İmzatoplama kampaniyasının son həftəsi - iddiaçılar Rusiyadakı seçki debatlarını izləyirlərmi?
Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı davam edən imzatoplama kampaniyasında son həftəyə daxil olduq. Bu günə olan məlumata əsasən, artıq 5 namizəd imza vərəqələrini MSK-ya təqdim edib. Bu namizədlər prezident İlham Əliyev və 4 deputat - Zahid Oruc, BAXCP sədri Qüdrət Həsənquliyev, MDHP rəhbəri Fərəc Quliyev və ASDP sədri Araz Əlizadədir.
Onlardan ölkə başçısının namizədliyi MSK tərəfindən qeydə alınıb.
MSK katibi Mikayıl Rəhimov bu həftə seçkilərlə bağlı maarifləndirici treninqlərin keçiriləcəyini söylədi: "Biz bunları 2002-ci ildən mütəmadi həyata keçiririk. Hər Dairə Seçki Komissiyasından iki nəfəri dəvət edirik. 250 nəfər dəvət olunacaq. Bu proses 4 gün Bakıda, daha sonra isə DSK-lar və məntəqə seçki komissiyalarında davam etdiriləcək. Indiyədək 15 nəfərə imza toplamaq üçün vərəqələr verilib. Ölkə prezidentinin sənədləri qayıdıb və artıq onun namizədliyini təsdiq etmişik. Mən biləni, 4-5 nəfərin bu günə qədər sənədləri qayıdıb. Konkret ad deyə bilmərəm. Amma Qüdrət Həsənquliyevin sənədlərinin qayıtdığını bilirəm. Xüsusi bir qayda var. Sənədlər qayıdır, ümumi şöbədə qəbul olunur, katiblikdə ekspertlərə göndərilir, araşdırma aparılır. Sonra MSK-nın iclasına təqdim olunur”.
Qeyd edək ki, hazırda Rusiyada martın 18-də keçiriləcək seçkilərlə bağlı namizədlər arasında gərgin debatlar keçirilir və bu Azərbaycanda da maraqla izlənilir. Ölkəmizdə də belə seçki debatlarının olub-olmayacağı, namizədlərin şimal qonşumuzdakı debatları izləyib-izləmədikləri, eləcə də, belə debatların olmasını istəyib-istəmədikləri ilə bağlı onların fikirlərini aldıq, eyni zamanda, hazırda seçki prosesi çərçivəsində hansı işləri gördükləri ilə də maraqlandıq.
Fərəc Quliyev: "Rusiyada namizədlərin ciddi bir şüarları yoxdur”
MDHP sədri Fərəc Quliyev Rusiyadakı debatları yaxından izlədiyini qeyd etdi: "Amma hesab etmirəm ki, o qədər savadlı və səviyyəli müzakirələr gedir. Daha çox platformaların, təşəbbüslərin və təkliflərin müzakirəsindənsə, xırda məsələlərin şişirdilməsi, populist şüarların qoyulması tipli məsələlər nəzərə çarpır. Sobçakın çıxışlarında bir qədər platforma xarakterli hissələr var. Digərlərində daha çox hay-küy salmaq, Rusiyanın gücünü istənilən formada Putinin başqa üzü kimi göstərmək istəkləri hiss olunur. Bu namizədlərin ciddi bir şüarları yoxdur. Biz də olacaq debatlarda daha çox düşüncə savaşı olmalıdır. Kim hansı düşüncəni, idarəetməni görürsə, onu təqdim etməyi bacarmalıdır”.
ADP sədri Sərdar Cəlaloğlu bu həftə imza vərəqələrini təhvil verəcəklərini qeyd etdi: "İmza vərəqələrimizin artıq yarıdan çoxu qərargaha daxil olub. Bizim müəyyən etdiyimiz son müddət martın 8-idir. Bu həftə biz rayondan gələn imzaları sistemləşdirəcəyik. Seçki dairələri üzrə nəzərdə tutulmuş 60 dairəni müəyyən edəcəyik. Ola bilər ki, kimsə saxta, qeyri-qanuni imzalar toplayıb, bunları araşdıracağıq. Qeydə alınmaq üçün qanunda nəzərdə tutulmuş bütün sənədləri də hazırlayacağıq. Bu həftə əsas işimiz seçki platformasının hazırlanması, seçki şüarlarının müəyyən edilməsi, plakatların hazırlanması olacaq. Təbliğat dönəmində bu prosesə qoşulacaq insanları da müəyyən edəcəyik. Namizədin vəkillərinin, səlahiyyətli nümayəndələrinin siyahısını, sənədlərini hazırlayıb MSK-ya təqdim etmək fikrimiz var. Respublika üzrə ən azı, 50 vəkil müəyyən etmişik. Çox intensiv iş gedəcək. Namizəd qeydə alınandan təxminən 10 gün sonra təbliğat dönəmi başlayacaq.
