 28 il öncə öz doğma şəhərində, öz evində, öz torpağının üstündə gördüyü o vəhşilikləri, mərkəzin o alçaqlığını, o əlacsızlığı, o müqayisəsi olmayan zülmü və yerə-göyə sığmayan dərdləri bu millətə göstərmə!
Bu gün, aradan 28 il keçəndən sonra dilimə gələn ilk sözüm, ilk duam, ilk harayım budur!
Sovet ordusu sanki dünya müharibəsi başlayıbmış və ya atomla silahlanmış bir düşməninin üstünə gedirmiş kimi bütün gücünü işə salmış, hərbi hissələrini ayağa qaldırmış, bütün arsenalını hərəkətə gətirmış və qurudan, havadan, sudan, nəhayət, Bakının içindəki kazarmalarından "mənim torpağımı qonşuya verə bilməzsən!” deməkdən başqa bir tələbi olmayan məzlum, əliyalın millətə – öz vətəndaşına hücuma keçmiş, onu nifrətlə əzmiş, alçaltmış, asfalta suvamış. nizələrə keçirmiş, tankların tırtıllarına dolamış, uşaq, qadın, qoca demədən qarşısına keçən hər kəsi gülləyə düzmüş, yaralıları yük maşınlarına doldurub dənizə tökmüşdü…
O dəhşəti bu gün təsəvvür və təsvir etmək mümkün deyildir. Vaxtilə yaranın isti vaxtında yazdıqlarım qalır; onlardan daha dəqiq yaza bilmərəm.
Moskvanın bütün güc nazirləri öz cinayətlərini gizləmək və yerindəcə ört-basdır etmək, səsimizin kənara çıxmasına yol verməmək üçün rəhbərlərimizin kabinetlərində şərəfsizcəsinə yeyib-içirdilər.
Bu qırğın və onun nəticəsində Moskvanın əlimizi-qolumuzu bağlayıb Qarabağı ermənilərə bağışlaması dönə-dönə, hər bir xırda detalıyla yazılmalı ara vermədən dünyaya yayılmalıdır.
Ancaq indi mənim məqsədim ayrıdır. İlk növbədə 20 Yanvar şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyir və yaşayan bütün yaxınlarına başsağlığı və şükranlarımı çatdırıram.
İkincisi, həmin faciəli gündə xalqımızın bütün mərdanəliyi, gözəlliyi, əyilməzliyi, səbri, mətanəti, müdrikliyi ilə ortaya çıxan parlaq xarakterini xatırlayıram. Qanlı, yaralı köksünü qərənfillərlə sarıyıb sarsıntısını düşmənə göstərmək istəməyən böyük Bakını xatırlayıram…
… Və bir də bugünkü harın, bir-biriylə didişən, etinasız, "ubeyte etix turkov!” deyib tankları üstümüzə sürənlərin dilində qırıldamaqdan ötrü ürəyi gedən, yenidən Moskva xiffətiylə alışıb yanan huşsuz, müqavimətsiz, varlığını özgələrə qapdıran kütləyə baxıram…
Şəhidləri ziyarət etmək və məzarlarının üstünə gül dəstələri qoymaq azdır, şəhidlərin uğrunda qurban getdikləri dəyərləri qorumaq və bu yolla onların ruhuna sayqı göstərmək lazımdır…
Sabir Rüstəmxanlı