Şəfəqə Doğru » Manşet » "Semaşko"da açıq bazar qaydaları hökm sürür

"Semaşko"da açıq bazar qaydaları hökm sürür

"Semaşko"da açıq bazar qaydaları hökm sürür
Səhiyyə sistemi ölkənin milli genofondu ilə bağlı strateji sahə olduğundan ölkə rəhbərliyi bu sistemdə həllini gözləyən bir çox problemlərin, çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Son illərdə tibb ocaqlarının kadr potensialının gücləndirilməsi, ən müasir müalicə-diaqnostika mərkəzlərinin inşası, mövcud xəstəxanaların, poliklinikaların əsaslı təmiri və yenidənqurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı istiqamətindəki tədbirlər daha geniş vüsət alıb. Bunu heç kim inkar edə bilməz. Qeyd edək ki, dövlət büdcəsindən bu sektora ayrılan vəsaitlərin artırılması səhiyyə müəssisələrinin fəaliyyətinin, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına, vətəndaşları qayğılandıran bir çox məsələlərin həllinə yaxşı imkanlar açıb.
Lakin, müasir binaların, tibbi avadanlıqların da hamısı insanlara xidmət edir. Təəssüf ki, aparılan islahatların, xərclənən vəsaitlərin belə bu tibb ocaqlarında məğlub olduğu bir "xəstəlik” var. Bu mənfur xəstəliyin adı rüşvətxorluq və korrupsiyadır.
Bu amansız xəstəliyə "yoluxan” tibb ocaqlarından biri, bəlkə də birincisi daha çox Semaşko xəstəxanası kimi tanınan 1 saylı Şəhər Kliniki Mərkəzidir. Xəstəlik Mərkəzin bütün şöbələrini özünə məğlub edib, demək olar ki, bütün tibb personalı "acımasız azara” mübtəla olublar. Hətta baş həkim Ədalət Dadaşovun özünün belə bu amansız xəstəlikdən əziyyət çəkdiyi söylənilir.
Xəstəxanaya müraciət edənlər buraya dahi şairimiz Nəsiminin adının verilməsini daha doğru hesab edirlər. Çünki, elə ilk qədəmdən, kandardan "soyulma” prosesinə başlanılır. Özü də qansız, bıçaqsız. Burada xəstələri xəstələnməyinə peşiman edirlər ki, bir daha belə səhvə yol verməsin.
Paytaxtın ən iri və nüfuzlu xəstəxanalarından olan Kliniki Tibbi Mərkəzdə 30 min adama stasionar, 50-60 min adama ambulator yardım göstərilir. Burada 2 minə yaxın əməkdaş çalışır. Mərkəz dövlət tibb müəssisəsi olmaqla, rəsmən heç bir pullu xidmət yoxdur. Ancaq mərkəzdə havayı olan yeganə şey havadır.
Burada qiymətlər həm də bahalığı ilə fərqlənir. Digər xəstəxanalarda adi bir əməliyyat 400-500 manata başa gəldiyi halda Semaşkoda təkcə cərrahla narkoz həkiminin qiyməti 700 azn olduğu bildirilir. Qeyd edək ki, bu qiymətə tibb bacılarının və digər personalın "çayvoyu” daxil deyil. Eyni vəziyyət bütün sahələrdə hökm sürür. Xadimədən tutmuş həkiminə qədər hər kəs xəstəyə potensial qazanc mənbəyi kimi baxır.
Əvəzində isə baş həkim Ədalət Dadaşov KİV-lərə xəstələrə pulsuz tibbi xidmət göstərildiyini bildirir. Bu xoşbəxt xəstələrin kimlər olduğu isə kimsəyə məlum deyil. Çünki, burada "pulsuz” sözünün özünü belə pulsuz demirlər. \\editor.az\\