Bu baxımdan qeydə alınacağımız təqdirdə bütün təbliğat işlərimiz hazır olmalıdır. Ötən seçkidə olduğu kimi, bu dəfə də Türkiyədə hakim partiya olan AKP-nin vaxtı ilə apardığı siyasətə uyğun siyasət aparmaq istəyirik. Bu evbəev gəzməkdir - hansı ki, bu siyasət AKP-ni iqtidar etdi. Bizi intensiv bir həftə gözləyir. Bu seçkidə müxalifəti təmsil edən üç namizəd var. Yaşıma, dünyagörüşümə, təcrübəmə görə, belə hesab edirəm ki, müxalifətin aparıcı fiquru mən olacam - təbii ki, qeydə alınacağım təqdirdə. Biz uzun illərdir Azərbaycanda aparılan radikal müxalifətçiliyin effekt vermədiyini, beynəlxalq aləmdən dəstək ala bilmədiyimizi demişik. Faktiki nə qədər radikal mövqedən çıxış ediriksə, daha az adam proseslərə qoşulur. 2007-ci ildə qərar verdik ki, Rəsul Quliyevin rəhbəri olduğu dönəmlərdə aparılan radikal mövqedən imtina edək, yumşaq konstruktiv müxalifət mövqeyinə keçək. Müxalifətin ən böyük səhvi odur ki, demokratiyanın çoxluqdan ibarət olduğunu düşünür. Rusiyada hazırda gedən seçki kampaniyasında süni sürətdə gərginliklər yaradılır. Jirinovski kimi təlxəyi telekanala çıxarırlar və ağzına gələni danışır. Məsələn, prezidentliyə iddiaçı Sobçaka fahişə deyir. Bu şəxs prezident olmaq istəyir, xalqın gözü qarşısında xanim namizədi alçaldır, şərəf və ləyaqətini tapdalayır. İctimai diqqəti bununla Jirinovski yayındırmaq istəyir. Xalqın problemlərini kölgəyə salmağa çalışır. Tərəflər arasında bu cür gərginliklər olanda, bütün ölkələrdə seçki öz mahiyyətini itirir, qeyri-demokratik olduğunu əvvəldən göstərir”.
Tural Abbaslı: "Namizəd kimi qeydə alınsaq, çalışacağıq ki...”
AĞ Partiya başqanı Tural Abbaslı imzatoplama kampaniyasının son mərhələsində olduqlarını bildirdi: "Artıq paylanılan imza vərəqələrini geri toplayırıq. Demək olar ki, imzaların 3/2-i artıq seçki qərargahındadır. Gələn imza vərəqlərinin seçki dairələri üzrə qruplaşdırılması işini də aparırıq. Vərəqələrdəki bəzi çatışmazlıqlara seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq düzəlişlər edilir. Hələlik işlərimiz əvvəlcədən hazırladığımız iş qrafikinə uyğun gedir. Əgər hər şey planlaşdırdığımız kimi davam etsə, güman edirəm ki, martın 10-u və ya 11-i imzaları təhvil verəcəyik. Bacardığım qədər Rusiyada prezidentliyə namizədlərin debatlarına baxmağa çalışıram. Doğrudur, bəzən o böyüklükdə dövlətin rəhbərliyinə iddialılar özlərini statuslarına uyğun aparmırlar. Ancaq, nəzərə alanda ki, debatlarda daha çox emosiyalar rol oynayır, nəinki məntiq, o zaman qismən anlamaq olur. Deməzdim ki, Azərbaycanda da namizədlərin debatları hər zaman sakit və konstruktiv formada keçir. Belə ki bizim seçkilərdə də ”növbətçi namizədlər" debatlarda öz cızığından çıxarılır. Əslində bu namizədlərin kimlikləri xalqa çox gözəl aydındır. Biz namizəd kimi qeydə alınsaq, çalışacağıq ki, debatları öz planımız üzrə aparaq. Ancaq məlum məsələdir ki, bu yalnız bizdən asılı olmayacaq. İndiki mərhələdə bu barədə çox danışmağın tərəfdarı da deyiləm. Qeyd etdiyim kimi, bizim üçün hazırda əsas vəzifə imzaları toplayıb təhvil verməkdir".