Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 illik aşbazı Cüneyt Asan lent.az-a müsahibə verib.
"Qafqazinfo”nun məlumatına görə, məşhur aşbaz Bakıya gəlişinin səbəbini açıqlayıb:
"Dörd ildir Bakı ilə sıx gəliş-gedişim var. Hətta indi neçənci gəliş olduğunu bilmirəm, çünki çox gəlmişəm. İlk növbədə ona görə ki, Azərbaycanı çox sevirəm, eyni zamanda burada restoranlarım var. Azərbaycan bizim ikinci vətənimizdir. Bu ölkəni sevirik. İki aydan bir Bakıya gəlirəm. İki ay keçən kimi bura üçün darıxıram. Bu dəfə yenə Bakı üçün darıxdım və gəldim. Burada dostlarım çoxdur, gələn kimi görüşürük. Bakı çox gözəl şəhərdir. Hələ gecələr Bakı Parisdən də gözəldir”.
C.Asan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yemək seçimində kaprizli olmadığını deyir:
"Yemək seçimində heç kaprizi yoxdur. Onsuz da həkim nəzarəti ilə qidalanır. Sağlam olması üçün onun yeməklərinə diqqət edilməlidir. Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Biz də onun yeməklərinə, menyusuna çox diqqət edirik. Amma əsasən, ət yeməyini sevir. Hələ baş nazir olduğu vaxtdan ətlə bağlı menyunu mən hazırlayıram. Ərdoğan bəyin özünün də çox zaman xüsusi sifarişləri olur. Əsasən bizim hazırladığımız sosiskaları çox sevir. Onun sevmədiyi yeməyi bilmirəm, amma ən çox antrikotu və quzu ətini sevir. Bu aralar özünü bir az narahat hiss edirdi. Lakin indi sağlamlığı yerindədir, heç bir problem yoxdur. Amma təbii ki, həkim nəzarəti altında pəhriz saxlayır. Hər şey yeyə bilməz. Ona görə də nə vaxt nə yeməyini həkimlər məsləhət görürlər”.