Türkiyənin ərazi bütövlüyünü, sərhədlərinin təhlükəsizliyini və suverenliyini kürd terrorçularından qorumaq məqsədilə atdığı önləyici addımlar münbit beynəlxalq şəraitin mövcudluğu reallığında həyata keçirilməkdədir. Bu əməliyyatlara qarşı çıxış edən azsaylı dövlətlərin hərəkətləri isə daha çox imitasiya xarakteri daşıyır. Türkiyənin işi haqq işidir və dünya bunu nə qədər tez dərk etsə, beynəlxalq terrorizmə qarşı mübarizədə daha böyük uğurlar qazanmaq olar.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili, politoloq Elman Nəsirov qeyd edib. O bildirib ki, 2018-ci il 20 yanvar tarixində Türkiyə Silahlı Qüvvələrinin başladığı Afrin əməliyyatı birmənalı olaraq Türkiyənin antiterror əməliyyatıdır:
"Bu əməliyyatın başlanmasına səbəb Pentaqonun polkovniki Tomas Valın Suriyanın şimalında Türkiyə ilə sərhəd boyunca 30 minlik və əsasən Suriya Demokratik Qüvvələrindən ibarət (YPG və PYD) Sərhəd təhlükəsizlik xidməti yaratmaq istiqamətində hazırlıq işlərinə başlanması haqqında bəyanatı oldu. Türkiyənin NATO üzrə müttəfiqi olan ABŞ-ın bu addımı rəsmi Ankara və Vaşinqton arasında münasibətlərin son dərəcə gərginləşməsinə gətirib çıxardı. Türkiyə ABŞ-ı müttəfiqlik münasibətlərinə daban-dabana zidd addım atmaqda və terrorçuların yanında yer almaqda ittiham etdi. Rəsmi Vaşinqtonun cavabı özünü çox gözlətmədi. ABŞ-ın Dövlət Katibi Reks Tillerson Vankuverdən Vaşinqtona qayıdarkən təyyarədə məlum ittihamlara cavab olaraq bütün vəziyyətin təhrif edilmiş formada təqdim edildiyini bildirdi. Göründüyü kimi, ABŞ Türkiyənin qətiyyətli mövqeyi qarşısında geri çəkilməli oldu”.
Politoloq vurğulayıb ki, bu məsələdə Rusiyanın mövqeyi daha çox neytrallığı ilə diqqəti cəlb edir:
"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov məhz ABŞ-ı Suriyada baş verməkdə olan son hadisələrdə ittiham etdi. Rəsmi Moskvanın bu davranışının motivləri anlaşılandır. Birincisi, Rusiya üçün ilk növbədə bölünməz Suriya lazımdır. YPG və PYD terror təşkilatları isə faktiki olaraq Suriyanın şimalında ayrıca kürd dövləti yaratmaq istəyirlər. Deməli, Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatları nəticə etibarilə Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət göstərir və bu baxımdan həm Moskva, həm də Dəməşqin milli maraqlarına cavab verir. İkincisi, Rusiya Prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə bu ilin yanvar ayının 29-30-da Soçi şəhərində Suriya Milli Dialoq Konqresinin toplantısının keçirilməsi planlaşdırılır. Bu toplantının baş tutması Suriya böhranının tənzimlənməsində Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Afrin böhranında Rusiyanın Türkiyə ilə konfliktə girməsi həmin toplantının baş tutmasına ciddi mane ola bilərdi. Üçüncüsü, yanvar ayının 18-də Türkiyənin hərbçi və kəşfiyyat rəhbərliyinin Moskvada məlum hadisələr ilə bağlı yüksək səviyyəli danışıqlar aparması da, heç şübhəsiz, Moskvanın bəlli mövqeyinin formalaşmasında az rol oynamamışdır”.
Millət vəkilinin sözlərinə görə, Türkiyə Afrin əməliyyatına başlamazdan öncə, ilk növbədə, Suriya rəhbərliyinə rəsmi məktubla müraciət etmiş və atacağı addımların Suriya ilə sərhədlərdən gələn terror təhlükəsi ilə bağlı olduğunu əsaslandırmışdı:
"Analoji məktublar bütün maraqlı tərəflərə, o cümlədən BMT Baş katibliyinə ünvanlanmışdı. Ərəb dövlətlərindən yalnız Misir, Avropa dövlətlərindən isə Fransa Türkiyənin Afrində həyata keçirdi antiterror əməliyyatlarını pisləyən mövqe ortaya qoymuşdu”.