Vətən uğrunda gözünü və bir ayağını itirən gənc Qarabağ qazisi, keçmiş güləşçi Kamil Musavi Türkiyənin məşhur mafiya liderlərindən biri olan Sedat Pekerlə görüşüb.
Görüş S.Pekərin evində gərçəkləşib. Unikal.org-a danışan K.Musavi S.Pekərin onun Türkiyəyə gəldiyindən xəbər tutaraq, evinə dəvət etdiyini deyib:
"Ermənilərin Xocalı soyqırımında həmvətənlərimizin başına gətirdikləri dəhşətli qətliamla bağlı danışmaq üçün Türkiyə kanalları məni bura çağırıblar. Hazırda qardaş ölkədəyəm.
Türkiyəyə gəldiyimi Sedat Pekərə deyiblər ki, Kamil Musavi gələcək. O da "qonağım olsa, qürur duyaram" deyib”.
Gənc qazi Sedat Pekərlə görüşdən videosunu paylaşıb. O, həmin görüntüdə Kamil Musavinin onun evinə ziyarətə gəldiyi üçün çox xoşbəxt olduğunu dilə gətirib. S.Peker, həmçinin Kamil Musavinin Afrin əsgərlərinə səsləndiyi videoya bağlı da danışıb:
"Əsgərlərimiz üçün K.Musavinin danışması biz türklərin qəlbində böyük yer alıb. Allah ondan və onun kimi düşünənlərdən razı olsun”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı K.Musavi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.