""Zeytun budağı” əməliyyatının birinci mərhələsi çərçivəsində Afrin şəhəri terrorçulardan tamamilə azad olunmalıdır. Küçə döyüşlərinin olması ehtimalı da var".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, digər bir ehtimal da mümkündür: "Ola bilər ki, PYD tör-töküntüləri şəhəri tərk edib digər istiqamətlərdə öz mərkəzlərini qursunlar. Bu zaman Türkiyə Silahlı Qüvvələrinə Afrini tutmaq daha asan başa gələ bilər”.
E.Şahinoğlu əlavə edib ki, Türkiyə Afrinin tamamilə azad olunması ilə kifayətlənmək istəmir:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə deyib ki, Menbiç də hədəflərdən biridir. Hətta, İdlibə gedib çıxa bilərik. Əsas hədəf Afrin idi. Afrin məsələsi həll olunduqdan sonra kürd terrorçuların şimalda və cənubda birləşməsi ehtimalı az olur. Amma gərək digər bölgələrdə də nəzarət olsun. Çünki Afrini əldə saxlamaqla iş bitmir. Afrini nə qədər əldə saxlasan da, gələcəkdə o hissələrə yenə də terrorçuların hücumları ola bilər. Bu o deməkdir ki, Türkiyə ordusu gərək uzun müddət həmin bölgədə qalsın. Açıq demək lazımdır ki, Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun müqavimət gücü o qədər də yüksək səviyyədə deyil. PKK terrorçuları, PYD-çilərin sayı da Azad Suriya Ordusunun sayından çoxdur. Bu faktı da nəzərə almalıyıq”.
E.Şahinoğlu hesab edir ki, Afrin azad olunandan sonra Menbiçlə bağlı ABŞ-la danışıqlar intensivləşəcək: "Çünki ABŞ Dövlət katibi Reks Tillerson da Ankarada olarkən, bu məsələ geniş müzakirə olunub. ABŞ Türkiyə ordusuna Menbiçə daxil olmağa imkan vermək istəmir. Türkiyə də riskə gedib Menbiçdə amerikan hərbi ekspertləri ilə toqquşmaq istəməz. Çünki orda müəyyən qədər amerikalı hərbçilər var. Demək, ortaq yol tapılmalı, Menbiçə Türkiyə və ABŞ-ın birgə nəzarəti olmalıdır. Əgər orda PKK-PYD olacaqsa, Türkiyə bununla barışmayacaq. Amma Menbiçdə ABŞ-Türkiyə işbirliyi mümkündür. Bu, Vaşinqtonun da maraqlarına xidmət edir”.
Müsahibimiz əlavə edib ki, ABŞ Türkiyənin Rusiya və İranla həddən artıq yaxınlaşmasından narahat olduğunu bildirir. İndi Vaşinqtonla Ankaranın əməkdaşlığı bu cür iddialara tutarlı cavab ola, iki ölkə Menbiçdə əməkdaşlıq edə bilər:
"Bu, Türkiyə üçün də xeyirlidir, ABŞ-ın da maraqlarına cavab verir. Ortaq yol ancaq bu ola bilər. Yox, əgər ABŞ ayağını dirəsə və Menbiçdə PYD-nin də olmalı olduğunu desə, aydın məsələdir ki, sövdələşmə baş tutmayacaq. Bu zaman artıq Afrində möhkəmlənmiş türk ordusu irəliləmək üçün müəyyən təşəbbüslərə malik olacaq”.