Şəfəqə Doğru » Manşet » Afrin əməliyyatı həlledici həftəyə girdi – 45-ci gün...

Afrin əməliyyatı həlledici həftəyə girdi – 45-ci gün...

Afrin əməliyyatı həlledici həftəyə girdi – 45-ci gün...
Toğrul İsmayıl: "Türkiyə Afrində ona qurulan oyundan qalib çıxa bildi”
Türkiyə Silahları Qüvvələrinin PKK, YPG və İŞİD terrorçularına qarşı Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı” əməliyyatının başlamasından 45 gün ötdü. Bu günlər ərzində Türkiyənin bölgədə apardığı antiterror əməliyyatı nəticəsində yüzlərlə terrorçu məhv edildi.

Türkiyənin uğurları artdıqca, ona qarşı çıxan ölkələrin etirazları yüksəlir. Ötən həftə bəzi Avropa ölkələrinin nümayəndələri Türkiyənin Afrində həyata keçirilən əməliyyatı dayandırmalı olduğunu bildirib. Belə ki, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Federika Moqerini mətbuata verdiyi müsahibədə BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəslə bağlı qəbul etdiyi qətnamənin digər bölgələrə də şamil olunmalı olduğunu qeyd edib.

Türkiyənin baş naziri Binəli Yıldırım isə söyləyib ki, Afrin mühasirə vəziyyətindədir: "Sərhədlərimizə yaxın bölgələrin hamısını terror yuvalarından təmizlədik. İndi isə əsgərimiz, xüsusi təyinatlılarımız, jandarmamız, polisimiz, təhlükəsizilik qoruyucularımız və Azad Suriya Ordusunun igidləri addım-addım Afrinə doğru irəliləyir. Bu gün Afrin, sabah başqa bir yer. Terrorçularla əməkdaşlıq edənlər bölgədə sülhü təhlükəyə atır. Qanuni bir dövlət terror qruplaşması ilə əməkdaşlıq etməz. Terror qruplaşmalarına rəğbət bəsləyənlərin əlinə qan yaxılar”, - deyə o vurğulayıb.


Bölgədə vəziyyəti "Yeni Müsavat”a şərh edən Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl bildirdi ki, Afrin əməliyyatları hələ bir müddət davam edəcək: "Əməliyyatların daha yavaş getməsi ilə bağlı Türkiyədə də mübahisələr aparılır. Digər tərəfdən BMT-nin verdiyi qərarla bağlı da vəziyyət oxşardır və bu da mübahisələrə yol açıb. Türkiyə hökuməti isə əməliyyatları davam etdirir və burada hansısa geri addım yoxdur. Açıqlamalarda da bildirilir ki, ərazidə sadəcə antiterror əməliyyatı aparılır. Buna görə də bu, ümumi atəşkəsdən fərqlənir. Eyni zamanda Putinin də açıqlamalarından görünür ki, Türkiyə gərgin bölgələrdən sivil insanların çıxarılmasına yardımçı olub. Türkiyənin əsas həssaslıq nümayiş etdirdiyi məqam da elə budur ki, orada dinc sakinlərə zərər dəyməsin. Suriyada Əsəd rejiminə qarşı Rusiyanın, hətta Amerikanın apardığı əməliyyatlarda mülki şəxslərin də vurulduğunu görürük. Ancaq Afrin əməliyyatında terror qruplaşmasının təxribatından başqa ciddi etiraz səsi yoxdur. Bu, çox vacib məsələdir. İkincisi də Türkiyə hazırda Raconun da alınması ilə birlikdə ən ağır mərhələyə keçib. Bu mərhələ Afrinin içərisindəki əməliyyatdır. Afrində çoxsaylı əhali yaşayır. Ona görə də kimin terrorist, kimin sivil vətəndaş olduğunu aid etmək çətindir. Ancaq Türkiyənin bu məsələdə böyük təcrübəsi var. Afrinin içərisində bu əməliyyatların qısa zamanda başa çatacağını gözləmirəm. Səbəb isə vətəndaşlara zərər verməmək, daha az şəhidin düşməsinə çalışmaqdır”.


Politoloq Fransanın əməliyyatlara münasibətini də şərh etdi: "Bu ölkənin mövqeyi ilk gündən bəllidir. Fransa oradakı terrorçuları müdafiə etməyə çalışır. Ümumiyyətlə, bu günlərdə Avropanın da məsələyə münasibətini görürük. Məsələn, PYD-nin keçmiş başqanlarından olan Müslimin Praqadakı məhkəmə şousunu gördük. Avropa PKK-nı terror təşkilatı olaraq tanısa da, PYD-ni bu cür qiymətləndirmir. Ancaq bunlar arasında hansısa fərq yoxdur. Xüsusilə də Amerika Mərkəzi Kəşfiyyatının məlumatlarına görə, PYD elə PKK-nın davamıdır. Lakin buna baxmayaraq Amerika bu terror qrupundan öz lehinə istifadə edir. Avropalılar da eyni şəkildə hərəkət edirlər. Türkiyənin xüsusi xidmət orqanlarının məlumatına görə, Avropadan 400-dən çox insan PYD-yə qoşulub. Yəni ərazidə siyasi oyunlar gedir və hər bir dövlət də öz marağı üzrə hərəkət edir. Belə ikili standartlar dünyada terrorun kökünü qurutmağa imkan verməz. Terroristin yaxşısı pisi olmaz. Bundan əlavə də tarixən Fransanın terror təşkilatlarına dəstəyi hər kəsə bəlli olan məsələdir. Fransa ASALA, Bask eləcə də digər qanlı terror qruplaşmalarına qucaq açmış yerdir”.


Toğrul İsmayıl hesab edir ki, Türkiyə Afrində ona qurulan oyundan qalib çıxa bilib: "Əlbəttə ki, Türkiyəyə oyun da qurula bilər. Bununla bağlı fikir bildirənlər haqsız deyil. Suriyada savaş başlayan ilk günlərdə açıq şəkildə demişdim ki, Türkiyəni bu ərazidə savaşa çəkmək istəyirlər. Ancaq Türkiyə Suriyada bütün oyunları dəf edərək savaş deyil, terroristləri təmizləmək işindən başladı. Bu, ciddi bir məsələdir. Əsas olan əməliyyatın gec və ya tez bitməsi deyil. Əsas odur ki, az itki ilə bölgələr terroristlərdən təmizlənsin. Türkiyə ordusunun bunu bacaracağına inanıram. Ancaq bir mütəxəssis olaraq da söyləyə bilərəm ki, məsələ sadəcə olaraq Afrinlə bağlı deyil. Bunun arxasında Mənbiç olmazsa, ora da terror yuvalarından təmizlənməzsə Türkiyənin başı ağrımağa davam edəcək. Mənbiç məsələsində də əsas məsələ Türkiyənin ortağı sayılan Amerikanın davranışlarıdır. ABŞ NATO-dan müttəfiqi olan Türkiyənimi tutacaq, yoxsa bölgədə öz maraqlarını düşünüb ultra bolşevik bir qruplaşma ilə iş görəcək? Bu sualın cavabı da olduqca maraqlıdır ki, bunu da gedişat göstərəcək”.